Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə blits turniri keçirilib. Rapiddə 2-ci yeri tutan Şəhriyar Məmmədyarov (2809) şahmatın ən sürətli növündə fiasko ilə üzləşib. Yığmamızın lideri 13 turdan ibarət yarışda Daniil Dubov (Rusiya, 2701), Dmitri Andreykin (Rusiya, 2712), Vladimir Kramnik (Rusiya, 2800), Vişvanatan Anand (Hindistan, 2776) və Vladimir Fedoseyevə (Rusiya, 2724) uduzub. Aleksandr Qrişuk (Rusiya, 2767), Vladislav Artyomov (Rusiya, 2697), Aleksandr Morozeviç (Rusiya, 2665), Sergey Karyakin (Rusiya, 2763), Yan Nepomnyaşi (Rusiya, 2751) və Hikaru Nakamura (ABŞ, 2787) ilə heç-heçə edən həmyerlimiz yalnız Boris Gelfandla (İsrail, 2695) Pyotr Svidlerə (Rusiya, 2760) qalib gəlib. Yekunda 5 xalla 13-cü yeri tutub. O, yalnız Gelfandı (4) qabaqlayıb. İlk “3-lük”də uyğun olaraq Karyakin (10), Nakamura (8,5) və Nepomnyaşi (7,5) qərarlaşıb.
Qeyd edək ki, bu, şahmat tacına İddiaçıların Turniri ərəfəsində Məmmədyarovun son yarışı olub. Almaniyanın paytaxtı Berlində təşkil olunacaq turnirin martın 10-da start götürəcəyini də xatırladaq.