“Fatimə normal səviyyədə çıxış etsə, bunu bacaracaq”
Su İdman Sarayı tikilib istifadəyə verildikdən sonra su idman növlərinin inkişafına ümid yaranıb. Sözsüz, güclü ənənələri olmayan ölkədə bu sahədə birdən-birə güclü idmançıların yetişməsini gözləmək qeyri-peşəkar yanaşma olar. Ancaq düzgün idarəçilik varsa və məşqçilərin səviyyəsi qənaətbəxşdisə, növbəti olimpiya tsiklindən etibarən beynəlxalq arenada sözünü deyə biləcək idmançıları üzə çıxarmaq mümkündü. Hərçənd bu daha tez də baş verə bilər. Məsələn, belə idmançılardan biri gənc üzgüçü Fatimə Alkərəmovadı. 15 yaşlı idmançı Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanıb. Onun və başqa üzgüçülərimizin perspektivi haqda yığmanın baş məşqçisi Rəşad Əbdürrəhmanovla söhbət etmək qərarına gəldik.
- Ötən ilin sonlarında keçirilən ölkə çempionatının nəticələri ürəyinizcə oldu?
- Bu il yeni normativlər meydana gəldi. Nəticədə yığmamızın heyəti 95 faiz yeniləndi. Azyaşlı uşaqlar heyətə cəlb olunub. Bildiyiniz kimi, Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmə və Gənclərin Olimpiya Oyunlarına ölkəmizdən ilk lisenziyanı Fatimə Alkərəmova qazanıb. Lisenziya yarışları üçün göstərilən normativləri idmançılarımız ölkə çempionatında yerinə yetirib. 12 nəfərdən ibarət heyət müəyyənləşib. Onlardan biri 2006 təvəllüdlü Ayan Kələntərovadı. Çox güclü üzgüçüdü. Şəxsi məşqçisi Fuad Babayevdi. Çox yaxşı komandamız var. İdmançılarımızın gələcəyi parlaqdı. Gələn il Bakıda keçiriləcək Avropa Gənclərinin İdman Festivalında iştirak edəcək Ramil Vəlizadə, Elvar Cahangirbəyov və Rəşad Alquliyevin böyük perspektivi var. Hər şey yarışa hazırlıqdan asılıdı.
- Bəs Boris Kirilov yığmada yoxdu?
- Sözsüz, o da komandanın tərkibindədi. Boris millimizin kapitanıdı. Artıq magistraturanı qurtardıqdan sonra yarışlara start verib. 18 yaşdan yuxarı idmançılar idman ustası normativini doldurursa, avtomatik yığma üzvü olur. Kirilov hələ idmanı atmayıb. Onunla bağlı da ümidlərimiz tükənməyib.
- Fatimə Olimpiadada hansı məsafələr üzrə yarışacaq?
- 200, 400 və 800 metr məsafəyə sərbəst üsulla üzməkdə çıxış edəcək.
- Onun qarşısında medal qazanmaq vəzifəsi qoyulub?
- Fatimə fenomenal qızdı. Federasiyanın və nazirliyin ona böyük dəstəyi var. Ailəsinin və məşqçilər briqadasının dəstəyi də öz yerində. Alkərəmova nəticələrini get-gedə yaxşılaşdırır. Olimpiya Oyunlarında finala yüksələcəyinə ümid edirik. Normal səviyyədə çıxış etsə, bunu bacaracaq. Medal da qazana bilər. Ancaq Allah göstərməsin, xəstələnə və ya zədə problemi ilə üzləşə bilər. Çalışacağıq ki, ciddi nəticələr göstərək.
- Oğlanlardan da kimsə lisenziya qazana bilər?
- Ölkə çempionatında Vəli İsrafilov idman ustası normativini yerinə yetirdi. 5 mart – İdman Günündə ona idman ustası vəsiqəsi verildi. Perspektivli idmançılarımızdandı.
- Bu il Olimpiadadan başqa əsas yarışlarınız hansılardı?
- Martın 23-dən 25-dək Slovakiyanın Jilina şəhərində lisenziya turniri keçiriləcək. Həmin yarışda Alsu Bayramova və Vəli İsrafilovun Olimpiadaya vəsiqə qazanacağına ümid edirik. Ölkə çempionatındakı nəticələrini göstərsələr, lisenziya qazana biləcəklər. İyulda Finlandiyanın paytaxtı Helsinkidə yeniyetmələrin, avqustda isə Qlazqoda böyüklərin Avropa çempionatı keçiriləcək. Oktyabrda da Olimpiya Oyunları bizi gözləyir.
- Lisenziya qazanacaq qrup üçün ayrıca təlim-məşq toplanışı baş tutacaq?
- Onların hazırlıq prosesi Fransanın Fon-Rome şəhərində yüksək dağlıq şəraitində baş tutacaq. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən bazada toplanış keçəcəyik. Bütün dünyanın aparıcı üzgüçüləri orda hazırlıq keçir. İyunda Bolqarıstanda, daha sonra isə İspaniyada toplanış keçməyi planlaşdırırıq.