Alesio: “Maksimuma nail olmağa çalışacağıq”
Hələ bir ay əvvəl Bakıda Tələbələrin Universiadasına hazırlıq işlərinin getdiyini xəbər vermişdik. Onu da qeyd etmişdik ki, yarış çərçivəsində futzal turniri də keçiriləcək və komandamıza əsas millinin baş məşqçisi Joze Alesio da Silva başçılıq edəcək. Artıq uzaq yaxın oldu və Universiadanın startına bir həftədən də az qaldı. “Birinci Türk Universitetləri İdman Oyunları (Türk Universiadası)” aprelin 4-dən 11-dək Bakıda keçiriləcək. “Türk Universiadası”nın proqramına daxil edilən futzalla bağlı qaydalara əsasən, yarışda turnirin startına qədər 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər. Millimiz qalib adı uğrunda Türkiyə, Qazaxıstan və Qırğızıstan ilə mübarizə aparacaq. Oyunlar aprelin 5-i, 6-sı və 8-də Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək.
Millimiz dünəndən etibarən yarışın hazırlığına başlayıb. Komanda Joze Alesio da Silvanın rəhbərliyi altında məşqləri Bakı İdman Sarayında həyata keçirir. Alesioya Namiq Quliyev kömək edir. Məşqlərə 18 futzalçı dəvət olunub. Oyunlar zamanı isə baş məşqçi ikisi qapıçı olmaqla, ümumilikdə 12 futzalçının xidmətindən yararlana biləcək. Toplanışa dəvət edilən oyunçuların siyahısını nəzərinizə çatdırırıq: Rövşən Hüseynli, Ramiz Çovdarov, Oktay Rüstəmli (hamısı “Araz”), Kamran Hacıyev, İbrahim Zeynalov, Tofik Əliyev, Rüstəm Bağırzadə (hamısı “Marafon”), Nihad İsmayılov, Eşqin Tağıyev, Raqif Eyvazov (hamısı FK.İD), Elçin Zeynalov, Əli Həsənov, Yamin Ağakərimzadə (hamısı “Xəmsə”), Fərid Atakişiyev (Ekol), Mirmehdi Rzayev (ADBTİA), Vüsal İsayev, Qüdrət İsmayılov (hər ikisi “Baku Fire”), Vladislav Vorobyov (Yasamal).
Joze Alesio da Silva hazırlıq planı ilə bağlı Futzal Federasiyasının rəsmi “feysbuk” səhifəsinə açıqlama verib: “Məşqlərə bu gün başlamışıq. İlkin heyətimiz də məlumdu. Düzdü, yekunda bizə 10 meydan oyunçusu və 2 qapıçı lazımdı. Amma heyətə 18 nəfər cəlb etmişik. Yəni indiki məqamda toplanış həm də seleksiya xarakteri daşıyır. Vaxtımız çox azdı. Bir qədər əvvəldən toplanışa başlamaq istərdik, amma bayramlar buna imkan vermədi. Çalışacağıq qarşıdakı günlərdən maksimum istifadə edək”.
Braziliyalı mütəxəssis rəqibləri də dəyərləndirib: “Rəqiblərimiz məlumdu. Türkiyə və Qırğızıstanı deyə bilmərəm, amma Qazaxıstanı yaxşı tanıyırsız və potensialına bələdsiz. Şanslara gəlincə, çox çətin olacaq. Türkiyə və Qırğızıstan haqda məlumat toplayacağıq. Ancaq Qazaxıstanla qarşılaşmanın çox çətin keçəcəyi danılmazdı. Çünki onlar gənc futzalçıların yetişdirilməsi işinə çoxdan başlayıblar. 17-18 yaşlı oyunçular artıq “Kayrat”, “Ayat”, “Aktobe”, “Jetısu” kimi komandaların üzvləridi. Yəni qazaxlar işə əvvəldən başlayıblar və əllərinin altında hazır gənc futzalçılar var. Qazaxıstanda iki-üç ildi gənclərdən ibarət komandalar yaradılıb. Bura 17-21 yaşlı futzalçılar cəlb olunub. Bu da məşqçi üçün geniş seçim imkanı yaradır”.
Alesio “açıqladığınız heyətdə yer alan futzalçıların əksəriyyəti yüksək liqada çıxış edən oyunçulardı. Belədə şikayət etməyə bu qədər əsas varmı” sualına belə cavab verib: “Komanda ilə bağlı müəyyən planlarım, düşüncəm var. Bu yarışa ciddi hazırlaşacağıq. Çünki komandanın məqsədi maksimum nəticə əldə etməkdi. Yenə deyirəm, çətin olacaq, ancaq mümkünsüz iş yoxdu. Məşqlərdə müəyyən tapşırıqlar üzərində işləyəcəyik. Düzdü, hazırlıq keçdiyimiz müddətdə çempionat oyunları da keçiriləcək. Ancaq bunun işimizə mane olmayacağına inanıram”.
Millinin çalışdırıcısı birinci liqada çıxış edən 17 yaşadək futzalçılardan ibarət yığmanın üzvlərini nəzarətdə saxladığını qeyd etməklə yanaşı, bu yarışa həmin komandadan oyunçu dəvət etməməsinin səbəbini də açıqlayıb: “O komandada perspektivli uşaqlar var. Ancaq onların əksəriyyəti əvvəllər futbol oynayıblar. İndi-indi futzal oynamaq istəyirlər. Futbolla futzal isə fərqli idman oyunudu. Meydandan tutmuş topa, oyun fəlsəfəsinə qədər bir-birindən fərqlənir. Ona görə də gənclər üzərlərində çox işləməlidilər. Bu komandanın oyunlarını mümkün qədər izləyirəm, ehtiyac duyulduqda məsləhətlər verirəm. Hər dəfə də deyirəm ki, çalışın özünüzü inkişaf etdirəsiz. Bunun üçün də çoxlu məşqlər etmək, məşqçilərin dediklərini qavramaq və onu tətbiq etməyə çalışmaq vacibdi”.