“Ailə həyatı qurandan sonra şahmatda reytinqim sürətlə yaxşılaşdı”
Hazırda idmanımızın ən populyar siması Şəhriyar Məmmədyarovdu. Almaniyanın paytaxtı Berlində şahmat tacına İddiaçıların Turnirində iştirak edən tanınmış qrossmeyster nargismagazine.az saytına maraqlı müsahibə verib.
- Həyatınızda şahmat olmasaydı, özünüzü harda görərdiz?
- Yəqin ki, yaxşı maliyyə analitiki, bank mütəxəssisi və ya psixoloq ola bilərdim. Amma heç vaxt gələcəklə bağlı şahmatsız plan qurmamışam.
- Dünyanın ən yaxşı şahmatçıları siyahısında qadınlar yoxdu. Şahmat daha çox kişilərin oyunudu?
- Fiziki idman növlərindən danışmasaq, şahmatla məşğul olan xanımlarda iddia çatışmır. Bu isə kişilərə xas xüsusiyyətdi.
- Daha çox kimlə şahmat oynamaq xoşunuza gəlir?
- Həmişə qalib gəldiklərimlə.
- Deyirlər ki, yalnız güclü şahmatçı nədə zəif olduğunu bilir. Sizin gizlətmək istədiyiniz belə nöqtələr varmı?
- Gizlətmək yox, düzəltmək istədiyim cəhətlər var. Çalışıram ki, onlardan qurtulum.
- Əsas rəqibiniz kimdi?
- Yəqin ki, hazırkı dünya çempionu Maqnus Karlsen.
- Ailə, həyat yoldaşınızın dəstəyi sizin üçün nə dərəcədə vacibdi?
- Deyərdim ki, bu qiymətsizdi. Məsələn, ailə həyatı qurandan sonra şahmatda reytinqim sürətlə yaxşılaşdı.
- Adi gününüz necə keçir?
- Adətən, səhər saat 10-da yuxudan dururam. Ailəmlə vaxt keçirirəm, şahmatla məşğul oluram. Axşamlar isə dostlarımla görüşürəm.
- Bəs şahmatdan necə yayınırsız?
- Futbola baxmağı, dostlarımla domino oynamağı xoşlayıram. Aktiv idman növlərindən stolüstü tennisi üstün tuturam.
- Şahmat həm də döyüş strategiyasıdı. Necə düşünürsüz, şahmatçı real həyatda da lider ola bilərmi?
- Məncə, ola bilər. Peşəkar şahmatçı özündə çox xüsusiyyəti cəmləşdirir. Menecerə məxsus olan keyfiyyətlər də onda var. Liderlik, daim rəqabətdə olmaq və başqa xüsusiyyətləri nəzərdə tuturam.
- Gülməyi xoşlayırsız. Bu sizə oyunlar zamanı kömək edirmi?
- Partiyaların gedişində gülmürəm. Çünki bu, lazımi qaydada köklənməyimə mane olur.
- Elə bir qələbə varmı ki, ondan sonra “arzuladığım hər şeyə çatdım” deyəcəksiz?
- Həmişə can atdığın nəsə var. Hələ böyüklər arasında dünya çempionu olmamışam.