“Bütün çimərliklərin ətrafı tutulub, qaçmağa yer yoxdu”
Futbol idmanın kralıdısa, atletika kraliçasıdı. Ancaq nədənsə bizdə futbol başda olmaqla bir çox olimpiya növlərinə diqqət və qayğı göstərilsə də, atletika ögey münasibətlə üzləşib. İnanmaq çətindi ki, infrastruktur və maliyyə problemi yaşayan bir ölkə Ramil Quliyev kimi istedadlı atlet yetişdirib. Baxmayaraq ki, Atletika Federasiyasının (AAF) prezidenti Milli Olimpiya Komitəsinin (MOK) 1-ci vitse-prezidenti Çingiz Hüseynzadədi. Söhbət gənclər və idman naziri Azad Rəhimovdan sonra bu sahədə ən böyük nüfuz sahibi olan şəxsdən gedir. Amma nə sirri-xudadısa, belə nüfuzlu başqanı olan federasiyanın maddi imkanları yüksək deyil. Elit və çoxşaxəli idman növlərini özündə cəmləşdirən AAF-ın diqqətdən kənarda qalması absurddu. Sabah bir başqa istedadlı atletimiz şəraitsizlik və diqqətsizlik üzündən Quliyevin yoluyla getsə, bunun məsuliyyətini kim daşıyacaq? Yenə günahkar idmançı olacaq? Bəs onun karyerasını zərbə altında qoyanlara nə deməli?
İstedadlı atletlərimiz isə az deyil. Nazim Babayevin ardından Zəkiyyə Həsənova adından söz etdirməyə başlayıb. 22 yaşlı atlet təkcə bu il iki dəfə 60 metr məsafəyə qaçışda ölkə rekordunu yeniləyib. Potensial var, sadəcə, ondan düzgün istifadə etmək lazımdı. İndi AAF-ın əsas diqqəti Birmingemdə start götürən qış dünya çempionatına yönəlib. Xəbər verdiyimiz kimi, bu gün mundialda yeganə təmsilçimiz Aleksis Kapello üçtəkanla tullanmada yarışacaq.
Bu məsələlərlə bağlı yığmanın baş məşqçisi Bəhruz Salehli ilə danışmaq qərarına gəldik. Mütəxəssis mövcud problemləri danmadı.
- DÇ-yə yalnız Kapello vəsiqə qazanmışdı?
- Yox. Aleksislə eyni növdə çıxış edən Nazim Babayev mundialda iştirak üçün tələb olunan normativi yerinə yetirmişdi. Ancaq şəxsi məşqçisi yayda böyüklər arasında keçiriləcək Avropa çempionatına diqqəti ayırdıqlarını əsas gətirərək, yetirməsini İngiltərəyə yollamadı. Hayle İbrahimov isə təxminən 25 gün əvvəl zədələndi. Bu üzdən Birmingemə yollana bilmədi.
- Kubalı legionerlə İngiltərəyə kim yollanıb?
- Federasiyadan Məhərrəm Sultanzadə (AAF-ın texniki direktoru) ordadı. Kapellonun şəxsi məşqçisi kubalıdı, o başqa yerdən DÇ-yə yollanıb. Onun səfərini biz maliyyələşdirməmişik.
- Bu il Zəkiyyə Həsənovanın iki dəfə ölkə rekordunu yeniləməsi diqqəti çəkdi…
- O, bu il iki beynəlxalq turnirdə iştirak edib. Yanvarda Qazaxıstanda ölkə rekordunu yenilədi və fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Fəxriyyə Tağızadə isə 4-cü yeri tutdu. Ötən ay isə İstanbulda olduqca nüfuzlu yarış keçirildi. Orda reytinqi 1000 xaldan çox olan idmançılar iştirak edə bilərdi. Bu üzdən Türkiyədə ölkəmizi yalnız Zəkiyyə təmsil etdi. Həsənova finalda 7,45 saniyə nəticəylə ölkə rekordunu növbəti dəfə yenilədi. Atletimiz təsnifat yarışında da rekorda imza atdı. İstanbulda üçüncü yeri tutdu. Qısası, bu il əslində 3 dəfə ölkə rekordunu yeniləyib. Rahib Məmmədovu Latviyaya göndərmişdik. 60 metr məsafəyə maneələrlə qaçışda 8,00-lıq nəticəylə birinci yeri tutdu. Bu yaxınlarda isə onu Serbiyaya yolladıq. Belqradda finişə 8,03 saniyəyə çatmaqla 6-cı oldu. Amma bu yarışın daha nüfuzlu olduğunu da qeyd etməliyəm. Həmin ərəfədə yeniyetmə və gənclərdən ibarət 10 nəfərlik heyəti Belarusa yollamışdıq. Səid Nəcəfzadə üçtəkanla tullanmada 14,97 metrə tullanaraq bürünc medal qazandı. Yelena Pextireva hündürlüyə tullanmada 5,75 metr nəticəylə yeniyetmələr arasında ölkə rekordunu təkrarladı. Nüvəitələmədə isə Nurəhməd Babayev ölkə rekordunu yenilədi. Ümumilikdə 10 idmançımızdan 7-si şəxsi nəticəsini yenilədi. Yaxşı çıxış etdilər.
- Zəkiyyənin perspektivini necə dəyərləndirirsiz?
- Zədə və ya başqa problemlə üzləşməsə, böyüklərin Avropa çempionatına vəsiqə qazana bilər. 100 metrdə qitə birinciliyinə qatılmaq üçün normativ 11,50, 200 metrdə isə 23,50 saniyəyə bərabərdi. Ağac yavaş-yavaş böyüyür. Əslində bütün təbiət belədi. Həsənova iki ildi yaxşı nəticələrə imza atır. Birdən-birə yüksək göstərici gözləmək doğru deyil. Tədricən nəticələrini yaxşılaşdırır. Hər şey yolunda getsə, 80 faiz AÇ-yə vəsiqə qazanacaq. Hətta Zəkiyyə Tokio Olimpiadasına da lisenziya əldə edə bilər.
- Əcnəbi klublardan ona dəvət gəlməyib ki?
- Bununla bağlı hansısa problem yoxdu. Həsənova “Neftçi”nin idmançısıdı. Həm klubdan, həm də yığma üzvü kimi federasiyadan maaş alır. Rekordlara görə də federasiya ilin sonunda mükafat verir. Büdcə daxilində yardım etməyə çalışırıq.
- Bizdə şüvüllə tullanmada idmançı yoxdu?
- Təkcə şüvüllə tullanmada yox, atletikanın bəzi növlərində idmançımız yoxdu.
- Bu, infrastrukturla bağlı olan problemdi?
- Məsələn, uzaq məsafələrə qaçış. Bakıda məşq etməyə münasib yer yoxdu. Bunun üçün gərək saatlarla qaçasan. Özü də təmiz havada və yumşaq yerdə hazırlıq keçməlisən. Torpağın və ya qumun üzərində qaçmalısan. Əvvəl şərait vardı, ancaq indi çimərlikdə də qaçmaq olmur. Bütün çimərliklərin ətrafı tutulub, qaçmağa yer yoxdu. Yalnız bölgələrdə ola bilər. Şüvüllə tullanma SSRİ dağıldıqdan sonra bizdə tənəzzülə uğradı. Hündürlüyə tullanma bizdə güclü idi. İttifaq dağılandan sonra da bu növdə idmançılarımız vardı. Ancaq son vaxtlar hündürlüyə tullanmada da atletlər azalıb.
- Bakı Olimpiya Stadionu və Tofiq Bəhramov adına Respublika stadionunda atletlərin hazırlıq keçməsi üçün şərait var. Bu arenalardan yararlanırsız?
- Olimpiya stadionuna, demək olar ki, getmirik. Çünki metrodan çıxıb, stadiona getmək üçün 20 dəqiqə piyada getməlisən. Bu qədər piyada getdikdən sonra isə məşq etmək çox çətindi. Hazırlıqdan sonra da eyni qaydada qayıtmalısan. Gərək ora marşrut açıla ki, bu problem aradan qalxsın. Başqa cür mümkün deyil. Federasiyanın da nəqliyyat vasitəsi yoxdu ki, idmançıları ora aparıb-gətirsin. Respublika stadionunu isə “Qarabağ” icarəyə götürdüyündən orda məşq etmirik. Yalnız ADBTİA-nın stadionunda hazırlıq keçirik.
- Respublika Olimpiya Mərkəzi tələblərə cavab verir?
- Bu manej 1981-ci ildə istifadəyə verilib. Köhnə lahihəylə inşa edilib, müasir tələblərə cavab vermir. Ancaq məşq keçmək üçün münasibdi. Hər halda, bizdə olan manej yalnız budu. Yarış üçün münasib deyil. Döngələri çox sərtdi. Döngələrdən qaçarkən zədə almaq ehtimalı var. Müasir məkanlarda döngələr geniş götürüldüyündən belə problem yaranmır.
- Atletikada kütləvilik hansı səviyyədədi?
- Bakıda yaxşıdı, ancaq bölgələrdə yoxdu. Sumqayıt, Gəncə, Ucar kimi bölgələrdən çempionata məhdud sayda qatılanlar olur. Ötən ildən Gənclər və İdman Nazirliyi ilə birgə bölgələrdə yarışlar keçiririk. Ötən il 5 bölgədə yarış təşkil etdik. Final mərhələsi Xaçmazda baş tutdu. Potensialı olanları Mixail Antipovun xatirə turnirində və ölkə çempionatında sınaqdan keçirmişik. Ancaq yarışa qatılmaqla bir şey olmur. Gərək məşq də eləsinlər. Bölgələrdə isə hazırlıq səviyyəsi çox pisdi. Məsələn, məndə olan məlumata görə, Ucarda stadion yoxdu. Məktəbin həyətində məşq edirlər. Bu il bölgələrdə 5 yox, 10 yarış keçirəcəyik ki, coğrafiyanı genişləndirək və seçim imkanını artıraq.
SƏRXAN