Qurbanov “Qarabağ”ın oyunçusunu Antalyaya aparmadı
Əsas yığmanın Belarusa məğlub olduğu oyunda iki futbolçunun – Araz Abdullayevlə Elvin Yunuszadənin adının iştirak ərizəsində olmaması təəccüb doğurmaya bilməzdi. Düzdü, Elvin onsuz da əsas heyət üzvü sayılmır. Amma “Anortosis”də əla mövsüm keçirən Arazın kənarda qalması...
Hamı toplantıda, Arazla Elvin harda?
Heç şübhəsiz, məsələnin kökü dərin idi. Bir gün öncəki məşqdə iştirak edən futbolçuların hər ikisinin zədə, yaxud xəstəlik səbəbindən sıradan çıxması inandırıcı deyildi. Hansısa intizamsızlığın “qurban”ına çevrilmələri daha real görünürdü. Qarşılaşmadan sonrakı mətbuat konfransında həmkarımızın bu iki futbolçuyla bağlı Qurban Qurbanova ünvanladığı sualdan sonra əsl səbəb üzə çıxdı. Qurbanov xırdalığa varmasa da, üstüörtülü şəkildə Yunuszadə ilə Abdullayevin intizam qaydalarını pozduqlarına görə kənarda qaldıqlarını gizlətmədi.
Bakı balaca şəhərdi və burda istəsən də, nəyisə gizlətmək mümkün deyil. Odu ki, Qurban bəyin dediklərindən heç bir saat keçməmiş mətbuatda hadisənin təfərrüatı haqda xəbər yayıldı. Məlum oldu ki, hər iki futbolçu oyun günü komandadaxili iclasa gecikib. Lap dəqiq desək, otaq yoldaşları yatıb qalıblar.
Əlbəttə, Qurban Qurbanov kimi sərt xarakterli və intizam tərəfdarı olan biri üçün futbolçunun yatıb qalması qəbulolunmazdı. “Qarabağ”dakılar təcrübəli mütəxəssisin iş metoduna bələddi, amma bir çoxları üçün Qurbanov “sirli qutu”du. Odu ki, baş məşqçinin işə başladığı ilk vaxtlardan sərt üzünü göstərməsi təəccüblü görünməməlidi. Yığmanın toplanışı zamanı, həm də günün günorta vaxtı necə yatıb qalmaq olar axı?
Elvinə baha başa gəldi
Qurban bəy elə həmin mətbuat konfransında daha bir sualı cavablayarkən bildirmişdi ki, onlardan birinin Makedoniya ilə oyun üçün Antalyaya aparılmaması mümkündü. Nişangahın Elvinə tuşlanacağı gözlənilən idi. Sonda belə də oldu. Abdullayevdən fərqli, Yunuszadə Türkiyəyə yollanan heyət üzvləri arasında yer almadı. Bu da səbəbsiz deyildi. Əvvəla, Elvin Qurban Qurbanovun rəhbərliyi altında həm də “Qarabağ”da top qovur. 5 ildən çoxdu çalışdığı mütəxəssisin xarakterinə və iş prinsiplərinə bələddi deyə, ilk növbədə o və onun kimilər başqalarına nümunə olmalıdı. Bu gün “Qarabağ”da oynayan futbolçunun yatıb qalması sabah Dmitri Nazarovun, yaxud Cavid İmamverdiyevin daha artığını etməsinə şərait yarada bilər. Ona görə də baş məşqçi Arazla müqayisədə Elvinə münasibətdə daha sərt mövqe tutdu.
Atmaca kimə ünvanlanmışdı?
Amma bu da son deyildi. Qurbanov etdiyi əmələ görə ucaboy müdafiəçini “Qarabağ”ın əsas komandasından da kənarlaşdırıb, əvəzedici heyətə göndərdi. Düzdü, kənardan anormal görünə bilər. Kimsə deyə bilər ki, millidəki intizamsızlığın “Qarabağ”a nə dəxli var? Amma söhbət fərddən və dəfələrlə təkrarlanan əməldən gedirsə, baş məşqçinin qərarı anlaşılandı. Hələ bizə məlum olmayan nələrsə də var ki, indiyə qədər mətbuat səhifələrinə çıxmayıb. Heç şübhəsiz, Yunuszadənin də ilk səhvi olsaydı, baş məşqçi ona müəyyən güzəşt edərdi.
Belarusla matçdan sonra Elvinin əməlindən peşmanlıq hissi duyacağını düşünmək olardı. Di gəl ki, o bu dəfə də fərqli addımla gündəmə gəldi. Şəxsi “instaqram” səhifəsində “Только Аллах может судить меня” (Məni yalnız Allah mühakimə edə bilər – H.) sözlərini yazmışdı ki, mənasını anlamaq üçün alim olmağa gərək yoxdu. Kiməsə - Qurbanova, azarkeşlərə, ya da jurnalistlərə atılmış atmaca idi. Elvinin hansı xarakterə sahib olduğunu onunla çiyin-çiyinə oynamış futbolçular yaxşı bilir. Hələ “Neftçi”də top qovduğu vaxtlarda dəfələrlə yersiz hərəkətləri ilə diqqəti çəkmiş, cəzalanmışdı. Belədə növbəti “qəhrəmanlığı” “instaqram”da göstərməsi onu tanıyanlar üçün sürpriz olmadı.
“O şəkil, sadəcə, xoşuma gəlmişdi”
Azerisport.com saytının əməkdaşı məsələylə bağlı Elvin Yunuszadənin fikirlərini öyrənib. Müdafiəçi Qurbanovun qərarına hörmətlə yanaşdığını deməklə yanaşı, atmacanın kiməsə ünvanlanmadığını diqqətə çatdırıb: “Yatıb qalmağımız olmuş hadisədi. Buna görə də baş məşqçi adımızı oyunun iştirak ərizəsinə daxil etmədi. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Qurbanov bu cür cəzaları mənim yaxşılığım üçün verir. O nə desə, hansı cəzanı versə, hazıram. Nəzərə alaq ki, mən həm də Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ”ın futbolçusuyam. Belədə məndən tələb olunanlar çoxdu. Bunu yaxşı başa düşürəm. O ki qaldı sosial şəbəkədə paylaşdığım şəklə, o şəkil, sadəcə, xoşuma gəlmişdi. O sözü heç vaxt Qurban Qurbanova ünvanlamaram. Bəziləri bunu şişirdib böyük hadisəyə çevirmək istəyir, amma lazım deyil. Çünki futboldan kənarda Qurban Qurbanov mənim üçün həm də böyük qardaşdı. “Qarabağ”da da yatıb qaldığım məqam olub, amma baş məşqçiyə əks olacaq heç bir hərəkət etməmişəm”.
Vaxtilə “Neftçi”nin formasını geymiş və intizamsız hərəkətləri ilə ad çıxarmış Yunuszadənin bu əməldən nəticə çıxaracağına ümid edək...
HƏBİB