
Şəhriyar autsayderi yenə bilmədi
Almaniyanın paytaxtı Berlində dünya şahmat tacına İddiaçıların Turniri davam edir. Dünən 4-cü turun oyunları keçirilib. Şəhriyar Məmmədyarov (2809) ağ fiqurlarla autsayder Uesli So (ABŞ, 2799) ilə qarşılaşıb. Gözləmək olardı ki, yarışın reytinq favoriti amerikalı şahmatçıya qalib gələcək. Ancaq həmyerlimiz rəqibin öhdəsindən gələ bilməyib. Əslində 29-cu gedişdə yekunlaşan görüşdə rəqib səhvsiz oynadı. Fiqurları dəyişməyə üstünlük verən So bir növ Məmmədyarova qalib gəlmək üçün resurs saxlamadı. Qısası, partiyanın axarı heç-heçəni qaçılmaz edirdi. Aleksandr Qrişuk (Rusiya, 2767) – Dinq Liren (Çin, 2769) duelində də “sülh” qeydə alınıb. Levon Aronyan (Ermənistan, 2794) analoji turnirin son qalibi Sergey Karyakini (Rusiya, 2763) məğlub edib. Günün 6 saatdan artıq davam edən partiyasının yekununda lider dəyişib. Vladimir Kramnik (Rusiya, 2800) qələbəyə çox yaxın olsa da, ardıcıl səhvlər nəticəsində təşəbbüs Fabiano Karuanaya (ABŞ, 2784) keçib və uduzub. Nəticədə İtaliya əsilli şahmatçı liderliyə yüksəlib.
Xal durumu: Karuana – 3, Kramnik, MƏMMƏDYAROV – 2,5, Liren, Aronyan, Qrişuk – 2, So, Karyakin - 1.
Bu gün 5-ci turun oyunları baş tutacaq: Aronyan – Qrişuk, Liren – MƏMMƏDYAROV, So – Kramnik, Karuana – Karyakin.
Bu arada Şəhriyar 3-cü turda Karuanayla heç-heçə bitən görüşdən sonra bunları deyib: “Mənə elə gəlirdi ki, seytnotdan sonra üstünlüyüm var. Ancaq müxtəlif variantları nəzərdən keçirdim. Belədə təşəbbüsü əldən verdim. Bu, yetərincə emosional oyun idi. Gedişlərimdən biri açıq-aşkar axmaq gediş idi”.
Karuananın fikirləri isə belə olub: “Fikrimcə, normal nəticə qeydə alındı. İlk 3 tura 2 xal yetərincə yaxşı göstəricidi. Düzgün gedişləri tapmaq üçün vaxt çatmadı. Ümumilikdə heç-heçədən razı qaldım”.
Yeri gəlmişkən, 2013-cü ildə yığmamızın kapitanı kimi Avropa çempionu olmuş Aleksandr Xalifman ilk turları təhlil edərkən favoritlərini açıqlayıb: “Uesli Sonun belə startı xoşuma gəlmədi. Qalan şahmatçıların titul qazanmaq şansı var. Hazırda real favoritlər Kramniklə Məmmədyarovdu. Ancaq hər şey baş verə bilər. İlk dövrənin yekununda bir çox suallara aydınlıq gələcək. Ancaq hələ heç nə bəlli deyil. Fikrimcə, çox maraqlı olacaq”.