Zaur Axundov Raufun “Qəbələ”yə keçəcəyini bilirmiş
Rauf Əliyevin “Qəbələ”yə keçidi kifayət qədər təəccüblü göründü. Əslində isə gözlənilirdi. Hücumçu hər dəfə müqaviləsinin son aylarını yaşayanda adı “Qəbələ” ilə yanaşı çəkilirdi. Hətta ötən yay “Kukesi”yə keçməmiş də bölgə təmsilçisi ilə anlaşdığı deyilirdi. Lakin rəsmi keçid bir neçə gün əvvələ təsadüf etdi.
Açığı, Raufun “Qəbələ” formasında gülərüz şəklini görəndə, ilk ağlıma gələn Zaur Axundov oldu. Həmin şəxs ki, hələ ötən yay Raufu Albaniyaya yollandığına görə “ağ yuyub, qara sərirdi”. Hadisələrin sonrakı axarı da “Keşlə”yə cavabdehlik daşıyan şəxslə futbolçu arasındakı münasibətlərin qaydasında olmadığını göstərdi. Yanvarda Rauf Azərbayacana qayıdıb klubsuz qalanda, karyerasını davam etdirə biləcəyi yeganə klub “Keşlə” idi. Lakin alınmadı. Axundov Əliyevə uzunmüddətli müqavilə şərtləri təklif edir, hücumçu isə bundan yayınırdı. Məqsədi qırmızı formanı cari mövsümün sonuna qədər geymək idi ki, Zaur bəy bununla razılaşmırdı. Halbuki içi Yuri Maksimov daxil, “Keşlə”nin bir çox futbolçuları ilə mövsümün sonuna qədər anlaşma əldə olunmuşdu. Yalnız Raufa olan münasibətin arxasında, hüç şübhəsiz, Axundovun prinsipiallığı dururdu. Futbolçuya yaydakı hərəkətinə görə layiqli cavab vermək istəyirdi. Mətbuata açıqlamasında “mən Raufla danışmamışam, özü mənə xəbər göndərib” şəklində açıqlama verməsi də görünən kəndə bələdçinin lazım olmamasına işarə edir.
Hər nə isə, Əliyevin “Keşlə”ylə münasibətlərinə çoxdan son qoyulub. Bundan sonra yeni komandasının uğurları üçün tər tökəcək. Hətta cari mövsümdə olmasa da, növbəti birincilikdə Zaur Axundovun nəzarətində olan “Keşlə”yə qarşı oynayacaq. Maraqlıdı, həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvü və Futzal Federasiyasının rəhbəri olan Axundov xəbəri eşidəndə hansı hisslər keçirib? Rauf Əliyevin “Qəbələ” perspektivini necə görür? “Mənim üçün gözlənilməz olmadı. Raufun “Qəbələ”yə keçəcəyini bilirdim. Nə deyə bilərəm? Uğurlar arzulayıram, hər iki tərəfə xeyirli olsun. Bu, “Qəbələ” rəhbərliyinin şəxsi fikridi. Yəqin baş məşqçinin oyun planına uyğun gəlir deyə müqavilə bağladılar. Rauf Azərbaycan futbolunda tanınan hücumçudu. Klubun maraqlarına uyğun gəlməsəydi, anlaşmazdılar. Açığı, xəbəri oxuyanda adi yanaşdım. Futbolçu həyatıdı da, bir gün burda oynayar, sabah başqa komandada. O qədər belə şeylərə rast gəlmişik ki... “Keşlə”yə vaxt keçirmək üçün gəlmək istəyirdi. Ona görə də 3-4 aylıq müqavilə şərtinə razı olmamışdım. “Keşlə”də yaxşı forma yığıb, başqa kluba keçmək idi niyyəti. Mən də yaxşı bilirdim. “Qəbələ”nin Raufa hansı maliyyə şərtlərini təklif etdiyini bilmirəm. Nə veriblərsə, verəcəklərsə, halal xoşu olsun. Biz də ona pul verirdik də, pulsuz heç kim oynamaz axı. “Qəbələ”də necə çıxış edəcəyini zaman göstərəcək. Rauf bacarıqlı futbolçudu, yaxşı qol duyumu var. Bunu hamımız bilirik. Bacardığını artıqlamasıyla ortaya qoyub, əvvəlki günlərini xatırlada bilsə, “Qəbələ”yə köməyi dəyəcək. Onun inkişafı yığma üçün də xeyirdi. Yenə deyirəm, heç bir problem yoxdu, Raufa da, “Qəbələ”yə də uğurlar arzulayıram”.
HƏBİB