Vaqif Heydərli: “Klubla aramızda olan anlaşmaya əsasən...”
Ötən yay Praqa “Slaviya”sı ilə anlaşan “Qəbələ”nin yetirməsi Fərid Nəbiyevin sənəd problemi ilə üzləşdiyini ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, U-21-in də şərəfini qoruyan yarımmüdafiəçi Çexiyada işçi vizası almadığından onun “Slaviya”nin heyətində meydana çıxmasına qadağa qoyulub. Bu üzdən qış fasiləsindən sonra Nəbiyev oyun təcrübəsindən məhrum olub.Həmin vaxt məsələ ilə bağlı qəzetimizə açıqlama verən futbolçunun agenti Vaqif Heydərli problemi yoluna qoymaq üçün lazım olan sənədləri Çexiyanın ölkəmizdəki səfirliyinə təqdim etdiklərini, martın 27-də onlara baxılacağını bildirmişdi. Vaqif bəy “sənədlə bağlı məsələ uzanacağı halda Fərid icarə əsasında başqa kluba yollana bilər” deməyi də unutmamışdı. Görünür, bu xəmirin hələ çox su aparacağını görən agent müştərisinin futbolsuz qalmaması üçün alternativ varianta əl atmağa məcbur olub. Belə ki, bugünlərdə Fəridin karyerasını Gürcüstanda davam etdirəcəyi xəbəri yayıldı. Artıq bir neçə gündü “Qırmızı körpü”nün o tayında olan U-21-in üzvü qonşu ölkənin birinci liqasında mübarizə aparan “Şevardeni” ilə müqavilə bağlayıb. Nəbiyevin Gürcüstanın birinci dəstəsində çıxış edən komanda ilə müqaviləsinin müddəti 2 aylıqdı. Martın 31-də Gürcüstan çempionatında debüt edəcək futbolçumuz mayın sonuna kimi qonşu ölkənin ən köklü klublarından birinin şərəfini qoruyacaq.
Bu yerdə ortaya sual çıxır: Azərbaycanın ən perspektivli gənclərindən biri sayılan Fərid niyə məhz Gürcüstan çempionatına üz tutdu? Özü də birinci dəstə təmsilçisinə? Avropada çempionatı “yaz-payız” sistemi ilə keçirilən, səviyyəsi Gürcüstandan qat-qat yüksək olan yetərincə ölkə var. Elə uzağa getmədən Qazaxıstanı nümunə göstərmək olar. Heç kimə sirr deyil ki, bu ölkə hazırda futbolunun səviyyəsinə görə Gürcüstanı qabaqlayır. Qazaxıstanda mövsüm hələ start götürmədiyindən “transfer pəncərəsi” də açıqdı. Və yaxud bu yaxınlarda millinin yoldaşlıq oyununda üz-üzə gəldiyi postsovet respublikası olan Belarus. Elitasında 16 komandanın çıxış etdiyi çempionatda da Nəbiyevə klub tapmaq problem olmazdı. Onu da qeyd edək ki, Belarus Avropaya daha yaxındı, nəinki Gürcüstan.
“Slvaiya” ilə 3 illik müqaviləsi olan Fəridin “Şevardeni”yə keçidinin səbəblərini öyrənmək üçün futbolçunun agenti Vaqif Heydərlini aradıq. Vaqif bəy məsələyə belə reaksiya verdi: “Həm Azərbaycan, həm də ölkə xaricindən bir neçə klub Fəridi heyətində görmək istəyirdi. Ancaq bizdə “transfer pəncərəsi” bağlandığından və futbolçu azad agent olmadığından bu variant alınmadı. Qazaxıstan isə Gürcüstanla müqayisədə bir qədər uzaqdı. Onsuz da Nəbiyev cəmi iki ay “Şevardeni”də top qovacaq. Bizim əsas məqsədimiz futbolçunun oyun təcrübəsindən məhrum olmaması idi. Onu da qeyd edim ki, klubla aramızda olan anlaşmaya əsasən Çexiyaya dönmək üçün tələb olunan sənədlər müqavilədə göstərilən müddətdən daha tez hazır olacağı halda, Fərid klubun düşərgəsini tərk edə bilər. Gürcüstan elitasında çıxış edən Tiflis “Dinamo”su, “Sioni” və “Samtredia”da müştərimin xidmətində maraqlı idi. Sadəcə, adını çəkdiyim klublar futbolçunun 1 illik icarəyə götürmək istəyirdilər ki, bu da bizə sərf etmir. “Şevardeni” qonşu ölkənin ən köklü klublarından biridi və heyətində elita təcrübəsi olan xeyli futbolçu var. Bundan başqa, düşərgədə braziliyalı legioner də yer alıb. Böyük ehtimalla, komanda növbəti mövsüm güclülər dəstəsinə vəsiqə qazanacaq. Klubun baş məşqçisi də PRO kateqoriyalı mütəxəssisdi. Komanda Tiflisdə məskunlaşıb və çempionat oyunlarını millinin bazasında keçirir. Özlərinin isə ayrıca bazası var”.
RƏŞAD