Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunan basketbol üzrə “Novruz kuboku”na yekun vurulub. 20 yaşadək basketbolçulardan ibarət yığmamız martın 20-də yerli “Gines-29”a uduzub - 59:70. Ertəsi gün Tahir Baxşıyevin yetirmələri Qırğızıstanın digər klubu “Tulpar”la münasibətləri aydınlaşdırıb. Təəssüf ki, təmsilçimiz bu qarşılaşmada da məğlubiyyətə üzülüb – 63:76. Komandamızın son oyununda Endər Poladxanlı 29 xal və 15 ribaundla dabl-dabla imza atıb. Daha öncə Özbəkistan “Spartak”ına (82:70) və Qırğızıstan “Politexnik”inə (104:80) qalib gəlib, Özbəkistanın digə təmsilçisi SK MO RU-ya (70:79) yenilən gənclərdən ibarət millimiz yekunda 7 xalla 4-cü yeri tutub. Maksimum nəticəyə imza ataraq, hesabına 10 xal yazan “Tulpar” fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çempiondan bir xal geri qalan “Gines-29” ikinci olubsa, 8 xal toplayan SK MO RU ilk “3-lüy”ü qapayıb. “Spartak” 6 xalla 5-ci, bütün oyunlarda uduzan “Politexnik” isə 5 xalla sonuncu - 6-cı olub.