Ayxan Abbasov: “Qəbələdəki olaylar bizə təsir etdi”
Qış fasiləsindən sonra ən az xal toplayan komanda “Zirə”di. Ayxan Abbasovun yetirmələri 3-cü dövrənin geridə qalan 4 turunda iki heç-heçə edib, iki oyunda məğlub olub. Başqa sözlə, “qartallar” mövsümün ikinci yarısında qələbəyə həsrətdi. “Neftçi” və “Sumqayıt”la (hər ikisi 1:1) heç-heçə edən qəsəbə təmsilçisi həm “Qəbələ”yə, həm də “Keşlə”yə eyni hesabla (1:2) uduzub. Hazırda 32 xalı olan “Zirə” ən yaxın izləyicisi “Sumqayıt”dan 4 xal öndədi. Halbuki komandalar qış fasiləsinə yollanarkən aradakı məsafə 10 xala bərabər idi. Uğursuzluq seriyası davam edərsə, 3-cü yerin də “qartallar”ın əlindən çıxması qaçılmaz olacaq.
Dünən qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovla əlaqə saxlayıb həm “Keşlə”yə məğlubiyyət, həm də qış fasiləsindən sonrakı uğursuzluqla bağlı fikirlərini öyrəndik: “Bizim üçün gözlənilməz məğlubiyyət oldu. Çünki komanda olaraq bu oyunda qələbəyə köklənmişdik. Bilirdik ki, “Keşlə” yaxşı müdafiə olunur və təhlükəli əks-hücumlar qurur. Standart vəziyyətdən qapımızda qol görsək də, hesabı bərabərləşdirə bildik. İkinci yarıda 3-4 qol epizodumuz var idi, ancaq şanslardan yararlanmağı bacarmadıq. Nəticədə rəqib əks-hücumda fərqləndi. Qışdan sonra qələbə qazana bilməmişik. Bunun bir çox səbəbləri var. Bunlardan biri də yeni gələn oyunçuların komandaya uyğunlaşmasıdı. İstər-istəməz vaxt lazımdı. “Sumqayıt”la aradakı xal fərqi 10-dan 4-ə enib. Lakin bu o demək deyil ki, təslim olmuşuq. Çalışacağıq ki, çatışmazlıqların üzərində işləyək, onları aradan qaldıraq və növbəti oyunlarda xallar qazanaq”.
“Zirə” qış fasiləsində heyətə düşməkdə çətinlik çəkən Murad Səttarlı, Nicat Qurbanov, David Manqa, eləcə də komanda üçün vacib oyunçular sayılan Təmkin Xəlilzadə və Qabriel Mateylə yolları ayırdı. Əvəzində Tellur Mütəllimov, Elşən Abdullayev, Mirsahib Abbasov kimi istedadlı yerli futbolçuları transfer etdi. Maraqlıdı ki, legioner axtarışları zamanı Abbasov bir sıra futbolçuları baxışdan keçirsə də, heç biri onu qane etməmişdi. Yalnız “transfer pəncərəsi”nin son günlərində Comal Uilyams, Yani Urdinov və Aleksandr Dedovla müqavilə imzalandı. Bu isə o deməkdi ki, trasnfer çalışmaları zamanı tam olaraq arzulanan oyunçular heyətə qatılmayıb. Bəlkə də uğursuzluğun səbəblərindən biri budu. Ayxan bəyi dinləyək: “Qış fasiləsində çalışdıq ki, gedən futbolçuların yerini dolduraq. Ümumiyyətlə, qışda futbolçu tapmaq çətindi. Transfer etdiyimiz yerli futbolçuların çoxu öz klubunda az şans qazananlar idi. Ona görə də tam formaya düşmələri üçün onlara da vaxt lazımdı. Digər tərəfdən, legioner axtarışı zamanı da çox götür-qoy etdik. Komandaya əcnəbi futbolçu da lazım idi. Bununla belə, qışda heyətə qatdıqlarımız özlərini yaxşı tərəfdən göstərir, etimadı doğruldurlar. Oyunlara baxsaq, Aleksandr Dedov, Comal Uilyams, Elşən Abdullayevin mübarizə apardıqlarını, çalışdıqlarını görərik. Onlardan narazılığım yoxdu. Belə durumla istənilən komanda qarşılaşa bilər. Ancaq hələ çempionat davam edir, premyer-liqanın qızğın vaxtıdı. Bu gün ruhdan düşə bilmərik. Çatışmazlıqları aradan qaldırmaq lazımdı”.
Məlum olduğu kimi, “Qəbələ” ilə oyunda yaşanan qalmaqal üzündən həm Ayxan Abbasov, həm də “Zirə”nin iki oyunçusu – Sadio Tounkara və Riçard Qadze İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandı. Baş məşqçi və adı çəkilən yetirmələri nə “Neftçi”, nə də “Keşlə” ilə oyunlarda iştirak etdi. Xüsusən Qadzenin qəsəbə təmsilçisi üçün nə qədər vacib fiqur olduğunu hamımız bilirik. Baş məşqçinin texniki zonada olmaması da komandaya təsir edən məqamdı. Qeydə alınan nəticələrdə həmin itkilərin nə qədər rolunun olub-olmadığını Abbasovdan soruşduq: “İstənilən oyunçunun olmaması bizim üçün itkidi. Elə komandayıq ki, bizdə artıq futbolçular yoxdu. Əsas hücumçumuzun oynamaması, digər futbolçuların yoxluğu sözünü deyir. Ümumilikdə Qəbələdəki olaylar bizə təsir etdi. Ancaq hər şeyi mənim olmamağımla bağlamaq olmaz. Bu gün uduzmuşuqsa, komanda şəklində yenilmişik. Səhvlərimizi bilirik və qarşıdakı oyunlarda onları təkrarlamamağa çalışacağıq”.
FARİZ