Yığmanın qarşıdakı toplanışında Ufuk Budakın da iştirak edəcəyi gözlənilirdi. Çünki bir müddət öncə məhz “Samsunspor”un üzvünə görə millinin baş məşqçisi Qurban Qurbanov köməkçisi Elçin Rəhmanovu Türkiyəyə göndərmişdi. Rəhmanov həm futbolçunun oyununu izləyəcək, həm də onunla görüşüb danışacaqdı. Hərçənd “Elazığspor”la qarşılaşmanı Ufuk əvvəldən sonadək ehtiyat oyunçular skamyasından izlədi. Elçin bəyin onun oyununa baxmaq imkanı olmasa da, nəzərdə tutulan görüş gerçəkləşmişdi. Çox güman, yığmanın Belarus və Makedoniya ilə yoxlama oyunları üçün Budaka dəvət göndəriləcəkdi. Ancaq “Samsunspor”un müdafiəçisinin milliyə dönüşü budəfəki hazırlıq prosesində baş tutmayacaq. Bu haqda məlumatı Türkiyə mətbuatı yayıb. Arxa xətt oyunçusu PTT liqasının geridə qalan turunda, “Qaziantepspor”la görüşdə (1:2) zədələndiyinə görə yığmada olmayacaq. Onun bu üzdən AFFA rəsmiləri ilə əlaqə saxladığı və dəvət edilməməsini istədiyi, üzrxahlıq etdiyi vurğulanıb. Millilərin oyunları ilə bağlı yaranacaq fasilədə müayinə ediləcək 28 yaşlı müdafiəçinin çempionatın “Adanaspor”la matçına qədər sıraya dönməsi gözlənilir. “Samsunspor”un həkimi tibbi müayinənin ardından zədənin qorxulu olmadığını açıqlayıb. Lakin həkimin məsləhəti ilə məşqçilər korpusu onu “Boluspor”la görüşdə riskə atmamaq qərarına gəlib.
Bu arada Belarusun və “Astana”nın üzvü İqor Şitov Qazaxıstan mətbuatına açıqlama verib. O yığmaya çağırılması, millimiz və Sloveniya ilə yoldaşlıq matçları haqda danışıb: “Yığmanın formasını geyməyə həmişə hazıram. Düzdü, ötən il millinin bir neçə görüşünə dəvət almadım. Bu, məşqçilər korpusunun qərarı idi. Bu dəfə isə məni çağırmağı lazım bildilər. İlk yoxlama oyunumuzu Bakıda keçirəcəyik. Martın 23-də Azərbaycanla qarşılaşdıqdan sonra Lyublyanaya yollanacağıq. Çünki ayın 27-də Sloveniya ilə yoldaşlıq matçı keçirəcəyik. Düşünürəm ki, bizi çox maraqlı oyunlar gözləyir”.
Yeri gəlmişkən, Millətlər Liqasında yığmamız, Kosovo və Farer adaları ilə eyni qrupda yer alan Maltanın ayın 22-də Lüksemburqla, bundan 4 gün sonra Finlandiya ilə üz-üzə gələcəyini xəbər vermişdik. Bu oyunlara 25 futbolçu dəvət edən “cırtdan”ın baş məşqçisi Tom Saintfit maraqlı fikirlər səsləndirib: “Yoldaşlıq görüşləri olmasına baxmayaraq, meydana məğlub olmaq fikri ilə çıxmırıq və uduzmaq üçün də oynamayacağıq. Qələbə qazanmağa çalışmalıyıq və bunun üçün döyüşəcəyik. Həm Lüksemburq, həm də Finlandiya ilə matçda hücum futbolu sərgiləyəcək, mümkün qədər çox qol vəziyyəti yaratmağa cəhd edəcəyik. Lüksemburq və Finlandiya yaxşı komandalardı. Onlar aşağı-yuxarı sentyabrda başlayacaq Millətlər Liqasındakı rəqiblərimizə bənzəyir. Bu üzdən milliyə yeni çağırılan futbolçuları diqqətlə izləyirik. Ancaq bu, yekun heyətimiz deyil. Sentyabrda keçirəcəyimiz rəsmi görüşlərə ən ideal heyəti çağıracağımıza əmin olmalıyıq”.
Baş məşqçi yarımmüdafiəçi Miçel Malliaya dəvət göndərsə də, ona şans verilməyəcəyini bildirib: “Komandaya yeni qoşulanlardan biri də Miçel Mallia olacaq. Ancaq o, Avstraliyanın U-23 yığmasında çıxış edib. Məsələ ilə bağlı müraciətimizə FİFA-nın rəsmi cavab verməsini gözləyirik. Bu üzdən onun yoldaşlıq görüşlərində iştirakı mümkün görünmür. Ancaq istədiyimiz cavabı alsaq, Millətlər Liqasında Farer adaları və Azərbaycanla oyunlarda Mallianı meydanda görə bilərik”.
FARİZ