Şahmatçılar tualetdən də narazıdı
Almaniyanın paytaxtı Berlində şahmat tacına İddiaçıların Turniri davam edir. Dünən 3-cü turun oyunları keçirilib. Şəhriyar Məmmədyarov (2809) qara fiqurlarla Fabiano Karuanaya (ABŞ, 2784) qarşı oynayıb. Bu, günün ən uzun çəkən görüşü olub. Qarşılaşmanın ortalarında ABŞ şahmatçısı heç-heçə təklif etsə də, həmyerlimiz mübarizəni davam etdirməyi üstün tutub. Ancaq 47-ci gedişdə tərəflər “sülh”ün qaçılmaz olduğunu anlayıb. Vladimir Kramnik (Rusiya, 2800) möhtəşəm oyun sərgiləyərək bukmeker kontorlarının favoriti sayılan Levon Aronyanı (Ermənistan, 2794) məğlub edib. Sergey Karyakin (Rusiya, 2763) - Aleksandr Qrişuk (Rusiya, 2767) və Uesli So (ABŞ, 2799) – Dinq Liren (Çin, 2769) partiyaları heç-heçə bitib.
Xal durumu: Kramnik – 2,5, MƏMMƏDYAROV, Karuana – 2, Liren, Qrişuk – 1,5, Karyakin, Aronyan – 1, So – 0,5.
Bu gün yarışda ilk istirahət günüdü. Sabah 4-cü turun oyunları baş tutacaq: Qrişuk - Liren, MƏMMƏDYAROV – So, Kramnik – Karuana, Karyakin – Aronyan.
Bu arada Şəhriyar 2-ci turda Aronyanla heç-heçə bitən oyundan sonra bunları deyib: “Karyakinlə uzun sürən oyundan sonra çox yorulmuşdum. Belə partiya oynamaq asan deyil. Bu dəfə görüş qısa çəkdi. Ardıcıl iki gün 6 saatlıq qarşılaşmanın olması nadir hallarda baş verir. Komandamdan yalnız Aleksey Dreyev mənimlə birgə Berlinə gəlib. Başqa heç kim yoxdu. Pis başlanğıcdan sonra öz oyunumu necə tapdım? Bilmirəm. Bunu Karyakindən soruşun. O, belə məsələlərdə mütəxəssisdi. Adətən, pis başladığım oyunlar pis də nəticələnir”.
Maraqlıdı ki, həm Məmmədyarov, həm də Aronyan tualetdən narazılığını dilə gətirib. Şəhriyar daim tualetdə “tıxac” olduğunu və daha bir sanitar qovşağın olmasının vacibliyini dilə gətirib.
Yeri gəlmişkən, “Neftçi” rəsmi “feysbuk” səhifəsi vasitəsi ilə şahmatçımıza uğurlar arzulayıb. Səhifədə qrossmeysterlə yanaşı, “ağ-qaralar”ın sabiq futbolçuları Əli Rəhmanovla Asəf Namazovun şahmat oynayarkən çəkilmiş şəkli yerləşdirilib və bunlar yazılıb: “Buna görə də futbol ağıl oyunudu. 1976-cı il, Əli Rəhmanov Asəf Namazova qarşı. Rafiq Quliyev müşahidə edir. “Neftçi” PFK azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarova İddiaçıların Turnirində uğurlar arzulayır!”
SƏRXAN