Qalib “Nike”la “Joma”dan biri olacaq
Yeni rəhbərliyin gəlişindən sonra “Neftçi”də bəzi kadr dəyişikliklərinin aparılmasından xəbərdarsız. Görünür, yeniliklər təkcə fərdlərlə bağlı olmayacaq. Belə ki, artıq başqa məsələlərdə də “yeni nəfəs”ə ehtiyac duyulur.
Klub saytında bununla bağlı elan yerləşdirilib: "Neftçi” Peşəkar Futbol Klubu idman geyimləri təminatçısı olan şirkətləri rəsmi tenderdə iştirak etməyə dəvət edir. Tenderdə iştirak etmək istəyən şirkətlər aşağıda qeyd olunan əlaqə nömrəsi və elektron ünvanı ilə əlaqə saxlayaraq, lazım olan prosedurlar barədə məlumat əldə edə bilərlər. Qeyd edək ki, tenderdə qalib gələcək şirkət klubun əsas və əvəzedici komandalarının 2018/19 mövsümü üçün rəsmi idman geyimlərini təmin etmək hüququ qazanacaq. Tenderdə iştirak edəcək şirkətlər təkliflərini qapalı zərf şəkilində son müddət olaraq 2 aprel 2018-ci il tarixinədək klubun rəsmi ünvanına göndərməlidilər”. Sonda Tural Əliyev adlı şəxsin əlaqə nömrələri və klubun elektron ünvanı göstərilib.
Bilirsiz, bu nə deməkdi? Kamil Məmmədovun izini-tozunu klubdan birdəfəlik yox etmək. Orxan Hüseynzadənin prezidentliyi dövründə, demək olar, bütün əcnəbi futbolçuların “Neftçi”yə keçidini həll edən və bundan yetərincə pul qazanan tanınmış agent həm də “ağ-qaralar”ın rəsmi işçisi sayılırdı. Üstəlik, Məmmədovun yaxın dostu Tural Məmmədova da “Neftçi”də xüsusi vəzifə ayrılmışdı. Bunlar azmış kimi, “Neftçi” adı çəkilən agentin birbaşa əməkdaşlıq etdiyi “Kappa”nın geyim məhsullarından yararlanırdı. Yayda “Kappa” ilə başa çatacaq müqavilənin müddəti uzadılmayacaq ki, bu da Kamil Məmmədovun ayağını birdəfəlik klubdan kəsməkdi.
Növbəti sual: tender elan etməyin mənası varmı? İstər premyer-liqada, istərsə də birinci divizionda dolayı yolla SOCAR-dan maliyyələşən bir neçə klub var. “Neftçi”dən başqa, “Keşlə”, “Sumqayıt”, “Kəpəz”, “Səbail”, “Zaqatala”, “Turan Tovuz” və s. Bu və başqa klublar yalnız iki geyim şirkətindən asılıdı. Biri yığmaları da “ağuşuna alan” “Nike”dısa, digəri “Joma”dı. Konkretləşdirsək, birbaşa AFFA-nın nəzarətində olan “Səbail”lə “Kəpəz” “Nike”ın məhsullarından yararlanır. “Keşlə”, “Sumqayıt”, “Zaqatala” və “Turan Tovuz” isə “Joma”ya bağlıdı.
AFFA-nın yığmalarla bağlı bir günün içində “Nike”la əməkdaşlığa qərar verməsi az söz-söhbətə səbəb olmamışdı. Artıq bu şirkət AFFA-dakı söz sahibləri üçün doğmalaşıb. “Joma”dakı nümayəndə kimdisə, o da AFFA-ya yol tapa bilib. Odu ki, “Neftçi”nin tender elan etməsi boş şeydi. Sonda nə “Adidas” qalib olacaq, nə “Umbro”, nə də “Diadora”. Sağ olsun, “Nike”la “Joma”dan biri...
HƏBİB