Yığma martın 23-də Belarusla evdə, 27-də isə Makedoniya ilə Antalyada yoldaşlıq oyunu keçirəcək. Millinin baş məşqçisi Qurban Qurbanov həmin qarşılaşmalar üçün 24 futbolçuya dəvət göndərib. Siyahıda adı olanlar dünəndən etibarən martın 24-nə kimi Bakıda, 25-28-i aralığında isə Antalyaya təlim-məşq toplanışında olacaq. Öncə heyətlə tanış olaq, daha sonra diqqəti çəkən məqamlara toxunacağıq: qapıçılar - Kamran Ağayev (Keşlə), Rəşad Əzizli, Səlahət Ağayev (hər ikisi “Neftçi”); müdafiəçilər - Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi “Qarabağ”), Ruslan Abışov (Neftçi), Ürfan Abbasov (Qəbələ), Tural Axundov (Sumqayıt), Rahil Məmmədov (Səbail), Şəhriyar Rəhimov (Kəpəz), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna); yarımmüdafiəçilər - Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namiq Ələsgərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Asif Məmmədov (Qəbələ), Cavid İmamverdiyev, Rəşad Eyyubov (hər ikisi “Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Cənubi Kipr), Dmitri Nazarov (“Ertsgebirge”, Almaniya); hücumçular - Amil Yunanov (Sumqayıt), Ruslan Qurbanov (Qəbələ).
Öncə onu qeyd edək ki, Qurbanov premyer-liqa klublarının yeddisindən oyunçu dəvət edib. Yalnız Moldova ilə oyunda olduğu kimi, bu dəfə də “Zirə”dən heç kim çağırılmayıb. Yanvardakı toplanışa klublarının oyunları üzündən qatılmayan legionerlərdən Pavel Paşayev, Araz Abdullayev və Dmitri Nazarov hazırlıq prosesində iştirak edəcək. Qurbanov Moldova ilə yoldaşlıq görüşünə dəvət etdiyi 24 futbolçudan 11-ni qarşıdakı oyunlara çağırmayıb. Belə ki, “Qarabağ”dan Əfran İsmayılov, Rahid Əmirquliyev, Mahir Mədətov, Ramil Şeydayev, Abbas Hüseynov və Şahruddin Məhəmmədəliyevin adı siyahıda yoxdu. Ramillə Mahir U-21-in düşərgəsində olacaqsa, qalanları klubunda müntəzəm şans qazanmır. "Neftçi" ötən toplanışda olduğu kimi yenə də millidə 6 futbolçu ilə təmsil olunacaq. Lakin bu dəfə Məhəmməd Mirzəbəyov və Anton Krivotsyuku Səlahət Ağayevlə Namiq Ələsgərov əvəzləyib. Mirzəbəyov zədəlidisə, Krivotsyuk U-21-ə çağırılıb. Ələsgərov hazırda əla formdadı. Səlahət isə qışdan sonra yalnız bir oyunda şans qazanıb ki, çıxışı yaxşı alınmayıb. Belədə onun yığmaya çağırılması qəribədi. Düzdü, o 3-cü qapıçı kimi dəvət alıb. Ancaq bu vəziyyətdə belə daha çox oyun təcrübəsinə malik Emil Balayev, yaxud da Fərhad Vəliyevlə Kamal Bayramov yığmada olmağı haqq edir. "Qəbələ"dən Cavid Hüseynovla Təmkin Xəlilzadə siyahıya düşə bilməyib, Asif Məmmədov və Ürfan Abbasova isə dəvət göndərilib. Cavid zədəlidi, Təmkin “qırmızı-qaralar”da həm əsas heyət üzvü sayılmır, həm də hazırkı çıxışı ürəkaçan deyil. "Sumqayıt"dan ötən toplanışa iki futbolçu çağırılmışdı ki, bu dəfə onlardan biri - Bəhlul Mustafazadə U-21-in düşərgəsində olacaq. Əvəzində Tural Axundov, Rəşad Eyyubov və Amil Yunanova dəvət göndərilib. Yadınızdadısa, Amilin ötəndəfəki hazırlıq prosesində olmaması geniş müzakirəyə səbəb olmuşdu. Hərçənd budəfəki toplanışa “Sumqayıt”ın mərkəz müdafiəçilərinin - Bəxtiyar Həsənalızadə ilə Vurğun Hüseynovun dəvət edilməməsi də çək-çevir edilir. "Keşlə"ni millidə Kamran Ağayev təmsil edəcək. Ötən heyətlə müqayisədə "Səbail"dən Rahil Məmmədov, "Kəpəz"dən isə Şəhriyar Rəhimov yığmaya çağırılıb. Bütün sadaladıqlarımızı nəzərə alsaq, Qurbanovun bu dəfə ideala yaxın seçim etdiyini söyləyə bilərik. Özü də daha öncə də çalışdırıcı hamını diqqətdə saxladığını, kiminsə olmamasının heç vaxt yığmaya çağırılmayacağı anlamına gəlmədiyini söyləmişdi. Yanvardakı toplanışla indiki arasındakı fərqlər də onun dediklərinin təsdiqidi. Hətta son pillədə olan klubun yığmaya oyunçu verməsi də maraqlı məqamlardan biridi.
FARİZ