73. Kəpəz (Gəncə) - Qəbələ 0:1 (0:0)
22. Sergey Litovçenko - 4,5
15. İqor Korotetski - 4,0
13. Şəhriyar Rəhimov (k) - 4,5
4. Şəhriyar Əliyev - 4,0
18. Tural Cəlilov - 4,5
91. Dario Federiko - 5,0
16. Quili Mancqaladze - 4,0
8. Samir Zərgərov - 4,0
(10. Tural Rzayev, 76) - qiymətsiz
20. Tərzin Cahangirov - 4,0
(48. Dieqo Qusmao, 70) - 4,0
7. Roman Hüseynov - 4,5
(9. İlkin Sadıqov, 70) - 4,0
24. Şadon Vinçester - 4,5
Ehtiyat oyunçular
1. Davud Kərimi
55. Tərlan Qasımzadə
5. Tural Nərimanov
6. Ceyhun Cavadov
11. Kamran Abdullazadə
12. İlyas Səfərzadə
21. Murad Səttarlı
3. Dedimar Ferreyra
2. Yusif Cəfərov
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Dario Federiko
22. Dmitri Bezotosnı - 5,0
9. Baqali Dabo - 5,5
10. Ruslan Qurbanov - 5,5
11. Asif Məmmədov (k) - 5,5
15. Vitali Vernidub - 5,0
16. Omar Malone - 5,0
19. Filip Ozobiç - 6,0
29. Hacıağa Hacıyev - 5,0
33. Təmkin Xəlilzadə - 5,0
34. Urfan Abbasov - 5,0
45. Famussa Kone - 5,5
(6. Elvin Məmmədov, 88) - qiymətsiz
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
4. Elvin Camalov
5. Rasim Ramaldanov
18. İlqar Qurbanov
32. Amin Seydiyev
89. Abbas Ağazadə
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Filip Ozobiç
Qol: F.Ozobiç, 66.
Vərəqələr: H.Hacıyev, 19 (qeyri-idman hərəkəti); T.Cəlilov, 21 (qeyri-idman hərəkəti), R.Qurbanov, 30 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
9 mart. Gəncə. Şəhər stadionu. 5000 tamaşaçı (24000 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Bu komandaları bir-birinə tanış, həm də yaddaqalan rəqib adlandırmaq olar. İlk dövrədə Qəbələdə keçirilən oyunda gəncəlilər 2:0 hesabıyla qələbə qazana bilmişdi. İkinci dövrədəki görüş isə meydan sahibləri üçün faciəvi alınmışdı. Roman Qriqorçukun yetirmələri “sarı-göylər”in qapısına 6 dəfə yol tapmaqla Yunis Hüseynovun debütünü korlamışdı. Halbuki Gəncədəki matçlar “Qəbələ” üçün heç də asan başa gəlmirdi. Matçı prinsipial edən əsas məqamlardan biri də hər iki komandanın bölgə təmsilçisi olmasıydı.
Heyətlərə nəzər salanda, Qriqorçukun “Səbail” və “Neftçi”ylə oyunlarda ciddi səhvlərə yol verən həmyerlisi Vitali Verniduba yer verməsi diqqəti çəkməyə bilməzdi. Əvəzində Rasim Ramaldanov yenə ehtiyatda qalmışdı. Cavid Hüseynovun cəzası başa çatdığı halda, adı iştirak ərizəsinə salınmamışdı. Bu oyunu Roman Hüseynov üçün əlamətdar edən səbəb müqavilə ilə məxsus olduğu komandaya qarşı oynamasıydı. İndiyə qədər daim ehtiyatda qalan Romana Yunis Hüseynov sanki özünüsübut imkanı yaratmışdı.
Oyundan təxminən yarımsaat əvvəl Gəncədə şiddətli yağışın yağması meydanı ağırlaşdırmışdı. Məhz buna görəydi ki, iki komandanın futbolçuları sürətli oyun göstərməkdə çətinlik çəkir, baş məşqçilərin tapşırıqlarını yerinə yetirə bilmirdilər. Təbii, “Qəbələ”li futbolçuların ustalıq səviyyəsi oyun planında özünü göstərirdi. Qonaqlar qısa ötürmələr hesabına cərimə meydançasına daxil olmaqda çətinlik çəkdiyindən üstünlük əsasən qapı qarşısına asmalara və uzaqdan zərbələrə verilirdi. Hava toplarını zərərsizləşdirmək Litovçenko üçün çətin deyildi. Uzaqdan zərbələri də dəf edən ukraynalı qolkiper 25-ci dəqiqədə az qala topu tordan çıxaracaqdı. Di gəl ki, Konenin zərbəsini çətinliklə də olsa, kornerə çıxara bildi. Litovçenko 43-cü dəqiqədə növbəti dəfə azarkeşlərin alqışını qazandı. Qapıçı Ozobiçin cərimə zərbəsindən “9-luğ”a göndərdiyi topu barmaqlarının ucuyla dəf etdi.
Fasilədən sonra qonaqların təzyiqi artıracağı gözlənilən idi. Oyuna nəzarəti əlində saxlayan və ardıcıl ötürmələrlə rəqibi topsuz qaçmağa məcbur edən “qırmızı-qaralar” bu mənada pis təsir bağışlamırdı. Lakin hücumların qurulması və yekunlaşması baxımından problem heç cür həllini tapmırdı. 52-ci dəqiqədə Konenin əlverişli mövqedən vurduğu qeyrdi-dəqiq zərbə ən çox baş məşqçisini özündən çıxardı. Bir saatın tamamında bu dəfə Vinçester fərqlənməyə yaxın oldu. Lakin onun da zərbəsi tələsik alındığından, hücum nəticəsiz qaldı. 64-cü dəqiqədə Litovçenko növbəti dəfə keçilməz olduğunu göstərdi. Ukraynalı qapıçı Asifin zərbəsini dəf etsə də, bir dəqiqə sonra oyunboyu çəkdiyi əziyyətini özü öz əlləriylə yerə vurdu. Hər halda, Ozobiçin vurduğu qol zamanı qapıçının günahı böyük idi. Hesabı açmaqla kifayətlənməyən qonaqların növbəti dəfə fərqlənmək istəyi başadüşülən idi. 68-ci dəqiqədə Ozobiç - Sergey duelindən bu dəfə qolkiper qalib ayrıldı. Qol vurmağın vacibliyini görən Yunis Hüseynov birdən-birə iki əvəzetmə edib, Dieqo ilə İlkini döyüşə atdı. Lakin bu dəyişikliklər də fayda vermədi. “Qəbələ” yenə üstün təsir bağışlayır, qol imkanları yaradırdı. Meydan sahibləri isə heç cür hücum qura bilmirdi. 78-ci dəqiqədə yerli azakeşlərin qola sevinməsinə oyuna yeni qoşulan Tural Rzayev imkan vermədi. Şəhriyar Rəhimovdan ideal ötürmə alan “10 nömrə” topu ram edə bilməyincə, qol şansı boşa verildi. İki dəqiqə keçməmiş Kone yüzfaizlik qol fürsətini boşa verdi. 82-ci dəqiqədə “Kəpəz”in fəallarından olan Vinçesterin zərbəsi qapının yanından keçdi. Oyunun sonlarına yaxın qonaqların diqqəti müdafiəyə ayırıb, riskə getməməsi başadüşülən idi. Bundan yararlanan gəncəlilər böyük qüvvə ilə irəli atılıb bərabərlik qolunu axtarsalar da, hakimin final fitinə qədər istəklərinə çata bilmədilər.
Bu qələbəyə ən çox sevinən heç şübhəsiz, Cavid Hüseynov idi. Zədəyə görə oynamaq imkanı qazanmayan yığma üzvü dünən 30 yaşını tamamladı. “Kəpəz” isə qış fasiləsindən sonra 4-cü dəfə 0:1 hesabıyla məğlub oldu.
Gözdən qaçmadı
* Səfər oyunlarında komandalarının yanında görməyə alışdığımız “Qəbələ”nin azarkeşləri ilk dəqiqələrdə sevimlilərini tək qoymuşdu. “Red Black Army”nin üzvləri 22-ci dəqiqədə tribunadakı yerlərini tutdular.
* Oyunun əvvəlində Roman Qriqorçukun aut xəttinə qədər irəliləməsi yerli azarkeşlərdən birinin diqqətini çəkdi. Yaşlı fanatın üzünü dördüncü hakimə tutub, “ayə, sudya, ona bax ə, gör hara çıxıf” deməsi təkcə azarkeşlərin yox, “Qəbələ” rəsmilərinin də gülüşünə səbəb oldu.
*”Kəpəz”in əslən yevlaxlı olan Əhməd adlı azarkeşi təxminən 20-ci dəqiqədə mərkəzi tribunadakı yerini tutdu. Azarkeşlər Əhmədi o dərəcədə sevinclə qarşıladılar ki, sanki “Kəpəz” qol vurmuşdu.
* İlk hissənin ortalarında İlkin Sadıqovun isinmə hərəkətləri etmək üçün meydanın kənarına tərəf yön alması azarkeşlərin narazılığına səbəb oldu. Aralarında biri etirazını “Yunis, sən canın, İlkini buraxma, əsəblərimizlə oynayajax” şəklində bildirdi.
* “Səbail” üzərində qələbə Gəncənin icra başçısını həvəsləndirmişdi. Hər imkanda stadiona təşrif buyurmayan Elmar Vəliyev matçı izləyənlər arasındaydı.
* Komandasının qol vura bilməməsi Roman Qriqorçuku özündən çıxarmışdı. Təcrübəli çalışdırıcı hirsini soyutmaq üçün yaxşı vasitə tapmışdı – hakimin qərarlarına kəskin etiraz etmək. Çoxdan bu dərəcədə emosional görünmürdü.
* “Xəmsə”nin üzvlərinin açdığı “Salam admin” pankartının mənasını başa düşmək mümkün olmadı.
* Oyunsonrası mətbuat konfransında Roman Qriqorçukun tərcüməçisi kimi görməyə alışdığımız Məhəmməd Əzizli iştirak etmədiyindən, bu funksiyanı vaxtilə “Futbol+”də çalışmış, sonradan “Neftçi”nin mətbuat katibi olmuş Səbuhi Səfiyarlı yerinə yetirdi. Yəni Səfiyarlı üçün tanış kreslo idi.
HƏBİB