Qadın voleybolçular arasında Türkiyə çempionatında 1/4 final mərhələsinə yekun vurulub. “Fənərbaxça” səfərdə olduğu kimi, İstanbulda da “Bursa BB”yə qalib gəlib – 3:2 (25:11, 22:25, 32:30, 19:25, 19:17). Polina Rəhimova 28 xalla komandasının ən məhsuldar oyunçusu olub. Beləliklə, “sarı-lacivərdlilər” yarımfinala yüksəlib. Ancaq “Fənər”in finala çıxmaq şansları yüksək deyil. Çünki bunun üçün müntəzəm çempionatın qalibi “Əczaçıbaşı” mübarizədən kənarlaşdırılmalıdı.
Bu arada Rusiya çempionatında yarımfinal oyunlarının vaxtı müəyyənləşib. Martın 25-də “Dinamo” Kazanda “Uraloçka”nı sınağa çəkəcək. Natalya Məmmədovanın komandası 4 gün sonra cavab qarşılaşmasına çıxacaq. Moskva “Dinamo”sunun isə “Yenisey”lə münasibətləri aydınlaşdıracağını nəzərinizə çatdıraq.