İtaliyada 13 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna start verilib. “Qəbələ” qrup mərhələsini birnəfəsə keçib. “Qırmızı-qaralar” turnirə Bolqarıstanın “Sofiya Sport B” komandası üzərində 14:0 hesablı qələbə ilə start verib. Elmir Hüseynli poker, Sənan Ağalarov, Mirimran Musayev və Eşqin Əhmədli dubl edib. Okan Təhməzli, Ravil Qafarov, Hüseynağa Səlimov və Murad Ələkbərov isə hərəyə 1 qol vurub. Təmsilçimiz yerli “Liventina”nı 11 cavabsız qolla məyus edib. Elmir Hüseynli və Sadiq Şəfiyevin hərəyə 2 top vurduğu görüşdə Sənan Kərimov, Elvin Qarayev, Rüfət Bədəlzadə, Mirimran Musayev, Ravil Qafarov, Hüseynağa Səlimov və Murad Ələkbərov bir dəfə fərqlənib.
“Qəbələ” qrup mərhələsinin son oyununda daha bir İtaliya klubu “Ankona” ilə üz-üzə gəlib. “Qırmızı-qaralar”ın turnirin təşkilatçılarına müraciətinə əsasən qarşılaşmadan öncə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü stadionda italyan dilində elan olunub və soyqırım qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Qəbələ” rəqibini 3:1 hesabı ilə məğlub edib. Bu oyunda Elmir Hüseynli 2, Murad Ələkbərov 1 qol sevinci yaşayıb.
“Qəbələ” 1/8 finalda Xorvatiya “Hayduk”undan da güclü olub – 3:2. Hüseynli, Təhməzli və Şahin Şahniyarov rəqib torunu silkələyib. Bölgə klubu 1/4 finalda İsveçrə “Mendrisiotto Selection”u ilə münasibətləri aydınlaşdırıb və 5:1 hesablı qələbə qazanıb. “Qırmızı-qaralar”ın qollarını Murad Ələkbərov (2), Sadiq Şəfiyev, Elmir Hüseynli, Hüseynağa Səlimov vurub. “Qəbələ” yarımfinalda İngiltərənin “Uimbldon” komandasına penalty seriyasında uduzub (əsas vaxt 1:1 bitib) və bu gün 3-cü yer uğrunda oyunda Sloveniya “Bravo”suna rəqib olacaq.