“Üzərimdə təzyiq hiss etmirəm”
Almaniyanın paytaxtı Berlində təşkil olunan şahmat tacına İddiaçıların Turniri davam edir. Dünən 5-ci turun oyunları keçirilib. Şəhriyar Məmmədyarov (2809) qara fiqurlarla Dinq Lirenlə (Çin, 2769) qarşılaşıb. Debütdən sonra tərəflər üstünlük əldə etməyib. Belədə 31-ci gedişdə heç-heçəyə razılaşıblar. Bu, həmyerlimizin yarışda ardıcıl 4-cü bərabərliyi olub. Maraqlıdı ki, oxşar durum Fabiano Karuana (ABŞ, 2784) - Sergey Karyakin (Rusiya, 2763) görüşündə də yaşanıb. Qrossmeysterlərdən heç biri səhvə yol verməyib və onlar da 31-ci gedişdə “sülh”ə razılaşıb. Levon Aronyan (Ermənistan, 2794) Aleksandr Qrişuku (Rusiya, 2767) məğlub etməyə çox yaxın olsa da, həlledici məqamda doğru gedişləri tapa bilməyib. Belədə böyük üstünlüyü əldən verib. Nəticədə bu qarşılaşmada da xal bölgüsü qaçılmaz olub. Günün ən çox davam edən partiyasında da fərqli nəticə qeydə alınmayıb. Uesli So (ABŞ, 2799) və Vladimir Kramnik (Rusiya, 2800) heç-heçə edib. Beləliklə, turnir cədvəlində dəyişiklik baş verməyib.
Xal durumu: Karuana – 3,5, Kramnik, MƏMMƏDYAROV – 3, Liren, Aronyan, Qrişuk – 2,5, So, Karyakin – 1,5.
Bu gün 6-cı turun oyunları baş tutacaq: Karuana – Qrişuk, So – Aronyan, Liren – Karyakin, MƏMMƏDYAROV – Kramnik.
Bu arada yığmamızın lideri bir tur əvvəl So ilə heç-heçə bitən oyundan sonra bunları deyib: “Çətin görüş alındı. Nəticədə artıq 30-cu gedişdə mübarizə başa çatdı. İstirahət günü müsbət keçdi. Bir qədər bərpa olunmaq imkanı əldə etdim. Əlbəttə, istənilən şahmatçı bu yarışın qalibi olmaq istəyir. Mən də istisna deyiləm. Ancaq üzərimdə təzyiq hiss etmirəm. Turnirdə qalib gəlsəm, əla olar. Bacarmasam, qorxulu heç nə baş verməyəcək”.
SƏRXAN