“İndi də qalib olmasa, bəs nə vaxt olacaq?!”
Bu gün şahmat dünyasının gözü Almaniyanın paytaxtı Berlinə dikiləcək. Şahmat tacına İddiaçıların Turniri start götürəcək. Martın 28-dək dünyanın 8 tanınmış qrossmeysteri titul – Maqnus Karlsenə rəqib olmaq uğrunda mübarizə aparacaq. İndiyədək bu yarış bizim üçün xoş xatirələrlə yadda qalmayıb. Ancaq bu dəfə inam böyükdü. Çünki Şəhriyar Məmmədyarov (2809) titula əsas namizədlərdən sayılır.
Tarixə qısa səyahət
1948-ci ildə əsası qoyulan turnir müxtəlif dövrlərdə, müxtəlif reqlamentlərlə keçirilib. İlk dəfə bu yarışda ölkəmizi Şəhriyar və Teymur Rəcəbov təmsil edib. Əslində 2011-də Kazanda keçirilən yarış Bakıda təşkil olunmalıydı. Ancaq Levon Aronyanın təhlükəsizlik məsələsi gündəmə gəldiyindən FİDE yarış məkanını dəyişmək məcburiyyətində qaldı. Bununla belə, ölkəmizin təşkilatçı statusu saxlandığından iki şahmatçı ilə təmsil olunmaq hüququna xələl gəlmədi. Həmin yarışın reqlamentinə görə 8 iştirakçı pley-off sistemi ilə mübarizə apardı. Hər iki təmsilçimiz elə ilk mərhələdə sıradan çıxdı. Məmmədyarov sonradan turnirin qalibi olan israilli Boris Gelfanda, Rəcəbov isə rus Vladimir Kramnikə uduzdu. İki il sonra eyni sayda iştirakçı Londonda münasibətləri aydınlaşdırdı. Bu dəfə yarış dairəvi sistem üzrə keçirildi. Rəcəbov karyerasının ən bərbad turnirini keçirərək 4 xalla sonuncu yeri tutdu. Teymur məhz o yarışdan sonra hələ də özünə tam gələ bilməyib. 2014-də İddiaçıların Turnirini Rusiyanın Xantı-Mansiysk vilayəti qəbul etdi. Bu dəfə Məmmədyarov ölkəmizi təmsil etdi və 7 xalla 4-cü yeri tutdu. İki il sonra Moskvada keçirilən analoji yarışa isə heç bir yığma üzvü vəsiqə qazana bilməmişdi.
Heç vaxt belə iddialı olmayıb
Göründüyü kimi, bu, Şəhriyarın İddiaçıların Turnirində 3-cü cəhdidi. Necə deyərlər, atalar üçdən deyib. Məmmədyarov son iki ildə yüksələn qrafiklə hərəkət edir. Ardıcıl iki dəfə Şəmkirdə Vüqar Həşimov Memorialının qalibi olan sumqayıtlı qrossmeyster hazırkı yarışa “Qran-pri” seriyasının qalibi olmaqla vəsiqə qazanıb. Reytinq mövqeyinə və əmsalına görə bu il ölkə rekordunu yeniləyən Məmmədyarov heç vaxt olmadığı qədər forma yığıb. Yaradıcılığını bir qədər də genişləndirən həmyerlimizin özünəinamına söz ola bilməz. Yəqin ki, ardıcıl uğurlu çıxış psixoloji hazırlığın da qaydasında olmasından xəbər verir. Bircə qalır tarixi uğura imza atmaq. Qoy, Şəhriyar rəqiblərdən yox, rəqiblər reytinq-favorit olan Şəhriyardan çəkinsin!
Rəqiblərin şansları
Əlbəttə, İddiaçıların Turnirində say-seçmə şahmatçılar çıxış edirsə, zəif rəqib axtarmağa dəyməz. Hətta şansları ən aşağı göstərilən Aleksandr Qrişuk (Rusiya, 2767) və Dinq Liren (Çin, 2769) də sürpriz edə bilər. Amma kağız üzərində nisbətən önə çıxan adlar var. Levon Aronyan (Ermənistan, 2794) heç vaxt bu yarışın qalibi olmasa da, sabit çıxışı ilə seçilir. Əsəbləri qaydasında olan, soyuqqanlı şahmatçılardandı. Vladimir Kramnik (Rusiya, 2800) 8 iştirakçı arasında ən təcrübəlisidi. Belə yarışlarda məhz təcrübə də qələbə üçün lazımlı vasitələrdən biridi. Yanvarda Veyk-An-Zeedə keçirilən superturnirdə zəif təsir bağışlayan Fabiano Karuana (ABŞ, 2784) özünü yenidən sübut etmək üçün alışıb-yanırsa, onun komanda yoldaşı Uesli So (ABŞ, 2799) son illər sürətli yüksəliş əldə edən qrossmeysterdi və bunu məntiqi sonluğa çatdırmağa çalışacaq. Şübhəsiz, analoji yarışın son qalibi Sergey Karyakin (Rusiya, 2763) də Berlinə turist kimi yollanmayıb. Çətin vəziyyətlərdən çıxmağı bacaran rusiyalı qrossmeyster Karlsendən qisas almağın planlarını cızıb. Bunun üçün isə ilk növbədə Almaniyada hamını qabaqlamalıdı.
Maliyyəyə gəlincə...
Sözsüz, ulduzların toplaşdığı yarışın mükafat fondu da adına layiq olmalıdı. Berlindəki turnirin iştirakçılarına 420 min avro paylanacaq. Yarışın qalibi 95 min avro qazanacaq. Onun ən yaxın izləyicisinə 88 min avro çatacaq. İlk “3-lüy”ü qapayan qrossmeyster hesabına 75 min avro qatacaq. Sonrakı yerlərin sahibləri uyğun olaraq 55, 40, 28, 22 və 17 min avro əldə edəcək.
Mütəxəssis rəyi
Anar Allahverdiyev: “Şəhriyarın şanslarını yüksək qiymətləndirirəm. Reytinqinə görə dünyanın 2-ci şahmatçısıdı. İndi də qalib olmasa, bəs nə vaxt olacaq?! Titula namizədlərdən biri və elə birincisi elə Şəhriyardı. Vladimir Kramniki də namizəd saymaq olar. Çünki çox təcrübəli şahmatçıdı. Ümumiyyətlə, İddiaçılar Turnirində zəif iştirakçı yoxdu. Sergey Karyakini də siyahıdan silmək olmaz. Çünki sonuncu analoji yarışın qalibi məhz bu qrossmeyster olub. Şəhriyar yaxşı formadadı. Mixail Tal Memorialının rapid yarışında da özünü çox yaxşı nümayiş etdirdi. Məmmədyarovun çox böyük şansları var. Ondan böyük uğur gözləyirik. Rəqiblər arasında ona tərs gələn şahmatçı yoxdu. Şəhriyar universal zəka sahibidi. İstənilən situasiyadan çıxmaq variantları var. Hətta daha öncə kiminləsə oyunu alınmayıbsa, bu belə də davam edəcək anlamına gəlmir. Məsələn, Hikaru Nakamura uzun müddət Maqnus Karlsenə qalib gələ bilmirdi. Ancaq amerikalı qrossmeyster artıq bu sindromu qırıb. Bu üzdən belə statistik göstəricilərin həlledici olacağını düşünmürəm”.
Reaksiyalar
Aleksandr Qrişuk: “Turnirin favoritləri kimlərdi? Bunlar Kramnik, Karyakin, Liren, Aronyan, Məmmədyarov, Karuana və Sodu. Mənə gəlincə, heç bir yarışdan nəsə gözləmirəm. Mübarizə aparacam. Mənim üçün ən önəmlisi budu. Yekunda yarışı +2, +3 və +4 saldo ilə başa vura bilərəm. Ancaq bu haqda düşünmürəm. İddiaçılar Turnirində mənim üçün ən uyğun rəqib Şəhriyardı. Çünki onunla oyunlarda müsbət statistikam var".
Vladimir Kramnik: “Mənə elə gəlir ki, tarixdə ilk dəfə İddiaçılar Turnirində hansı şahmatçının qalib gələcəyini proqnozlaşdırmaq mümkün deyil. Adətən, bir-iki iddialı nisbətən önə çıxır. Ancaq bu dəfə hamının şansı eynidi”.
Sergey Karyakin: “Heç kimi qiymətləndirməyəcəm. Bütün iştirakçılar çox güclü şahmatçılardı. Aronyan güclü şahmatçı olsa da, son vaxtlar belə güclü yarışlara çox qatılmayıb. Bu da ona problem yarada bilər. İşini düzgün qura bilsə, çox təhlükəli rəqib olacaq. Əlbəttə, Kramnik bu yarışın ən təcrübəli iştirakçısıdı. So və Karuana gənc və təhlükəli qrossmeysterlərdi. Qrişukun da İddiaçılar Turnirində oynamaq təcrübəsi var. Bu yarışda zəif iştirakçı yoxdu”.
Vladimir Tukmakov: “Bu səkkiz şahmatçı arasında nisbətən önə çıxan qrossmeysterlər var. Birinci yer xüsusi pillədi. Kramnik, Aronyan və Məmmədyarovun adını favorit kimi çəkə bilərəm. 100 faiz əmin olmasam da, Karuananı da bu siyahıya əlavə etmək olar. İşə belə yanaşma müxtəlif turnir taktikalarını ortaya çıxarır. Sözsüz, yarışın qalibi olmaq istəyən şahmatçılar daha çox risk etməyə məhkumdu. Qeyd etdiyim “4-lük” içində Levon və Şəhriyar yaxşı əhval-ruhiyyədə olsalar, bu turnirdə optimal formada çıxış etsələr, turnirə xüsusi təsvir verəcəklər. Onlardan hansısa 4 oyundan 3 xal toplasa, bu turnirin gedişini tam dəyişəcək. Ancaq sözdə favorit olanların oyunları alınmasa, hətta autsayder belə ola bilərlər. Gərgin mübarizə getsə, finişə böyük qrup çata və yarış 1-ci yerə köklənməyən şahmatçının qələbəsi ilə yekunlaşa bilər”.
Maraqlıdı...
Nüfuzlu bukmeker kontorları İddiaçıların Turniri üçün əmsalları açıqlayıb. “Bwin”ə görə çempionluq şansı ən yüksək olan şahmatçı Aronyandı. Levonun qələbəsi 4 əmsalla qiymətləndirilir. Karuana (5,50) və Kramnikə (6) də kontorun inamı böyükdü. So, Karyakin və Məmmədyarovun qələbəsinə pul yatıranlar sərmayələrini 7 dəfə artıra bilər. Ən az şans Qrişuka (15) və Lirenə (17) verilir. “Marathonbet” isə ilk turun əmsallarını açıqlayıb. Şəhriyar ilk turda qara fiqurlarla oynadığından qələbəsinə yüksək əmsal (7,20) qoyulub. “Ağlar”la oynayacaq Karyakinin (5,80) uğur qazanmaq şansı nisbətən yüksək dəyərləndirilir. Ancaq ən böyük ehtimal münasibətləri çox yaxşı olan şahmatçıların heç-heçəyə razılaşmasıdı. “Sülh”ə pul yatıranların qazancı çox olmayacaq. Çünki bu dueldə heç-heçə əmsalı 1,35-ə bərabərdi. “Chess-news.ru” saytının sosial şəbəkədə keçirdiyi sorğunun qalibi də Aronyan olub. Səsverənlərin 33,2 faizi erməninin Maqnus Karlsenə rəqib olacağını düşünür. Kramnik (17,6), Karyakin (12,6), Məmmədyarov (11,6), Karuana (8,9), Qrişuk (8,2), So (5,5) və Liren (2,4) respondentlərdə böyük inam formalaşdırmayıb.
Bilin ki...
Mayın 27-dən iyunun 8-dək Norveçin Stavanqer şəhərində şahmat üzrə superturnir keçiriləcək. Yarışda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək. Yığma üzvünün rəqibləri dünya çempionu Maqnus Karlsen (Norveç), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa), Fabiano Karuana (İtaliya), Vişvanatan Anand (Hindistan), Dinq Liren (Çin) və Sergey Karyakin (Rusiya) olacaq. Bir dövrəli sistem üzrə keçiriləcək turnirin qalibi 9 turun yekununda müəyyənləşəcək.
SƏRXAN