Son 26 ildə uşaq futbolunda kimlər yetişib?
Uşaqlar bizim gələcəyimiz, uşaq futbolu isə klublarımızın, millimizin qarşıdakı illərdə avrokuboklarda, Avropa və dünya çempionatlarında uğurlu çıxışının bünövrəsidi. Bizə hazırda ölkə futbolunun tarixinə düşəcək, yeni eranın başlanğıcını qoya biləcək gənc istedadlar lazımdı. İstər idman mediası, istər futbol ictimaiyyəti, istərsə də sadə azarkeşlər yeni kumir, yeni əfsanə axtarışına çıxıb. Ancaq çox təəssüflə qeyd etməliyik ki, müsqtəqillik illərində hələ beləsi ortaya çıxmayıb, adından söz etdirməyib. Uzağı bir-ikisinin adını çəkmək olar ki, onlar da qütb ulduzu kimi qısa müddət bərq vursa da, yaddaşlarda dərin iz buraxmayıblar.
Son 26 ildə uşaq futbolunda kimlər yetişib? “Qızıl oğlan” ləqəbi ilə tanınan Zaur Tağızadə, yoxsa “professor” Mahmud Qurbanov? Bəlkə mətbuatın ikinci Banişevski adı qoyduğu Sənan Qurbanovu deyəcəksiz? Adını çəkdiymiz və çəkmədiyimiz oyunçuların heç birini müstəqillik illərinin uşaq futbolunun yetirməsi saymaq olmaz. Zaur, Mahmud, Sənan və bu gün az-çox tanınanların hamısı futbolda ilk addımlarını SSRİ dönəmində atıblar.
Ötən əsrin 90-cı illərində uşaq futbolunda yaşanan tənəzzül 21-ci əsrin əvvəlində tədricən aradan qalxmağa başladı. 2000-in əvvəllərində hakimiyyətə gələn indiki AFFA rəhbərliyi bu yöndə əməli tədbirlər görsə də, nəticə hələ də ürəkaçan səviyyədə deyil. Yenə də müxtəlif yaş qrupları üzrə millilərə ölkə xaricindən “milliləşdirilmiş” oyunçular dəvət olunur, yenə də böyük turnirlərin final mərhələsindən (evsahibliyi etdiyimiz yarışları nəzərə almasaq) kənarda qalırıq. Bu yerdə ortaya sual çıxır: nəyə görə bu illər ərzində uşaq futbolunda inkişafa nail ola bilməmişik? Bu yazıda həmin suala cavab tapmağa çalışacağıq.
Son vaxtlar ölkədə fəaliyyət göstərən futbol məktəblərinin sayı kəllə-çarxa çıxıb. Yağışdan sonra çıxan göbələklər kimi hər gün yeni məktəbin, akademiyanın açıldığını eşidirik. Kağız üzərində hər şeyin yaxşı olduğunu, uşaq futbolunda inkişafın yaşandığını görmək mümkündü. Ancaq necə deyərlər, kəmiyyətlə keyfiyyət heç də üst-üstə düşmür. Bu qədər məktəbin, akademiyanın olmasının nə faydası var? Yenə əvvəlki illərdə olduğu kimi uşaq futbol məktəbləri inventar baxımından tam təchiz olunmur. Aşağı yaş qrupunda çalışan məşqçilərin əksəriyyətinin bilik və bacarığı günümüzün reallığına, müasir futbolun tələblərinə cavab vermir. Klubların, Təhsil, Gənclər və İdman Nazirliyinin tabeliyində olan futbol məktəbləri sanki öhdəlik götürübmüş kimi istedadsız, ayağı top tutmayan uşaqları futbol bölməsinə cəlb etməklə say artımına çalışırlar. Hələ də bəzi klub rəhbərləri futbolçu yetişdirmək əvəzinə məşqçidən nəticə tələb edir. Və sonuncu məqam: AFFA rəhbərliyi hər nə qədər çalışsa da, futbolun kütləviləşməsinə nail ola bilmir. Qeyd etdiyimiz bütün çatışmazlıqları üst-üstə gələndə, bu sahənin hansı səbəbdən yerində saydığını başa düşmək mümkündü.
Uşaqlar psixoloji təzyiqə məruz qalırlar
Yuxarıda qeyd etdiyimiz kimi, əksər klub rəsmiləri mətbuata uşaq komandalarından nəticə tələb etmədiklərini bildirsələr də, gerçək durum fərqlidi. Bu üzdən uşaq komandalarında çalışan məşqçilər də iş yerini itirməmək, rəhbərlik qarşısında gözükölgəli olmamaq xatirinə ilk növbədə nəticə dalınca düşür ki, belədə futbolçu yetişdirmək arxa plana keçir. Məhz bu səbəbdən bu gün uşaq futbolunda boyu uca olanlar mütləq qapıda durur, sürtəti olan, ancaq texnika baxımından axsayanlar hücumda yer alır, pis-yaxşı ötürmə etməyi bacaranlar isə yarımmüdafiəçi mövqeyində çıxış edirlər. Uşaq istədi-istəmədi məşqçi onu məcbur edir ki, həmin mövqedə oynasın. Uşağın ildən-ilə inkişlaf etdiyini, qısa vaxtda fiziki göstəricilərinin dəyişdiyini nəzərə alsaq, bu addımın heç də həmişə özünü doğrultmadığını söyləyə bilərik. Məşqçinin, bir qədər də valideynin qorxusundan ürəyindən keçənləri deyə bilməyən uşaq isə çox keçmədən futboldan iyrənir, özünü doğrulda bilmədiyinə görə “idmanın şahı”ndan ayrılır. Halbuki məşqçi vaxtında seçimdə uşağa sərbəstlik versə, müxtəlif mövqelərdə sınayıb əsl yerini tapsa, vəziyyət heç də bu qədər acınacaqlı olmaz.
Kəmiyyət, yoxsa keyfiyyət?
Hər il istər premyer-liqa klublarının aşağı yaş qruplarında, istərsə də müxtəlif futbol məktəblərinin futbol bölmələrində yüzlərlə gənc “buraxılış imtahanı” verib, özünə klub axtarışına çıxır. Onlardan yalnız müəyyən qismi ya öz klubunda qalıb karyerasını davam etdirir, ya da başqa komandalarda özlərinə yer edə bilirlər. “Buraxılış”ın böyük əksəriyyəti 17, 18 yaşda heç kimə lazım olmadığından böyük futbolda “bisimillah” etməmiş butslarını mismardan asmaq məcburiyyətində qalır. Belə yalançı, statistikanı şişirtmək xatirinə düzülüb-qoşulmuş kütləvilik bizə nə verəcək? Bu bizə lazımdı? Heç kimə sirr deyil ki, hər il maksimum 10 istedadlı gənc ölkənin futbol ailəsinə qoşulsaydı, bu gün nə əsas miliyə, nə də aşağı yaş qrupları üzrə yığmalara kənardan futbolçu dəvət olunmazdı. Odu ki, uşaq futbolunda çalışan mütəxəssislər uşaqları və valideynləri aldatmasınlar, istedadı olmayan azyaşlıları nəyinsə xatirinə hər il qrupdan-qrupa keçirib, gələcəyini məhv etməsinlər. Yalançı statistika əvəzinə real durumla razılaşıb, “qab”ında nəsə olanlarla daha ciddi məşğul olsunlar ki, bir neçə ildən sonra keyfiyyət kəmiyyəti üstələsin.
Gənclərə lazımi diqqət göstərilmir
İngiltərə, Almaniya, İspanıya, Fransa kimi inkişaf etmiş futbol ölkələrində istedadlı azyaşlılar hələ futbolda ilk addımlarını atdığı vaxtlardan agentlərin maraq dairəsində olur. “Transfer bazarı”nın ağaları uşağı kiçik yaşlarından izləyir, onun valideynləri ilə təmas qurur, uşağın inkişafı naminə çox vaxt onun ailəsinə hər cür yardım göstərir ki, gələcəkdə insan kapitalına etdiyi yatırımın qarşılığını görsün. Bundan başqa, Avropada agentlər maraq dairələrinə düşən istedadlı uşaqları 12-13 yaşlarından böyük klublara göndərirlər ki, daha da inkişaf etsinlər. Məhz bu səbəbdən İngiltərə, İspaniya, İtaliya klublarında vaxtaşırı 17-18 yaşlı gənclərin meydana çıxıdığına, erkən yaşlarda adından söz etdirdiyinə şahidlik edirik. Çox təəssüf ki, bizdə hələ bu ənənə formalaşmayıb. Heç bir agent gələcəyə yatırım etmək istəmir, hamı bu günlə yaşayır. Bütün menecerlər işini “soğan olsun, nağd olsun” prinsipi ilə qururlar.
Uşaq futbolunu ayağa qaldırmaq, klublarda və millidə ancaq özümüzkülərin oynamasını, azərbaycanlı futbolçuların gələcəkdə Avropanın aparıcı klublarında görmək istəyiriksə, bu sahəyə daha çox diqqət ayrılmalı, inkişaf naminə bütün işlər kompleks şəkildə görülməlidi. Bu zəncirdə hansısa halqa qırılırsa, görülən işin keyfiyyəti istər-istəməz aşağı düşür.
RƏŞAD
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir