Şəhriyar Rəhimov: “Ümid edirəm ki, ayağım yüngül olacaq”
Yığmanın yeni baş məşqçisi Qurban Qurbanovun martın 23-də Belarusa, 27-də Makedoniyaya qarşı keçiriləcək yoldaşlıq oyununa dəvət etdiyi oyunçuların siyahısını ötən sayımızda diqqətinizə çatdırmışdıq. Yoxlama qarşılamalarında millinin baş məşqçisinin güvəndiyi futbolçular arasında yeni üç futbolçu – Tural Axundov, Rahil Məmmədov və Şəhriyar Rəhimov var ki, onların ölkənin əsas komandasında debütü maraqla gözlənilir.
Bəs görəsən, millinin debütantları dəvəti necə dəyərləndirir, özlərini yığmanın düşərgəsində necə hiss edirlər? Bu suallara cavab tapmaq üçün əvvəlcə “Kəpəz”in kapitanı, son illər komandanın lideri olan Şəhriyar Rəhimovla əlaqə saxladıq: “Açığı, yığmaya dəvət olunmaq mənim üçün gözlənilməz oldu. Komandamızın baş məşqçisi Yunis Hüseynov “Sumqayıt”la oyundan sonra ona ünvanlanan suala cavabında “Kəpəz”dən milliyə futbolçu dəvət olunmasının sürpriz olacağını bildirmişdi. Doğrudan da dünyanın əksər ölkələrində autsayder komandalardan yığmaya oyunçu dəvət olunmur. Ancaq Qurban Qurbanov özünəxas böyüklük edərək, məni ölkənin əsas komandasına dəvət etdi. Bu dəvətdən sonra çalışacam ki, mənə inanan adamların güvənini artıqlaması ilə doğruldum və qarşıdakı oyunlarda meydana çıxacağım halda özümü yaxşı tərəfdən göstərim. Son illər ərzində “Kəpəz”dən yığmaya dəvət alan olmayıb. Düzdü, Namiq Ələsgərovla Orxan Əliyev klubumuzun şərəfini qoruyan vaxt milliyə cəlb olunublar. Ancaq Ələsgərov həmin dönəmdə “Kəpəz”də icarə əsasında çıxış edirdi. Sevindirici haldı ki, Gəncə klubunun nümayəndəsi kimi uzun illərdən sonra məhz mən milliyə dəvət olundum. Ümid edirəm ki, ayağım yüngül olacaq və ardımca “Kəpəz”in başqa futbolçuları da yığmanın məşqçilər korpusunun maraq dairəsinə düşəcək”.
Qurban Qurbanovun millidə debüt imkanı qazandırdığı oyunçulardan biri də “Sumqayıt”ın sağ cinah müdafiəçisi Tural Axundovdu. Tural da bizimlə söhbətdə yığmaya dəvət aldığına görə qürur hissi keçirdiyini söylədi: “Sözün düzü, biləndə ki yığmaya dəvət almışam, öncə inanmadım. Ancaq sonradan biləndə ki, məhz belədi, sevincimin həddi-hüdudu yox idi. Cari mövsümdə şərəfini qoruduğum “Sumqayıt” premyer-liqada heç də pis təsir bağışlamır. Komandamız hazırda ilk “3-lük”dədi. Ancaq milli başqa səviyyədi. Çox istərdim ki, klubumda sərgilədiyim oyunu millidə də göstərim və Qurban Qurbanovu mənə dəvət göndərdiyinə görə peşman etməyim. Yığmada oynamaq futbolçudan əlavə məsuliyyət tələb edir. Millinin heyətində top qovmaqla ölkəmizi dünyada təmsil edirik. Qarşıda komandanı həm Belarus, həm də Makedoniya ilə yoldaşlıq oyunu gözləyir. Kağız üzərində bəlkə də yoldaşlıq oyunu deyəndə sıradan bir matç kimi təsəvvür etmək olar. Ancaq yığmanın Millətlər Liqasında uğur qazanmasının təməli məhz belə qarşılaşmalarda qoyulur. Var qüvvəmlə çalışacam ki, mənə etimad göstərildiyi halda inamı doğruldum. Yığmada həm də “Sumqayıt”ı təmsil edəcəm ki, bu da əlavə məsuliyyət deməkdi. Çalışacam sübut edəm ki, komandam təsadüfən premyer-liqada avrokuboklar uğrunda mübarizə aparmır”.
RƏŞAD