Qurum gəlirlərini hara xərcləyib?
Dünən səhər saatlarında Bakı Olimpiya Stadionunda Cüdo Federasiyasının (ACF) Hesabat Konfransı keçirildi. Qurumun başqanı Rövnəq Abdullayevin sədrliyi ilə baş tutan tədbirdə ilk növbədə Mandat komissiyasının üzvləri seçildi. Daha sonra ACF-nin baş katibi Elman Babanlı federasiyanın mövcud rəhbərliyi dönəmində (2015-ci ilin oktyabrından bu yana – S.) qazanılan uğurlardan, görülən işlərdən danışdı. Babanlı medalların illər üzrə artdığını (2015-in son 3 ayında 25, 2016-da 140, 2017-də 191 medal), Rio-2016-da 2 “gümüş”ün qazanıldığını, paracüdoçuların isə Braziliyada 1 “qızıl”, 1 “gümüş” və 1 “bürünc” əldə etdiyini xatırlatdı. Avropa və dünya çempionatları, eləcə də ötən il Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında qazanılan uğurlar yada salındı. Baş katib ACF prezidentinin Beynəlxalq Cüdo Federasiyasının (İJF) İcraiyyə Komitəsinə üzv seçildiyini və bu il dünya çempionatının Bakıya həvalə olunduğunu bildirməklə yanaşı, ölkədaxili seleksiya xarakterli yarışlara 2000-dək cüdoçunun qatıldığını və kütləviliyin yüksəldiyini diqqətə çatdırdı.
Sonra ACF-nin nümayəndəsi Faiq Cəfərovun maliyyə hesabatı dinlənildi. O qeyd etdi ki, 2015-in oktyabrından 2017-nin sonunadək federasiyanın gəliri 15477246 manat olub. Bunun təxminən 11 milyonu (72 faiz) sponsorluq müqavilələrindən əldə edilib, 3,6 milyon (23,4 faiz) manat İJF-dən ayrılan maliyyə yardımıdı, 719,6 min (4,65 faiz) manat isə ACF-nin keçirdiyi beynəlxalq yarışlar hesabına qurumun büdcəsinə daxil olub. Hesabat dövründə əldə edilən gəlirlər əsas komandanın, eləcə də gənclər və yeniyetmələrdən ibarət yığmaların beynəlxalq və yerli təlim-məşq toplanışlarında, həmçinin yarışlarda iştirakına xərclənib. Bütün beynəlxalq toplanış və yarışa qatılmaq xərcləri 5914,5 min manat (38,35 faiz) təşkil edib. Sumqayıt, Naxçıvan, Şəmkir, Ağsu və Masallıda, Bakının müxtəlif qəsəbələrində yeni cüdo zalları istifadəyə verilib. Bölgələrdə fəaliyyət göstərən 62 kluba lisenziya verilib, onların bir qismi tatami və kimano ilə təmin edilib. Xərclərin 32,8 faizi ölkədaxili toplanış və turnirlərə ayrılan vəsaitdi. İdmançılar üçün vitamin, dərman preparatları və müxtəlif qida məhsullarına sərf olunan vəsait ümumi xərclərin 5,91 faizini təşkil edib. Əməkhaqqı, daxili və beynəlxalq yarışlarda medal qazanmış idmançılara verilən pul mükafatı 15,42, avadanlıqların, təsərrüfat inventarlarının alınmasına, ekipaj xərclərinə, nəqliyyat, mətbuat, miqrasiya və başqa istiqamətlərə yönəldilən vəsait 6,03, seminarların təşkilinə xərclənən pul isə ümumi xərclərin 1,5 faizi olub.
Daha sonra "Cüdo 2012" İctimai Birliyinin rəhbəri Azər Əsgərov ACF İcraiyyə Komitəsinə üzv seçildi. Həmçinin 8 klub və cəmiyyət ACF-yə üzv qəbul olundu. Bunlar DİN, MOİK, "Sərhədçi", FHN, "Judo Club", "Qəbələ", "Turan" və 1 saylı RİOEUGİM-du. Maraqlıdı ki, tədbirdə “Sərhədçi”nin heç bir nümayəndəsi iştirak etmirdi.
Konfransa yekun vuran Abdullayev bu müddətdə görülən işlərin çox olduğunu, əsas diqqəti dünya çempionatına yönəltdiklərini bildirdi: "İşlər böyük zəhmətin nəticəsində görülüb. Bu, aysberqin alt hissəsidi, görünməyən tərəfidi. Görünən medallardı. Ancaq onun qazanılmasına aparan insanlar burda oturublar. Onlar əziyyət çəkirlər. Qarşıda bizi böyük işlər gözləyir. Ən vacibi sentyabrda Bakıda keçiriləcək dünya çempionatıdı. Düşünürəm ki, buna indidən yaxşı, ciddi hazırlaşmalı, həmin məsul turniri ən yüksək səviyyədə keçirməliyik. Bunun üçün hər gün saatbasaat işləməliyik. Bu məqsədlə ictimaiyyəti bura qoşmaq, cüdosevərləri zallara yığmaq lazımdı. Doğma zal amili bu baxımdan önəmlidi. Uğur qazanmaq üçün zalı doldurmaq lazımdı, boş olanda kömək olmur. Yarışı yüksək səviyyədə keçirib, uğurla iştirak edib, nöqtəni qoymaq gərəkdi. Bakıdakı dünya çempionatında yer tutmaq vəzifə və vicdan borcumuzdu. Bu, dövlətimiz, xalqımız, ən əsası prezidentimiz qarşısında olan vəzifədi".
SƏRXAN