Qurban Qurbanov köməkçisini Fransa və İspaniyaya göndərir
Yığmanın iki yoldaşlıq oyununda qüvvəsini sınayacağını bilirsiz. Qurban Qurbanovun yetirmələri martın 23-də Belarusla, 27-də isə Makedoniya ilə münasibətləri aydınlaşdıracaq. Belarusla qarşılaşma Bakı Olimpiya Stadionunda, makedoniyalılarla görüş isə Antalyadakı “Mardan” stadionunda baş tutacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Ötən sayımızda Qurban Qurbanovun bu oyunlar üçün dəvət etdiyi futbolçuların siyahısını diqqətinizə çatdırmışdıq. Xatırladaq ki, çağırılanlardan yalnız üçü ölkə xaricində çıxış edir. Ancaq legionerlərimiz hələ ki yığmanın düşərgəsinə qoşulmayıblar. Onların həfətsonu klubunda oyunu olduğundan, qarşılaşmanın ertəsi Bakıya gələcəklər. Qeyd edək ki, Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” Cənubi Kipr çempionatında bu gün AEL ilə qarşılaşacaq. Pavel Paşayevli “Aleksandriya” sabah Ukrayna birinciliyi çərçivəsində “Karpati” ilə üz-üzə gələcək. O ki qaldı Dmitri Nazarova, “Ertsgebirge” martın 19-da “Qroyter Fürt”lə münasibətlərinə aydınlıq gətirəcək. Dima 2-ci bundesliqa matçının ertəsi yığmanın düşərgəsinə təşrif buyuracaq.
Yeri gəlmişkən, yığma srağagün bir araya gəlib. Qurban Qurbanov bərpa məşqindən sonra futbolçulara istirahət imkanı yaradıb. Belə ki, komanda üzvləri dünən dincəliblər. Bu gündən isə hazırlıq prosesi yenidən start götürüb. Yığmaların mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlundan aldığımız bilgiyə görə, məqşi izləməyə icazə yoxdu. Yalnız Belarusla oyundan bir gün öncə açıq məşq və brifinq zamanı bu mümkün olacaq.
Bu arada yığmanın məşqçisi Elçin Rəhmanov rəqiblərin oyunlarını izləyəcək. Baş məşqçi Qurban Qurbanovun göstərişinə əsasən səfərə yollanacaq çalışdırıcı iki görüşə stadiondan baxmaqla qeydlər aparacaq. O Millətlər Liqasında millimizlə eyni qrupda mübarizə aparacaq komandaların oyunlarına baxacaq. Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo – Madaqaskar, ayın 25-də isə İspaniyada reallaşacaq Farer adaları – Lixtenşteyn qarşılaşmaları zamanı stadionda olacaq.
FARİZ