
Riad Rəfiyev “Sumqayıt”ın infrastrukturu ilə tanış oldu
Kamran Quliyevin “Sumqayıt”dan “Neftçi”yə “transferindən” sonra “kimyaçılar”ın boş qalan prezident kreslosuna AFFA-da seleksiya üzrə baş əlaqələndirici vəzifəsini daşıyan Riad Rəfiyevin təyin olunacağını ötən saylarımızın birində xəbər vermişdik. Düzdü, sonradan klubun Müşahidə Şurasının toplantısında sözügedən postun müvvəqəti “ağ-göylər”in vitse-prezidenti Vaqif Ömərova tapşırıldığı məlum oldu. Ancaq AFFA və kluba yaxın mənbələr həmin vaxt belə Riad bəyin təyinatının gec-tez reallaşacağını bildirmişdi. Bunu da belə əsaslandırmışdılar ki, Rəfiyev assosiasiyanın baş katibi Elxan Məmmədovun sevimli kadrlarından biridi. Milli komandalarda Qurban Qurbanov erası başladığından Riad bəy “oyundankənar” vəziyyətə düşüb ki, bu da Məmmədovu narahat etməyə bilməzdi. Bu üzdən baş katib kadrını daha məsul vəzifəyə göndərməyi lazım bilib.
Ötən gün əldə etdiyimiz məlumata görə, Rəfiyev “Qarabağ”la oyun günü Sumqayıta səfər edib. Səhər saatlarında “gənclik şəhəri”nə baş çəkən AFFA funksioneri prezident vəzifəsini müvəqqəti icra edən Ömərovla birgə stadionu dolaşıb, infrastrukturla tanış olub. Mənbəmizin sözlərinə inansaq, Vaqif bəy gələcək klub prezidentinə əsas komanda ilə yanaşı, akademiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Söylənilənlərə aydınlıq gətirmək üçün “Sumqayıt”a müvəqqəti prezident təyin olunan 66 yaşlı Ömərovla əlaqə saxladıq: “Şənbə günü Riad Rəfiyev AFFA nümayəndəsi kimi stadionumuza baş çəkib, aparılan təmir işləri ilə tanış oldu. O əvvəlcə “Azərikimya” İstehsalat Birliyində olmuşdu. Ondan sonra “Kapital Bank Arena”ya gəldi və birlikdə hazırkı infrastruktur və yeni meydanların salınması ilə maraqlandı. Bundan başqa, onunla birgə Mehdi Hüseynzadə adına stadiona da baxdıq. Yeni layihə ilə bağlı Riad müəllimdən öncə AFFA-dan rəsmilər gəlib görülən işlərlə bağlı qeydlər aparıblar. Rəfiyevin “Sumqayıt”a prezident təyin olunacağı ilə bağlı məndə heç bir məlumat yoxdu. Desəm ki bu söz-söhbətin heç bir əsası yoxdu və sabah fərqli durum yaşanar, deyərsiz ki, Vaqif müəllim bizə yalan danışdı. Açığı, mətbuatda yazılanlardan xəbərsizəm və mənim üçün əsas məsələ “Sumqayıt”ın uğurlu qrafik cızmasıdı. Qarşıya qoyulan məqsədə çatmaq üçün istər futbolçular, istər məşçqçilər korpusu, istərsə də rəhbərlik əlindən gələni edir”.
AFFA-da yığmalar üçün ölkə xaricindən futbolçular tapmaqla məşğul olan bir şəxsin “Sumqayıt”ın stadionuna və aşağı yaş qruplarının hazırlıq keçdiyi meydanlara baş çəkməsi ehtimalımızın həqiqət olduğunu göstərir. Belə çıxır ki, Riad Rəfiyev tezliklə Kamran Quliyevin boş qoyduğu posta yiyələnəcək.
RƏŞAD