Gəlir xərcdən 6 milyon manat çoxdu
Dünən AFFA-nın Hesabat Konfransı keçirildi. Bu assosiasiyanın yubiley - 25-ci konfransı idi. Tədbir “Bulvar otel”də səhər saat 10-da başladı. Konfransda xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla İcraiyyə Komitəsinin üzvləri, assosiasiyaya üzv qurumların nümayəndələri, həmçinin əcnəbi qonaqlar - FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə kuratoru Byorn Vassallo, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Con Deleyni və UEFA-nın Milli Assosiayaların İnkişafı üzrə şöbəsinin rəhbəri Tyerri Favre iştirak edirdi. Bundan başqa, gənclər və idman naziri Azad Rəhimov də tədbirə qatılmışdı.
Təbii, bəzi məqamlar diqqəti çəkdi. Uzun illərdən sonra AFFA-nın konfransı qurumun sabiq sözçüsü Mikayıl Nərimanoğlu olmadan baş tutdu. Məlum olduğu kimi, o “Kəpəz”dəki işini yarıtmadığına görə assosiasiyadan da uzaqlaşdırılıb. Eləcə də PFL prezidenti Ramin Musayev konfransa qatılmamışdı. Konfrans yığmanın DÇ-2018-in seçmə mərhələsində keçirdiyi oyunların icmalından ibarət videoçarxın nümayişi ilə başladı. Əsasən millinin vurduğu qollar göstərildi, rəqiblərin fərqləndiyi anlardan isə bəziləri nümayiş etdirildi. Videoçarx başa çatandan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev konfrans nümayəndələrini, qonaqları və jurnalistləri salamladı. O 2017 ilə bağlı ümumi fikirlərini dilə gətirdi: "Hesabat dövrü ərzində ölkəmizdə futbolun inkişafı yönündə bir sıra layihələr həyata keçirilib və bu uğurlu proses davam etdiriləcək. “Qarabağ”ın ötən il ÇL-in qrup mərhələsinə vəsiqə qazanması ölkəmiz üçün çox əhəmiyyətli hadisə oldu. Həmçinin gələn il AL-in final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verildi. Bu AFFA-ya UEFA tərəfindən yüksək etimad göstərilməsi anlamına gəlir. Qızlardan ibarət yığma AÇ-nin elit mərhələsinə vəsiqə qazandı, Bakıda FİFA-nın sammiti keçirildi. Qurban Qurbanov millinin baş məşqçisi təyin olundu. Ona uğurlar arzulayıram. Ötən dövr ərzində xoşagəlməz hallar da baş verdi. Danışılmış oyunlarla bağlı məsələləri nəzarətə götürmüşük. İki futbolçu və bir sıra şəxslər ciddi şəkildə cəzalandı. Bu cür neqativ hallara qarşı sərt mübarizə aparacağıq. Bundan sonra da qanun çərçivəsində lazım olanlar ediləcək”.
Ardınca Abdullayev sözü AFFA-nın baş katibi Elxan Məmmədova verdi. Baş katib isə Konfransın səlahiyyətli olub-olmadığını açıqlamaq üçün sözü mandat komissiyasının sədri Rəmiş Malıyevə ötürdü. Malıyev məruzə edərək 35 səlahiyyətli nümayəndədən 28-nin iştirak etdiyini, yetərsay olduğu üçün konfransın səlahiyyətli sayıldığını təsdiqlədi. Tərkibi Rövşən Əhmədov, Vaqif Ömərov və Kərim Ağayevdən ibarət say komissiyası seçildi. Daha sonra Elxan bəy FİFA-nın Avropa ölkələri üzrə kuratoru Byorn Vassallonu təmsil etdiyi qurumun konrfansa müraciətini səsləndirmək üçün kürsüyə dəvət etdi. Əcnəbi qonaq fikirlərini səsləndirdikdən sonra baş katib 2017-ni ümumi şəkildə dəyərləndirdi: “2017 də 2016-cı il kimi futbolla zəngin idi. Bütün mövsümlərdə beynəlxalq oyunlar izləmək şansımız oldu. İlk növbədə U-23-ün bizi sevindirdiyini deməliyəm. Yığmamız İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Nıhayət, komandamız futbolda da qızıl medal qazandı. Ötən ildən danışırıqsa, ÇL himninin səsinin (bu zaman Məmmədovun nitqinə mane olmayan tərzdə sözügedən himn səsləndirilir – F.) Olimpiya stadionunda yayılmasını yaddan çıxarmamalıyıq. “Qarabağ”ın uğuru bizi çox sevindirdi. Təzadlı məqam odu ki, “Qarabağ” qrup mərhələsində 8 komandalı çempionatı təmsil edən yeganə klub idi. Bu keyfiyyətlə kəmiyyətin müayisəsi deməkdi. 2012-ci ildə “Neftçi”, daha sonra isə “Qarabağ”la “Qəbələ” qrup mərhələsində daim ölkəmizi təmsil edir. İnanırıq ki. Qarşıdakı illərdə də hədəf bu olacaq. 2017-dəki digər önəmli məqam AL-in final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilməsi idi. Bu tenderdə qalib gəldik. ÇL-in finalı baxmından isə İspaniyayanın şansının daha çox olduğunu bilirdik. AL-in finalının BOS-a verilməsi ölkə başçısı İlham Əliyevin birbaşa dəstəyi nəticəsində reallaşdı. Bu üzdən prezidentimizə futbol ailəsi adından təşəkkür edirəm. Həmçinin etimada görə UEFA-ya da minnətdarlığımızı bildirirəm (üzünü UEFA-nın İcraiyyə Komitəsinin üzvünə tutur). Con, ümid edirəm ki, həmin iclasda sən səsini bizə verdin (gülür). AFFA-nın ötən il keçirilən İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul olundu. Hazırda 24 komandanın iştirak etdiyi Region Liqası təsis edildi. Uşaq liqalarında iştirakçı sayı 4 faiz artdı. İndi isə başqa bir məqama diqqət yetirək. Müsbətdən danışırıqsa, mənfini də unutmamalıyıq. Zəif cəhətlərimizi görməsək, inkişaf olmayacaq. Qol vuranda seviniriksə, buraxanda da çatışmazlıqlar üzərində dayanmalıyıq. Mövzu Rövnəq bəyin də qeyd etdiyi kimi, danışılmış oyunlardı. Artıq ikinci konfransdı ki, bu məsələni qaldırırıq. Çünki bu ciddi problemdi. Bu virus, cinayət, xəstəlik geniş vüsət almaqdadı. Cəzalanan şəxslərə, tətbiq etdiyimiz sanksiyalara baxmayaraq, bilirik ki, hələ başlanğıc mərhələsindəyik. Ötən ildən başlayaraq, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirik, maarifləndirmə işləri aparırıq. Gənclər və İdman Nazirliyi ilə birgə müəyyən işlər aparırıq. Konfransa olan hər kəsdən xahiş edirəm: bu mübarizədə bizimlə bərabər vuruşun. Çünki biz bu virusu məhv etməsək, o bizi məhv edəcək. 90-cı illərin sonu - bu əsrin əvvəllərini yada salaq. Şəqri Avropa ölkələrinin təmsilçiləri indi həmin gücdə deyillər. Buna səbəb vaxtilə həmin virusa qarşı mübarizə apara bilməmələridi. Odu ki, son 10 ildə həmin klublar böyük turnirlərdə görünmür. Həmçinin xüsusi komissiya də yaradılıb. Xüsusi anonim internet poçtu (oyun@affa.az) açılıb. Ora yaza bilərsiz. Nəyisə bilib deməmək həmin cinayətin tərkib hissəsi olmaq deməkdi".
Baş katib nitqini yekunlaşdırdıqdan sonra illik hesabatla bağlı videoçarx nümayiş olundu. AFFA-nın baş mühasibi Xalid Cavadov ötən ilin maliyyə hesabatını təqdim etdi Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənovun hesabatı dinlənildi. O heç bir qanun pozuntusu aşkarlanmadığını söylədi. Daha sonra Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə futbolun kütləviliyinin artırılması istiqamətində görülən işlərlə bağlı çıxış etdi. UEFA-nın “het-trik” proqramı haqda təqdimatla konfransda iştirak edən Tyerri Favrenin fikirləri dinlənildi. Bundan başqa, yığmanın iştirak edəcəyi Millətlər Liqası ilə bağlı UEFA-nın hazırladığı tanıtım videoçarxı izlənildi. Sonra söz UEFA İcraiyyə Komitəsinin üzvü Con Deleyniyə verildi: “Həmkarlarmla burda olmaq xoşdu. Avropa Oyunlarında da iştirak etmişdim və çox möhtəşəm tədbir idi. Biz bir sıra layihələrə dəstək olacağıq. Futbol təkcə pulla bağlı olan sahə deyil. Azərbaycan bu istiqamətdə böyük nailiyyətlər əldə etməkdədi. Bunu hesabatdan da gördük, komandalarınızın çıxışlarından da anlamaq mümkündü. “Qarabağ”ın “Atletiko” ilə oyunları çox əla idi. AL-in finalı üçün Bakı Olimpiya Stadionuna səs verdim. Bakı AÇ-2020-də qlobal mərkəz olacaq”.
Nəhayət, Rövnəq Abdullayev qısa nitqi ilə konfransa yekun vurdu: “FİFA və UEFA-ya minnətdaram. Azərbaycan futboluna, AFFA-ya daim dəstək olurlar. 2017 futbol üçün uğurlu il oldu. AFFA-nın sponsorlarının sayı artır. Çoxlu layihələr həyata keçirə bildik. Ümumiyyətlə, ölkəmizdə futbolun inkişafında, beynəlxalq oyunların təşkilində həmişə dəstək verdiyi üçün ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm. Klublarımız, hamımız çalışacağıq ki, bundan sonra da azarkeşlərimizə sevindirici anlar yaşadaq. Yeri gəlmişkən, xanımları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. FİFA və UEFA qadınların futbola cəlb olunmasında böyük işlər görürlər. Biz də bu yöndə fəaliyyətimizi davam etdiririk. Hər kəsin isə Novruz bayramını da təbrik edirəm”.
Sonda AFFA və UNİCEF-in birgə hazırladığı videoçarx nümayiş etdirildi, bununla da konfrans yekunlaşdı, ardınca İcraiyyə Komitəsinin iclası baş tutdu. İndi isə 2017-ci ilin hesabatı ilə bağlı rəqəmlərə diqqət yetirək.
Daxil olan vəsait
SOCAR – 8234150
UEFA – 6260268
A millinin yayın hüququ gəliri – 5955600
FİFA – 2718896
Azəridmanservis – 2538981
Bakcell MMC – 698416
Paşa Sığorta – 177000
Boulevard Hotel – 112100
Coca-Cola – 94400
Digər gəlirlər – 818494
cəmi – 27 milyon 608 min 305 manat
Xərclərin bölgüsü
Millilərə xərclənən vəsait – 10154918
Əməkhaqqı və ezamiyyə xərcləri – 3288043
Uşaq və gənclər futbolunun inkişafı, liqaların təşkili, beynəlxalq layihələrin keçirilməsi xərcləri – 2340815
Hakimlər və hakim-inspektorlar - 1445308
Təsərrüfat xərcləri – 490889
Oyunların təşkili - 1083125
Aviabilet və otel xərcləri – 407534
Nəqliyyat xərcləri – 265869
Kommunal və rabitə xərcləri – 228106
Təhsil – 203034
Marketinq və Sponsorluq Departamenti – 297235
“Cross Culture” layihəsi – 55596
“Elit Məşq” layihəsi – 102896
Media Komitəsi - 136161
“Futbol Dərsi” layihəsi - 77396
“Bakı AÇ-2020” layihəsi ilə bağlı hazırlıq işləri - 244439
Digər xərclər – 752303
cəmi – 21 milyon 573 min 667 manat
Qeyd edək ki, hesabatda yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Vergilər üzrə hərəkət 2353147 manatdı. Dövlət Sosial müdafiə Fonduna olan ayrılmalar, həmçinin klublarımızın ÇL və AL oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanma xərcləri də bura daxildi. Göründüyü kimi, ötən ilin gəliri xərcdən 6034638 manat çoxdu.
AFFA-nın tərkibində olan Federasiyalar və üzvlərə ayrılan vəsait
Futzal Federasiyası – 210500
Futbol Veteranları İttifaqı – 178693
Regional Futbol Federasiyası – 135544
Uşaq və Gənclər Federasiyası - 100000
Çimərlik Futbol Federasiyası – 92150
Əlillər Futbol Federasiyası – 77146
Peşəkar Futbol Liqası - 25500
İctimai Futbol Federasiyası – 19200
Tələbə Futbol Federasiyası - 11000
cəmi – 849733
Ötən il digər sponsordan ödənilən 363440 manat maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Futzal Federasiyasına köçürülüb. Onu da bildirək ki, AFFA-nın balansında olan stadionların, futbol akademiyasının və milli komandaların məşq mərkəzinin saxlanılmasına ayrılan vəsait ümumilikdə 2312321, infrastrukturdan gələn gəlir isə 2818093 manat təşkil edir. Klublara UEFA tərəfindən ümumilikdə 37458016 manat maliyyə ayrılıb. Həmin məbləğ qitə futbol qurumu tərəfindən AFFA-nın hesabına, assosiasiya isə klubların “xəzinəsinə” köçürüb. Bu baxımdan ən çox qazanc əldə edən “Qarabağ” olub. Ağdam klubu 33 milyon manatdan artıq gəlir əldə edib. Bundan başqa, birinci divizionda 5, premyer-liqada iştirak edən 2 kluba SOCAR tərəfindən ayrılan 5777796 manat vəsait AFFA-nın, qurum tərəfindən isə müvafiq klubların hesabına köçürülüb. Yeri gəlmişkən, premyer-liqada iştirak edən “İnter”ə 2016/17 mövsümünü başa vurmaq məqsədilə klubun sponsoru Azərbaycan Beynəlxalq Bankı tərəfindən ayrılan 500 min manat AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubun hesabına köçürülüb.
FARİZ