Arif Əsədov əməkdar məşqçi oldu
Dünən 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin (AGİN), Milli Olimpiya Komitəsinin (MOK), idman federasiyalarının və ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına baş çəkərək şəhidlərin məzarına gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha sonra 50-dək velosipedçinin iştirakı ilə Şəhidlər xiyabanının qarşısından Fəvvarələr meydanına doğru yürüş keçirilib.
Fəvvarələr meydanında da tədbir təşkil olunub. Tədbirdə 40-dan artıq idman federasiyası, idman təşkilatları və qurumları stendlərini sakinlərə və paytaxtın qonaqlarına nümayiş etdirib. Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK-un baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri stendlərlə tanış olub, federasiya və idman qurumlarının nailiyyətləri və fəaliyyətlərinin əsas istiqamətləri, gələcək planları haqda məlumatları dinləyiblər. Sonra müxtəlif viktorinalar təşkil olunub. İdmançıların nümunəvi çıxışları iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb. Tədbir konsert proqramı ilə davam edib.
Daha sonra MOK-un inzibati binasında bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib. Azad Rəhimov əməkdar bədən tərbiyəsi və idman xadimi, basketbol üzrə əməkdar məşqçi Elxan Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edib. Daha sonra 16 mütəxəssis fəxri bədən tərbiyəsi və idman işçisi, 8 mütəxəssis respublika dərəcəli hakim, 9 nəfər əməkdar idman ustası, 31 nəfər əməkdar məşqçi adı ilə təltif olunub. Təltif olunanlar arasında “Sabah”ın baş məşqçisi Arif Əsədov, NTD və basketbol üzrə U-20 yığmamızın çalışdırıcısı Tahir Baxşıyev, cüdo üzrə qadınlardan ibarət yığmamızın baş məşqçisi Natiq Bağırov və başqa tanınmış mütəxəssislər olub.