Tərlan Əhmədov: “Mirabdullanın haqqını yeyə bilmərəm”
Yetərincə maraqlı alınan “Neftçi” – “Qarabağ” qarşılaşmasından sonrakı mətbuat konfransında hər iki komandanın baş məşqçisi nəticədən razı görünürdü. Ənənəyə uyğun olaraq kameralar qarşısına əvvəlcə qonaqların çalışdırıcısı Qurban Qurbanov çıxdı. Həm də yığmanın baş məşqçisi olan Qurbanov öncə fikirlərini bildirdi, daha sonra oyun və milliylə bağlı sualları cavabladı: “Fikrimcə, maraqlı oyun alındı. Bilirəm, hamı azı 1 qol gözləyirdi. Belə oyunda çatışmayan qol oldu. Çempionatın ən sürətli görüşlərindən biri oldu. Həm toplu, həm də topsuz. Hər iki komanda olduqca fəal göründü. “Neftçi” son vaxtlar özünün zirvə formasındadı. Bilirdik ki, bizim üçün çətin olacaq. Bu gün azarkeşlər də möhtəşəm idi. İlk dəqiqələrdən sonra qədər fəal idilər. Oyundan razı qaldığımı deməliyəm. Həm özümüzə, həm də rəqibə növbəti matçlarda uğurlar arzulayıram”.
- İlk hissənin ortalarında rəqibi üzərinizə gəlməyə məcbur edirdiz ki, belədə Şehiçin uzun ötürmələri rəqibin müdafiə xəttinin arxasına atılırdı. Taktiki taşırıq idi, yoxsa bu cür oynamağa “Neftçi” sizi məcbur edirdi?
- Bütün oyunlarda Şehiç oyunun içində olur. Rəqib çox irəli çıxırsa, Şehiçdən istifadə edirik. Ola bilsin, bəzi ötürmələr dəqiq alınmadı. Amma oyundan əvvəl də bilirdik ki, rəqib üzərimizə gələcək. Bu gün “Neftçi” yaxşı təşkilatlanmış komanda təsiri bağışladı.
- Son dəqiqələrdə xeyrinizə verilməyən penalti vardı. Həmin epizodu kənardan necə gördüz və kobudluğa məruz qalan Ramildən nəsə soruşduzmu?
- Heç nə danışmadıq. Danışmağın faydası olmayacaqdı. Normal oyun epizodu idi.
- İlk hissədə komandanız çox güc sərf etdi deyə, sanki fasilədən sonra futbolçularda yorğunluq vardı...
- Kənardan belə görünə bilər. “Neftçi” sona qədər tempi aşağı salmadı, bunu mütləq qeyd etməliyik. Hiss olunurdu ki, qalib gəlmək istəyirlər. Futbolçularda özünəinam var idi. Bunu da ardıcıl 2 qələbənin gətirdiyi inam verdi. Rəqib bizə imkan verdiyi qədər oynamağa çalışdıq. Bizim də qol vurmaq imkanlarımız vardı.
- Çemionatın hazırkı səviyyəsi ilə bağlı fikirləriniz maraqlıdı.
- Yaxşı... Qış fasiləsindən sonra komandalar daha da fəallaşıb. Bəziləri oyun sistemini dəyişib, bəziləri heyəti gücləndirib. İlk yarı ilə ikinci arasında fərq var.
- Türkiyə mətbuatının yazdığına görə, “Trabzonspor” rəhbərliyi icarədə olan futbolçuları qaytarmaqda iddialıdı. Bildiyimiz kimi, Ramil Şeydayev “Qarabağ”da icarə əsasında top qovur. Mövsümün sonunda yenidən Ramillə bağlı düşünməyə ehtiyac olacaq?
- Bu məsələyə mövsümün sonunda baxacağıq. Bu haqda düşünmək üçün vaxtımız çox olacaq. Həm biz, həm də Ramil doğru qərar verməlidi.
- Ufuk Budaka yığmada oynamaq üçün təklif göndərdiyiniz həqiqətdi?
- Təklif etmişdik, amma hazırda zədəlidi.
- Millinin heyətini nə vaxt açıqlayacaqsız?
- “Sumqayıt” – “Kəpəz” oyunundan sonra yekun siyahını açıqlayacam. Yəqin ki, sabah (bu gün) AFFA-nın saytında yerləşdirilər.
- Yığmanın heyətində sürpriz futbolçu(lar)ya rast gəlmək mümkün olacaq?
- Dəyişikliklər olacaq.
Qurbanovun ardınca zala Tərlan Əhmədov ayaq basdı. O da həmkarı kimi, öncə oyunla bağlı danışdı, daha sonra suallarımıza cavab verdi: “Rəhbərlik adından futbolçularımıza təşəkkür etdik. Bu cür gözəl oyunda çatışmayan qol oldu. Məncə, heç-heçə oyunun ədalətli nəticəsi idi. 1 xalı qənaətbəxş saya bilərik. Müdafiədə səhvsiz çıxış etməyimiz məni sevindirdi. Bundan başqa, rəqibi təzyiq altında saxlamaq üçün hücum futboluna üstünlük verdik. Öncəki oyunlarda qollu qələbələr qazanmışdıq. Təəssüf ki, bu dəfə rəqib qapısına yol tapa bilmədik. Fürsətdən istifadə edib, 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.
-“Neftçi”nin futbolçuları 4-5 real qol fürsətini boşa verdi. Səbəbi nədə görürsüz?
- Ola bilsin, oyunun ajiotajı bəzi futbolçularda gərginlik yaratmışdı. Son 3 turda 6 qol vurub, 4-nü buraxmışdıq. Bu oyunda qol vura bilmədikcə, futbolçularda gərginlik daha da artırdı. Mən də çox istərdim ki, o cür imkanlardan bir neçəsi qolla nəticələnsin.
- Qış fasiləsindən sonra “Kəpəz”i çətinliklə məğlub edib, “Sumqayıt”a uduzmuşduz. Ardınca “Zirə”ylə heç-heçə etmişdiz. Lakin son 3 turda kifayət qədər güclü rəqiblərlə matçlardan 7 xalla ayrıldız. Nəyi dəyişdiz? Olmaya yeni prezidentin gəlişi öz təsirini göstərməkdədi?
- Mən haqlı tənqidləri sevən adamam. Təriflənməyi xoşlamıram. Hər nə qədər tənqid olunsam da, bilirdim ki, düz yoldayıq, işimizi düz qurmuşuq. İstər Antalyada, istərsə də toplanışdan sonra plan üzrə çalışmışdıq. Heç bir komanda toplanışdan sonra 100 faiz hazır olmur. Ona görə də bizdə müəyyən çatışmazlıqlar var, yorğunluq hiss olunurdu. Bilirdim ki, zamanla komanda öz oyununu sərgiləyəcək. O ki qaldı rəhbərlik dəyişikliyinə, bəlkə də bunun da müsbət rolu var. “Sumqayıt”la oyundan bir gün əvvəl rəhbərlik yeni dəyişmişdi deyə, müəyyən psixoloji zərbə var idi. Lakin zamanla futbolçulara yeni dövrün başladığını aşılaya bildik.
- Emin Mahmudovun əvəzlənməsi nə ilə bağlıydı?
- Eminin qasıq nahiyəsində zədəsi var. Oynamaya da bilərdi. Sadəcə, mənim devizim budu ki, qalib heyəti dəyişməzlər. Ona görə də həmin futbolçulara şans verdim. Derlis Meza Kolli iki gün əvvəl zədələnmişdi, hətta həkimlər meydana çıxmaq şansının sıfra bərabər olduğunu deyirdilər. Lakin riskə gedib onu meydana buraxdım. Emini əvəzləməyim zədəsinə görəydi. Bildiyimə görə, dördüncü “sarı”ya görə növbəti turda oynaya bilməyəcək.
- Qış fasiləsindən sonra əsas heyətdə Lukas Qomesə şans verib, Mirabdulla Abbasovu ehtiyatda saxlayırsız. İndi əksinədi. Bu nə ilə bağlıdı?
- Bildiyiniz kimi, Qomesin atası rəhmətə gedib. Hətta “Qəbələ”ylə oyundan əvvəl ona birhəftəlik icazə vermişdim. Qəbələyə səfər etdiyimiz gün səhər saatlarında Bakıya gəldi. Atasının dünyasını dəyişməsi ona böyük zərbə vurmuşdu. Həm də yad ölkədə yaşayan adam üçün çətindi. Tədricən özünə gəlməkdədi. Həm də Mirabdullanın əsas heyətdə oynadığı oyunlarda qələbələr qazanmışdıq. Belədə Mirabdullanın haqqını yeyə bilmərəm.
HƏBİB