
Riad Rəfiyev Elxan Abdullayevi “Sumqayıt”a aparır
Samir Abasov: “Yeni köməkçiyə ehtiyacım var” deyərək, onlara müraciət etməmişəm”
Riad Rəfiyevin prezident kimi “Sumqayıt”da ilk işi, deyəsən, Elxan Abdullayevi işlə təmin etmək olacaq. Belə ki, əldə etdiyimiz məlumata görə, hazırda U-21-lə birgə İrlandiyada olan Riad bəy özünə yaxın bildiyi Abdullayevi “kimyaçılar”ın baş məşqçisi Samir Abasovun köməkçisi təyin etmək istəyir. Etbarlı mənbədən bizə ötürülən bilgiyə inansaq, artıq tərəflər arasında razılıq da əldə olunub.
Həm Rəfiyev, həm də Abdullayev AFFA-nın kadrı kimi tanındığından və cütlüyün yaxın keşmişdə işbirliyində olduğunu nəzərə alsaq, “Neftçi”nin sabiq baş məşqçisinin “kimyaçılar”da zühur edəcəyi gözləniləndi. Futbol ictimaiyyəti yaxşı bilir ki, assosiasiyanın baş katibi Elxan Məmmədovun çevrəsinə daxil olan kadrlar heç vaxt uzun müddət işsiz qalmırlar. Onlar ya hansısa yaş qrupu üzrə yığmada, ya da AFFA-nın himayəsinə sığınan klublarda işlə təmin olunurlar. Necə ki, U-21-nin baş məşqçisi postundan uzaqlaşdırdıqdan sonra Elxan bəy Yaşar Vahabzadəni “Kəpəz”ə Yunis Hüseynova köməkçi göndərdi. Berti Foqtsun və Robert Prosineçkinin dönəmində tərcüməçi kimi çalışan Aydın Rüstəmov isə hazırda əsas yığmada inzibatçı kimi işləyir. Obrazlı desək, baş katib “özünküləri” unutmur.
Ancaq bu məsələdə bir əmma var. Heç kimə sirr deyil ki, “gənclik şəhəri”nin təmsilçisinin baş məşqçisi Samir Absasov bəziləri kimi heç də “sözəbaxan uşaq” deyil. Daim öz prinsipləri ilə çalışan, heç kimdən və heç nədən çəkinməyən, ağa ağ, qaraya qara deməyi xoşlayan 40 yaşlı mütəxəssis, görəsən, bu məsələyə necə münasibət göstərəcək? O klub prezidentinin çaldığı havaya əl qaldırıb oynaycaq, yoxsa...
Bunu bilmək üçün dünən “Sumqayıt”ın baş məşqçisi ilə danışmağı lazım bildik: “Açığı, bu xəbərin hardan çıxdığı mənim üçün maraqlıdı. Rəhbərlik bu haqda mənə heç nə deməyib. Heç mən də “yeni köməkçiyə ehtiyacım var” deyərək, onlara müraciət etməmişəm. Riad müəllim hazırda ölkə xaricində olduğundan onunla görüşməmişəm. Yəqin ki, gələndən sonra bu məsələyə aydınlıq gətirəcəm. Bəlkə klub prezidenti Abdullayevi akademiyaya rəhbər təyin edəcək. Bu variant da ola bilər. Ən dəqiqini klub prezidenti ilə görüşdən sonra biləcəm ki, onda da sizə məsələ ilə bağlı fikrimi söyləyə bilərəm”.
RƏŞAD