Xəbər verdiyimiz kimi, FİFA referisi Ömər Paşayev martın 27-də beynəlxalq oyun idarə edib. O, 21 yaşlılar arasında keçirilən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə - Malta görüşündə söz sahibi olub. Türkiyənin Alanya şəhərinin Bahçeşehir Okulları Stadionunda reallaşan matç qardaş ölkə gənclərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Paşayev hər komandadan bir nəfər olmaqla, 2 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. Qeyd edək ki, görüşdə Ömərə Namiq Hüseynov və Mübariz Haşımov yardım edin. Matçda 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirib.
Ömər Paşayevin matçla bağlı fikirlərini öyrəndik: “Oyun maraqlı mübarizə şəraitində keçdi. Bildiyiniz kimi, Antalya toplanışından sonra səhhətimdə problem yaranmışdı. Bu səbəbdən fasilədən gec qayıtdım. Praktikamın azlığı müəyyən mənada özünü göstərdi. Mövqe seçimində və başqa məsələlərdə geri qaldığım məqamlar olurdu. Əsas odu ki, çatışmazlıqları bilirəm. Bunu aradan qaldırmaq üçün daha çox çalışmaq lazımdı. Bizim ən yaralı yerlərimizdən biri oyun sayının az olmasıdı. Say bir qədər çox olarsa, praktika baxımından problemimiz qalmaz. Oyunun inspektoru rusiyalı idi. Müəyyən məsələləri müzakirə etdik. Bizimlə çox yaxşı danışdı. Düşünürəm ki, bizi də diqqət mərkəzində saxlayacaqlar. Yaxşı idarə etdiyimiz oyundan sonra növbəti təyinatları gözləyirik”.
MİRAĞA