Dünən AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub. Komitə premyer-liqada və əvəzedicilərin çempionatında 19-cu, divizionda isə 17-ci turda baş verən qayda pozuntularını müzakirə edib, hüquqi qiymət verib.
Əslində premyer-liqanın ötən turunda “qırmızı” alan olmamış, sarı vərəqələrin də sayı 4-ə çatmamışdı. Bununla belə, İK “Kəpəz” – “Qəbələ” matçının AFFA nümayəndəsinin raportuna əsasən meydan sahiblərini cəzalandırıb. Matç başa çatdıqdan sonra “Qəbələ” stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusu daşa basılıb, şüşəsi sındırılıb. “Kəpəz” qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə 4000 manat cərimələnib. “Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesab gəncəlilər tərəfindən ödənilməlidi.
Əvəzedicilərdən yalnız “Zirə” ziyana düşüb. “Qarabağ”la oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qəsəbə təmsilçisi 400 manat “tərləyib”.
Diviziona gəlincə, “Zaqatala” – “Xəzər” matçı PFL-i 320 manat irəli salıb. “Xəzər” vərəqə sayının çoxluğuna görə 80 manat cərimələnib. Oyunun 2-ci uzatma dəqiqəsində isə “Zaqatala”nın futbolçusu Sahil Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, bu da ona 3 turluq cəza, kluba 240 manat bahasına başa gəlib.
Eyni ssenari “Şüvəlan” – “Mil-Muğan” matçında da yaşanıb. “Şüvəlan” sarı vərəqə bolluğuna, “Mil-Muğan” isə aqressiv davranışa görə “qırmızı” alan futbolçunun güdazına gedib. Cərimələr də eyni olub. İmişli təmsilçisində 3 oyunluq cəzalanan futbolçu isə Samir Babayevdi.
Beləliklə, İK-nın son iclasında klublara 5040 manatlıq cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 86160 manata çatıb.