Bobiç: “Peşəkar davranmaq və özünü buna uyğun aparmaq lazımdı”
Ölkəmizi xaricdə təmsil edən futbolçulardan biri ilə bağlı xəbər təəssüf doğurdu. Renat Dadaşov şərəfini qoruduğu “Ayntraxt”dan qovulub. Almaniya mətbuatında yer alan informasiyaya görə, buna futbolçunun intizamsızlığı səbəb olub. Daha əvvəllər də bir neçə dəfə qeyri-etik davranışlara yol verən forvardın komanda yoldaşı ilə dalaşması rəhbərliyin səbr kasasını daşırıb.
Frankfurt təmsilçisinin gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraaz qərarın qəti olduğunu bildirib: “Onu intizamsızlıq səbəbindən komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi ona yenidən imkan yaratmışdı. Lakin bundan artıq şans verilməyəcək”.
Maraqlıdı ki, 2020-ci ilin iyununa qədər “Ayntraxt”la müqaviləsi olan Renatla bağlı qərara əsas komandanın baş məşqçisi Niko Kovaç da etiraz etməyib: “Rəhbərliyin Dadaşovla bağlı qərarından xəbərim var. Bununla tam razıyam”.
Qeyd edək ki, Renat Dadaşov məşqdən sonra komanda yoldaşı ilə dalaşaraq, ona xəsarət yetirib. Bu, həmyerlimizin ilk intizamsızlığı deyil. Bir neçə həftə əvvəl məşqdə komanda yoldaşına qarşı kobudluq edən millimizin üzvü onu zədələmişdi. Bu hərəkətindən sonra isə köməkçi məşqçi ilə mübahisə edərək, onu təhqir etməkdən də çəkinməmişdi. “Ayntraxt”ın idman direktoru Fredi Bobiç Dadaşovun klubdan qovulmasına münasibət bildirib. O, gənc forvardı buna görə qınayıb. Renatın qış fasiləsindən döndükdən sonra artıq çəkisinin olduğunu söyləyən Bobiç onu qeyri-peşəkarlıqda günahlandırıb: “Sizin istedadınız və təhsiliniz varsa, kluba uyğun gəlirsə, səbəbsiz yerə komandadan qovulmazsız. Xüsusən də gənc futbolçu. Peşəkar müqavilə bağlamaq çox gözəldi. Ancaq təkcə müqavilə kifayət etməməlidi. Peşəkar davranmaq və özünü buna uyğun aparmaq lazımdı”.