Ramal Amanov peşəkar rinqdə növbəti döyüşünü keçirib. Gəncəli idmançı ilk dəfə ABŞ-da döyüşüb. Buna qədər peşəkar boksda bütün görüşlərini Rusiyada keçirən və 11 döyüşün hamısında qələbə qazanan 33 yaşlı əlcək ustası bu dəfə okeanın o tayında sözünü deyib. Amanov martın 24-də Mayamidə Mattias Qarsiya ilə qarşılaşıb. Buna qədər hesabında 17 qələbə, 15 məğlubiyyət və 1 heç-heçə olan argentinalı boksçu rinqi məyus tərk edib. Ramal texniki nokautla 12-ci döyüşdə 12-ci qələbəsini bayram edib. Hazırda həmyerlimiz orta çəkidə 2064 iştirakçı arasında 25 xalla 218-ci pillədə qərarlaşıb. Siyahıya avstraliyalı Ceff Horn (610 xal) başçılıq edir.