Atanur Cəfərli: “Azarkeş qrupları ilə qərara gəldik ki, laqeyd münasibətin qarşılığında biz də xüsusi hazırlaşmayaq”
Martın 23-də milli Belarusla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq ki, Qurban Qurbanovun rəhbərliyi altında ilk ev oyununa bayram ovqatı ilə hazırlaşırıq. Futbolçularımız da bayrama bayram qatmalıdı. Ümumiyyətlə, bu ərəfədə həmrəylik vacibdi. Ancaq deyəsən, bu oyun heç də yerinə düşməyib. Azarkeşlər yığmadan incik düşüb. Bunu “fanklublar 2018-dəki ilk ev oyununa necə hazırlaşır” sualıyla müraciət etdiyimiz azarkeş qruplarının rəhbərləri ilə danışarkən hiss etdik. Yəqin ilk ağlınıza gələn sual belədi: “yığmanı cəmi bir oyuna çıxaran Qurban Qurbanov nə səhv edib ki, fanklublar ona dəstək vermək istəmirlər?”
“Sektor 11” fanklubunun rəhbəri Atanur Cəfərli “açdı sandığı, tökdü pambığı”: “Yəqin bilirsiz, federasiyada azarkeşlərlə görüş keçirilmişdi. Orda hamımız bir fikri vurğuladı ki, Qurban Qurbanovun baş məşqçi təyin olunması ürəyimizcədi. Təkcə “Sektor 11” yox, bütün azarkeşlər, bütün futbol ictimaiyyəti bu təyinatı alqışlamışdı. Eyni zamanda təklif etmişdik ki, Qurban müəllimlə görüş olsun, təkliflərimizi çatdıraq. Onun da fikirləri, azarkeşlərdən istəyi ola bilərdi. Söz vermişdilər həm Qurban Qurbanovla, həm də AFFA-nın baş katibi Elxan Məmmədovla belə görüş təşkil olunacaq. Ancaq bu günə qədər də həmin görüşü təşkil etmədilər. Səbəbini açıqlamadılar. Biz isə bunu biganəlik sayırıq. Niyə görüşmək istəmədilər, başa düşmürük. Mən təkcə “Sektor 11”in adından danışmıram. Azarkeş tribunası tək “Sektor 11”dən ibarət deyil. Üzdə olan 4-5 fanklub var, onlar da eyni fikirdədilər. Çünki onlar da həmin görüşdə iştirak edirdilər, onlara da söz verilmişdi. Əslində çox istərdik ki, Qurban hocanın yanında olaq. Mən onun Türkiyədə baş tutan debütünü izləmək üçün Antalyaya getmişdim. Dəstək olmaq, uğur arzulamaq üçün burdan basa-basa Türkiyəyə getmişdim. Burda da azarkeş qrupu olaraq dəstək nümayiş etdirməyi arzulayırdıq. Ancaq belə münasibəti görəndən sonra...Azarkeş qrupları ilə məsləhətləşdik, qərara gəldik ki, laqeyd münasibətin qarşılığında biz də xüsusi hazırlaşmayaq. Öz təşəbbüsü ilə gedən olacaq, mən də stadionda olacam. Amma sıravi azarkeş kimi”.
Digər fanklublar bu məqamı açıb-ağartmasalar da, fikir eyni oldu: xüsusi hazırlaşmırıq.
Sübhan Əliyev (Forza Neftçi): “Qurban müəllimə uğurlar arzulayırıq. İnşallah, ilk ev oyununda qələbə qazanar, azarkeşləri üzməz. Klublardan bir neçəsi Avropa səhnəsində uğur qazanıb, Azərbaycan futboluna töhfə verib. Təki yığma da eyni nailiyyəti əldə etsin. Əlimizdən uğur arzulamaqdan başqa heç nə gəlmir. Açığı, heç bir hazırlığımız olmayıb, olmayacaq da. Qrup şəklində oyunda iştirak etməyəcəyik. Uşaqlardan kimsə istəyərsə, gedib baxar. Amma qeyri-adi heç nə hazırlaşmamışıq”.
Elvin İbrahimli (İmarət): “Biz millinin oyununa getmirik! Gedən fərdi gedir, fanklub şəklində yox. Buna görə də hazırlaşmamışıq. Başqa ölkələrin təcrübəsində də bu var, bir klubun azarkeş qrupu o vaxt milliyə dəstək verir ki, oyun həmin klubun stadionunda baş tutsun. Milli nə vaxt “İmarət”də oynayar, onda gedib dəstək verərik”.
Adil Məmmədov (Xəmsə): “Fürsətdən istifadə edib oxucularınızı və bütün xalqımızı qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm. Yığmanın oyununa gəlincə, fanklub kimi orda olmayacağıq. Buna imkan yoxdu. “Xəmsə”nin üzvlərinin çoxu gəncəli tələbələrdi. Onlar da bayram tətilini fürsət bilib Gəncəyə gediblər. Xüsusi hazırlıq yoxdu. Yəqin ki, Bakıda olan fanklub üzvlərindən oyuna gedən olacaq. Ancaq fanklub şəklində bizdən hansısa təşəbbüs, fəallıq gözləməyin. Heç kimdən incikliyimiz yoxdu. Sadəcə, belə alındı. Vaxt münasib deyil”.
MİRAĞA