“Meydana çıxmamasına görə özü də təəccüblənmişdi”
Qurban Qurbanov yığmada baş məşqçi postuna keçəndən sonra müəyyən yeniliklərin olacağı gözlənilən idi. Məsələn, Berti Foqtsla Robert Prosineçkinin dönəmində əcnəbi mütəxəssislər canlarına əziyyət verib xaricdə top qovan futbolçuları izləmək üçün həmin ölkələrə səfər etməzdilər. Heç köməkçilərini də göndərmirlər. Bu baxımdan Qurbanovun yeniliyə imza atdığını deyə bilərik. İlk hədəf isə Türkiyə olub.
Bu məqsədlə Qurban bəyin əsas köməkçisi Elçin Rəhmanov qonşu ölkəyə yollanıb. Məqsəd Foqtsun sevimli futbolçularından olan Ufuk Budakı iş başında izləmək imiş. Lakin Rəhmanov istəyinə çatmayıb. Belə ki, PTT liqasının 26-cı turunda “Samsunspor” öz meydanında “Elazığspor”u qəbul edib, 90 dəqiqənin sonunda 2:0-lıq qələbəyə sevinib. Di gəl ki, Ufuk özünü göstərmək imkanı qazanmayıb. Buna səbəb isə baş məşqçinin ona şans verməməsi olub. Halbuki Ufuk əsas heyət üzvlərindən sayılır.
Səfərdən əliboş qayıdan Elçin Rəhmanovun təəssüratlarını dinləmək maraqlıdı. Hər halda, yaranmış vəziyyət onu razı sala bilməz. Maraqlıdı, Qurbanovun köməkçisi səfərə çıxmamış Ufukun əsas heyətdə yer alıb-almayacağını bilmirdi? Yoxsa səbəb potensial yığma üzvünün zədələnməsi olub? Hər halda, Rəhmanovu dinləyək: “Ufuk Budak, demək olar, bütün oyunların iştirakçısı olub. Türkiyəyə getməmiş maraqlanmışdıq və deyərdim ki, meydana çıxmaq ehtimalı böyük idi. Ufukun özüylə görüşdüm, lazım olan məlumatarı aldım. Meydana çıxmamasını baş məşqçinin qərarıyla əlaqələndirdi, özü də təəccüblənmişdi. Yəni heç bir problem yox idi. Məşqçi şans versəydi, oynayacaqdı. Türkiyə səfərini səmərəli saymaq olar. Ən vacib odu ki, Ufukla görüşdüm, söhbətləşdim. Yığmanın qapıları hər bir futbolçu üçün açıqdı. Gələcəkdə dəvət alıb-almayacağı Qurban Qurbanovun qərarından asılı olacaq. Bu haqda nəsə deyə bilmərəm”.
Rəhmanovun səfəri Türkiyə ilə məhdudlaşır, yoxsa qarşıdakı günlərdə başqa ölkələrə də yollanacaq: “Legioner həyatı yaşayan futbolçuları canlı şəkildə iş başında görmək maraqlıdı. Hər biri diqqət mərkəzində olacaq. Amma növbəti səfərin hansı ölkəyə olacağını deyə bilmərəm. Qurban müəllim necə məsləhət bilsə, elə də olacaq”.
HƏBİB