Araz əsas heyətdəki yerini itirdi
Almaniya Regional Liqasının Şimal-Şərq zonasının 26-cı turunda “Dinamo” Berlində “Auerbax”dan üstün olub – 2:1. Meydan sahibləri son 10 dəqiqədə iki qol vurmaqla əzmkar qələbə qazanıb. Oyunda son nöqtəni Rüfət Dadaşov qoyub. Həmyerlimiz 86-cı dəqiqədə fərqlənməklə dekabrın 10-dan davam edən “qol orucunu pozub”. Bununla da hücumçu cari mövsüm qollarının sayını 21-ə çatdırıb. 43 xalla 2-ci pillədə qərarlaşan “ayılar” növbəti görüşünü martın 28-də səfərdə “Altqlienike”yə qarşı keçirəcək. Bu, 21-ci turdan təxirə salınan qarşılaşmadı.
Türkiyə çempionatında da 26-cı turun matçları keçirilib. “Gənclərbirliyi” Ankarada “Akhisarspor”la heç-heçə edib – 1:1. Dəniz Yılmaz 68-ci dəqiqədə meydana çıxıb. 27 xalla 16-cı sırada yer alan “qırmızı-qaralar” növbəti turda “Yeni Malatyaspor” səfərinə yollanacaq.
Qardaş ölkənin 1-ci divizionunda “Samsunpor” evdə “Boluspor”un müqavimətini qıra bilməyib – 0:0. Zədəli Ufuk Budakın adı “18-liy”ə salınmayıb. 33 xalla 14-cü yerdə gedən “qırmızı-ağlar” 29-cu turda “Adanaspor”un qonağı olacaq.
Sequndanın 31-ci turu çərçivəsində “Alkorkon” səfərdə “Luqo”ya uduzub – 1:2. Eddi İsrafilov 68-ci dəqiqədə meydana çıxıb və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 35 xalla 18-ci pillədə qərarlaşan “Alkorkon” növbəti turda İsrafilovun sabiq komandası “Ximnastik”i qəbul edəcək.
Portuqaliyanın 1-ci dəstəsində “Sportinq”in əvəzediciləri səfərdə “Leykşoes”lə “sülh”ə razılaşıb – 1:1. Budaq Nəsirovun adı görüşün iştirak ərizəsinə salınmayıb.
32 xalla 16-cı sırada yer alan “zolaqlılar” 31-ci turda evdə “Nasyonal”la münasibətləri aydınlaşdıracaq.
Cənubi Kiprin ilk “6-lığ”ında 3-cü tur geridə qalıb. “Anortosis” səfərdə AEL-in qapısından 2 cavabsız top keçirib. Araz Abdullayev 89-cu dəqiqədə qazona ayaq basıb. 60 xalla ilk “3-lüy”ü qapayan “ağ-göylər” növbəti turda “Omoniya”nın qonağı olacaq.
Ukrayna çempionatının ikinci “6-lığ”ında 2-ci tur baş tutub. “Aleksandriya” evdə autsayder “Karpatı” ilə qollu heç-heçəyə razılaşıb – 1:1. Start heyətində yer alan Pavel Paşayev oyunu əvəzlənmədən başa vurub. 25 xalla 2-ci yerdə qərarlaşan “Aleksandriya” növbəti oyununu səfərdə “Zvyozda”ya qarşı keçirəcək.
Monteneqro çempionatında 25-ci turun oyunları keçirilib. Tural Hümbətovun formasını geydiyi “Deçiç” növbəti matçına çıxıb. Bu komanda “Kom”un qonağı olub. Podqoritsada baş tutan qarşılaşma “Deçiç”in 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Hümbətov görüşü sona qədər ehtiyat oyunçular skamyasından izləyib. Hesabında 19 xal olan “Deçiç” turnir cədvəlində sonuncudu.
SƏRXAN