Bolqarıstanın paytaxtı Sofiyada 56-cı “Dan Kolov - Nikola Petrov” turniri başa çatıb. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) polşalı Bartlomey Klimek (tuşe), rumıniyalı İliye Koyokari (9:0) və yarımfinalda türk Cengiz Arslana (5:1) qalib gələrək finala çıxıb. Həlledici görüşdə Fransanı təmsil edən Evrik Nikoqosyanı 87 saniyəyə 8:0 hesabıyla üstələyən Çunayev qızıl medal qazanıb. Elman Muxtarov (67 kq) startda türk Murat Fıratla (0:8) bacarmasa da, təsəlliverici görüşdə yapon Şimoyamada Tsuçikaya (8:0), bürünc medal uğrunda görüşdə isə türk Volkan Çakıla (8:2) gücünü göstərib. Mariya Stadnik (50 kq) fransız Tabata Qrunevald (11:0), polşalı Aqata Valerjak (10:0)
və rus Nadejda Sokolovanı (14:4) vaxtından əvvəl yenərək finala çıxıb. Titullu güləşçimiz finalda rusiyalı Milana Dadaşovaya da şans tanımayıb - 14:4. Elis Manolova (65 kq) yunan Tsaknaki Virciniya (tuşe) və rus Yelizaveta Sorokinanı (6:2) məğlub etdikdən sonra çex Atela Hanzliçkovaya uduzub – 1:3. Ancaq təmsilçimiz macar Qabriela Sleyşə 7:3 hesabıyla qalib gələrək bürünc medal qazanıb.