Yoldaşlıq oyunu
237. Azərbaycan – Makedoniya 1:1 (1:1)
1. Kamran Ağayev (k)
24. Ürfan Abbasov
15. Ruslan Abışov
5. Maksim Medvedev
21. Tural Axundov
(6. Rahil Məmmədov, 75)
2. Qara Qarayev
20. Riçard Almeyda
(16. Rəşad Eyyubov, 78)
9. Namiq Ələsgərov
(17. Rəhman Hacıyev, 69)
13. Dmitri Nazarov
(25. Cavid İmamverdiyev, 59)
7. Araz Abdullayev
(8. Emin Mahmudov, 90)
19. Amil Yunanov
(10. Ruslan Qurbanov, 59)
Ehtiyat oyunçular
12. Rəşad Əzizli
23. Səlahət Ağayev
18. Coşqun Diniyev
22. Şəhriyar Rəhimov
28. Asif Məmmədov
Baş məşqçi: Qurban Qurbanov
1. Stole Dimitrievski
13. Stefan Ristovski
4. Kire Ristevski
6. Visar Muslui
14. Darko Velkovski
(3. Qyoko Zaykov, 80)
16. Boban Nikolov
(5. Arian Ademi, 69)
11. Enis Bardi
(8. Ezuon Alioski, 59)
19. Maryan Radeski
7. İvan Triçkovski
(23. İliya Nestorovski, 59)
9. Aleksandr Traykovski
10. Qoran Pandev (k)
(20. Stefan Spirovski, 46)
Ehtiyat oyunçular
12. Deyan İliyev
2. Kristian Toşevski
Baş məşqçi: İqor Angelovski
Qollar: R.Almeyda, 6-p. (1:0). A.Traykovski, 21- p. (1:1).
Vərəqələr: M.Radeski, 41. K.Ristevski, 43. Q.Qarayev, 55. R.Məmmədov, 85. S.Spirovski, 90+2 – sarı.
Hakimlər: HALİS ÖZKAHYA, Kamal Yıldırım, Kərəm Ərsoy, Əli Palabıyık (hamısı Türkiyə).
27 mart. Antalya. “Mardan” stadionu. 150 tamaşaçı.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Moldova və Belarusla müqayisədə Makedoniyanın adı daha gur səslənirdi. Düzdü, bu komanda beynəlxalq miqyasda ciddi uğurlara imza ata bilməyib. Amma futbolçuların hansı klublarda çıxış etməsi və indiyə qədər şəxsi görüşlərdəki göstərici makedonları bir addım qabağa atırdı. Start heyətində yer alan Pandevin “Cenoa”nın, Ristovskinin Lissabon “Sportinq”inin, Bardinin “Levante”nin, Dimitrievskinin “Ximnastik”in, Traykovskinin “Palermo”nun, Triçkovskinin AEK-in formasını geydiyini xatırlatmaq kifayətdi. Bizdə isə düz-əməlli legioner həyatı yaşayan bir Araz Abdullayevdi. Yəni iki komandanın futbolçularının təcrübəsi və bacarığı arasındakı müqayisədən danışmaq artıqdı.
Başqa bir məqam balkanlılarla indiyə qədər baş tutan 6 oyunun 5-də rəqibin qələbə qazanmasıydı. Təkcə top fərqindəki üstünlük (13:4) nəyə desən, dəyərdi. Odu ki, oyundan əvvəl Pandevli Makedoniyanın favorit göstərilməsi təsadüfi deyildi. Belə deyək, yığma bu rəqibə uduzsaydı belə, ciddi mənada qınanmayacaqdı. Faktiki bütün cəhətlərdə bizimkilərdən üstündülər.
Qurban Qurbanov Belarusla matçla müqayisədə 5 dəyişikliyə əl atmışdı. Zədəli Paveli Tural, Şəhriyarı Ürfan, Coşqunu Qara, Ruslan Qurbanovu Araz, Cavidi Nazarov əvəzləmişdi. Bu heyətin nəyə qadir olduğunu, nə ilə yadda qalacağını 90 dəqiqə göstərəcəkdi.
Oyunun ilk dəqiqələrində bizimkilərin əsas diqqəti müdafiəyə ayırıb, əks-hücumlara bel bağlayacağını düşünənlər gümanında yanıldı. Rəqib futbolçular oyunun atmosferinə düşməmiş Qurbanovun yetirmələri ilk təhlükəli hücumu gerçəkləşdirdi ki, Amilin qol vurmasına laysmanın ofsayd qərarı mane oldu. İkinci hücumda hesab açıldı. Oyunboyu sağ cinahda faəllığıyla seçilən “Anortosis”in üzvünün qapı qarşısına ideal asmasını Namiq başla tamamlamaq istəyirdi ki, rəqib müdafiəçi Ələsgərovu sol əliylə itələyib penaltiyə səbəbkar oldu. Topun başına keçən Riçard az qala şansı boşa verəcəkdi. Di gəl ki, öncə Dimitrievskinin əlinə, daha sonra dirəyə dəyən top sonda tora qovuşdu. Bu, Qurbanovlu millinin ilk qolu idi. Qoldan sonra makedoniyal;lar “yuxudan ayıldı”. Sürət və dəqiq ötürmələr hesabına təmsilçimizə çətin anlar yaşadan balkanlılar bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın oldu. 9-cu dəqiqədə Turalın kobud səhvini irəli çıxan Kamran “sığortaladı”. Ağayev 5 dəqiqə sonra növbəti dəfə tribunadakıların alqışını qazandı. Təcrübəli qapıçı bu dəfə Bardinin baş zərbəsinə əla reaksiya göstərməklə xilaskar rolunu oynadı. Bir dəqiqə sonra Kamranın rəqib həmkarı bacarığını ortaya qoydu. İstər Namiqin qüvvətli zərbəsini, istərsə də Stolenin seyvini görməyə dəyərdi. Tablodakı rəqəmləri sona qədər xeyrimizə görmək arzumuz çox keçmədən “suya düşdü”. Abışovun Pandevə qarşı kobudluğunu baş hakim cərimə meydançası kənarında qayda pozuntusu kimi qeydə alsa da, VAR-ın köməyindən yararlanan Cüneyt Çakırın göstərişindən sonra referi “nöqtə”ni göstərdi. Traykosvki Kamrana şans tanımadı. Hesab bərabərləşəndən sonra da oyun sürətini itirmir, meydandakı mübarizə daha da artırdı. Rəqibin topa nəzarət etməsinə baxmayaraq, real təhlükə yenə bizimkilərdən gəlirdi. 29-cu dəqiqədə Amil Arazın ötürməsinə ayaq qoya bilmədisə, bir neçə saniyə sonra Namiqin cinah keçidindən sonra Yunanova vermək istədiyi topu Dimitrievski son anda ayağıyla dəf etdi. Halbuki top Amilə çatsaydı, yığma yenidən hesabda önə keçəcəkdi. Hissənin sonlarına yaxın Traykovskinin dubl etməsinə bu dəfə də Kamran imkan vermədi.
İlk yarıda xeyli güc sərf edən futbolçuların fasilədən sonra “oturacağı”, bununla da oyunun tempinin nisbətən düşəcəyi gün kimi aydın idi. O cür tempi sona qədər saxlamaq üçün meydandakıların azı yarısı İngiltərə premyer-liqasında oynamalıdı. Odu ki, ikinci yarıda təhlükəli vəziyyətlərin sayı xeyli azaldı. Yorğunluq, üstəgəl baş məşqçilərin əvəzetmələri istər-istəməz oyunun axarına təsir göstərirdi. Buna baxmayaraq, millimiz qol imkanlarını sıraladı. 54-cü dəqiqədə Namiqin Riçarda ideal ara ötürməsini qola çevirməyə “20 nömrə”nin ləngliyi mane olunca, qapıçı topa sahib oldu. 58-ci dəqiqədə isə Nazarov oyunda ən real şanslardan birini, hətta deyərdik ki, birincisini boşa verdi. Amil Almaniyada legioner həyatı yaşayan Dmitriyə elə bir ötürmə verdi ki, onu qola çevirməmək futbol adına günah idi. Di gəl ki, heç kimin mane olmadığı təcrübəli futbolçu penalti nöqtəsinin düz üstündən 7 metrlik qapının torunu yox, qapıçını nişan aldı. Yəni o cür fürsəti boşa vermək...
Son 10 dəqiqədə yetərincə yorğun görünən həmyerlilərimiz ötürmələrdə kobud səhvlərə yol verir, sürətdə uduzduqları rəqib futbolçuların qarşısını qayda pozuntusu hesabına alırdılar. 84-cü dəqiqədə Traykovski Nesterovskiyə ötürmə vermək əvəzinə topa qeyri-dəqiq zərbə vuranda, növbəti dəfə dərindən “ah” çəkib oyunun başa çatacağını bildirən fiti gözləməli olduq.
Düzdü, yığma bu dəfə də fantastik oyunla yadda qalmadı. Amma Moldova və Belarusla qarşılaşmalardan fərqli, hücumların təşkilində və təhlükəli vəziyyətlərin yaradılmasındakı inkişaf diqqəti çəkdi. Hər şey yaxşıya doğru gedir. Bircə qalır son zərbəni vurmaq. Bunu da bacarsaydılar, Makedoniya lənətinə son qoyulacaqdı.
Reaksiyalar
Qurban Qurbanov: “Belə rəqibə qarşı oynamağı çox istəyirdim. Meydanda həm sürət, həm də mübarizə görmək istəyirdim. Futbolçular belə oyunlara öyrəşməlidilər. Hər birindən razı qaldım, çox istəkliydilər. Hətta məğlub olsaydıq belə, oyundan razı qalacaqdım. Belarusla görüşdən sonra müəyyən psixoloji gərginlik var idi. Amma bu oyuna özlərini hazırlaya bildilər. Ən vacibi meydanda çox yaxşı bir kollektiv gördüm. Qalib gələ, məğlub ola bilərdik. Oyunun axarı məni razı saldı. Belarusla matçdan sonra “təkbətək mübarizələrdə uduzurduq” demişdim. Statistika da mən deyəni təsdiq etmişdi. Lakin bu gün fiziki cəhətdən bizdən üstün olan rəqib oyunçularla mübarizədən razı qaldım. Tam istədiyim futbolu görməsəm də, istədiyim mübarizəni gördüm. Bu gün diqqət və konsentrasiya yaxşı idi. Fikrimcə, budəfəki təlim-məşq toplanışının sonucu pis alınmadı. Futbolçularla görüşlərimiz, söhbətlərimiz oldu. Belarusla Bakıda oynayırdıq deyə, ola bilsin, həyəcan daha çox idi. VAR-ın tətbiqinə gəlincə, məncə, ədalətli oldu. VAR sistemi olmasaydı, bəlkə də onların haqqına girəcəkdik”.
İqor Angelovski: “Maraqlı oyun oldu. Nəticədən razı qalmadım, amma oyun haqda yaxşı fikirdəyəm. Millətlər Liqasından öncə qarşımızda aydın foto var və nə edəcəyimizi bilirik. Şansalar yaratdıq, bəzi məqamlarda son ötürmələrdə dəqiqlik çatmadı. Amma nəzərə alaq ki, bu, sadəcə, yoxlama oyunudu. Pandev zədələndiyi üçün oyunu davam etdirə bilmədi. Ümid edirəm ki, ciddi xəsarət almayıb və klubunda çıxışını dayandırmayacaq.
VAR yeni sistemdi. Oyun davam edərkən skamyadan hər şeyi görə bilmirik. Amma fikrimcə, Nikolovun üzünə dirsəklə vuran azərbaycanlı oyunçu qırmızı vərəqə almalı idi. Nəticədə hakim elə qərar verdi və biz də ona razı olmalıyıq. Mən, adətən, hakimlərin qərarlarını müzakirə etmirəm”.
Kamran Ağayev: “Qələbə qazanmaq istəyirdik. Rəqibin bir neçə futbolçusu güclü klublarda çıxış etsə də,vacib olan komanda şəklində bir-birimizi başa düşməkdi. Gördüyünüz kimi, hər iki qol penalti zərbəsindən sonra vuruldu. Matç heç-heçə bitsə də, üstün tərəf biz idik. Xüsusilə də ikinci hissədə onlara real qol vəziyyəti yaratmaq imkanı vermədik. Əvəzində biz yaxşı oynadıq, hətta hesab arasındakı fərqi artırmağa da yaxın olduq. Yoldaşlıq oyunu olsa belə, meydana yalnız qələbə qazanmaq üçün çıxmışdıq. Çünki oyunun statusundan asılı olmayaraq, ölkəmizi təmsil edirik”.
Tural Axundov: “Rəqibin güclü komanda olduğunu bilirdik. Buna baxmayaraq, oyunlarını təhlil etmişdik. Güclü tərəflərini “bağlamaq” tapşırığı verilmişdi ki, yerinə yetirməyə çalışdıq. Vurduğumuz qoldan başqa bir neçə real şansımız da oldu. Ümumilikdə yığma yaxşı oynadı. Belə davam etsək, yüksək hədəflər uğrunda mübarizə apara bilərik. Qapımıza təyin olunan penalti zərbəsi zamanı qaydanın harda pozulduğunu bilmədim. Ona görə də şərh vermək çətindi. Hakimlər qərarı dəyişdisə, yəqin ki, penalti var idi. Milliyə çağrılmaq, yerimi möhkəmləndirmək üçün əlimdən gələnin ən yaxşısını edəcəm”.
Ürfan Abbasov: “Makedoniya yığmasının güclü futbolçulardan qurulmuş yaxşı komanda olduğunu bilirdik. Baş məşqçi lazım olan tapşırıqları vermişdi, bizim işimiz də onları yerinə yetirmək idi. Məncə, pis oynamadıq. Təəssüf ki, qol imkanlarından yararlana bilmədik. Yığmada oynamaq hər bir futbolçunun arzusudu, o cümlədən mənim. Klubda əlimizdən gələni etməyə çalışırıq ki, daim milliyə cəlb olunaq”.
HƏBİB