Qusar stadionuna yeni süni örtük döşənəcək
Bölgələrdə futbolun inkişafına çalışan AFFA rəhbərliyi 2017/18 mövsümündən Region Liqası adı altında yeni çempionatın keçirilməsinə qərar verdi. Liqada çıxış edən komandalar həvəskar status daşısa da, aralarında elələri var ki, bir neçə il əvvələ kimi premyer-liqa və birinci divizionda iştirak edib, ölkə futbolunun tarixinə düşməyi bacarıb. Belə klublardan biri də “Şəmkir”di. Ötən mövsüm birinci dəstədə çıxış edən “ağ-qırmızılar” bir ara elitaya yüksəlmək uğrunda mübarizə aparsa da, sonda klubun sabiq prezidenti Elvin Səfərli komandanı maliyyələşdirməkdən imtina etdi və yarıyolda buraxdı. Ötən yay “Şəmkir”in, ümumiyyətlə, tarixin yaddaşına köçəcəyi gözlənilirdi. Ancaq belə ağır durumda rayonun icra başçısı Alimpaşa Məmmədov rayondaxili çempionat keçirmək qərarı verdi. Məqsəd isə turnirdə fərqlənən yerli gənclərdən yeni “Şəmkir” formalaşdırmaq və bu komandanın Region Liqasında iştirakını təmin etmək idi. İlk iki turda meydanı məyus tərk edən “ağ-qırmızılar” qış fasiləsindən sonra daha inamlı təsir bağışlayır. Komanda hər iki qarşılaşmanı qələbə ilə başa vurub.
“Şəmkir”in uğurlarına sevinən Alimpaşa bəy “Energetik”lə oyundan öncə baş məşqçi Firdovsi Əhmədovu və komandanın idarə heyətini qəbul edib. Bununla bağlı bilgini İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Elgün Seyiddən aldıq. Elgün bəyin sözlərinə görə, icra başçısı əvvəlcə kollektivi son iki matçda qazanılan qələbə münasibəti ilə təbrik edib, “Energetik”lə matçda uğurlar arzulayıb: “Biz istəyirik ki, futbol bölgəsi kimi tanınan Şəmkirin də ölkə futbolunun inkişafında payı olsun. Bilirsiz ki, "Şəmkir"in şanlı tarixi var. Bu komanda iki dəfə Azərbaycan çempionu olub. Amma bunlar rayonumuz üçün kifayət deyil. Əlimizdən gələni edirik ki, “Şəmkir” tək keçmişdə yazdığı tarixlə yox, gələcəkdə daha böyük uğurlarla bizləri sevindirsin. İnanıram ki, "Şəmkir" yenidən yaşıl meydanlarda tarix yazacaq. Bunun üçün rayonumuzda futbolu sevən insanlar səfərbər olunublar. Şəmkirdə keçirilən rayon birinciliyi də bunun üçündü. Bu gün “Şəmkir”i bir qəsəbənin gəncləri təmsil edir. Bu gənc nəsil, müstəqillik dövründə yetişən uşaqlarımızdı. Bu gün rayonun bütün kənd və qəsəbələrində gənclərin futbol oynaması üçün stadionlar tikilir. Bütün bunlar gələcəkdə yeni gənc futbolçuların yetişməsinə və kluba yeni istedadların cəlb olunmasına xidmət edir”.
“Şəmkir”in baş məşqçisi Firdovsi Əhmədov çıxışında rayon icra başçısına göstərdiyi diqqətə görə bütün futbolçular və “Şəmkir”sevərlər adından təşəkkürünü bildirib: “Sizin komandamız üçün etdikləriniz göz qabağındadı. “Şəmkir”i heç vaxt diqqətdən kənarda saxlamırsız. Bu gün hər birimizin bir məqsədi var: sizin rəhbərliyiniz altında “Şəmkir”i böyük futbol arenalarında görmək”.
Yeni liqanın ən köklü klublarından biri də “Şahdağ”dı. Qusar təmsilçisi də “ağ-qırmızılar” kimi tarixi ərzində həm elitada, həm də birinci divizionda çıxış edib. Ancaq bəlli səbəblərdən qusarlılar da 2017/18 mövsümündə Region Liqasında mübarizə aparmaq məcburiyyətindədi. Ancaq əldə etdiyimiz məlumata görə, “Şahdağ”a sponsorluq edən AZENCO şirkəti qısa vaxtda komandanı yenidən birinci dəstədə görmək istəyir və bunun üçün əməli tədbirlər görməyə hazırlaşır. Şirkət rəhbərliyi ilk növbədə Şövkət Orduxanov adına Qusar şəhər stadionunu təmir etmək niyyətindədi. Təmirin nə vaxt başlayacağını və hansı işlərin görüləcəyini aydınlaşdırmaq üçün “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayevlə əlaqə saxladıq: “Komandanın ev oyunlarını keçirdiyi arenanın hansı durumda olduğunu siz də bilirsiz. Hazırkı şərait peşəkar klubun adına yaraşmır. Bunu nəzərə alan klubun sponsoru AZENCO şirkəti yaxın vaxtlarda stadionda təmir işləri aparmağı planlaşdırır. Məndə olan məlumata görə, paltardəyişmə otaqları, sanitar qovşaqları yenilənəcək. Ən əsas iş isə meydanla bağlıdı. Şirkət rəhbərliyi ilə görüşdə arenaya yeni süni örtüyün döşənməsi müzakirə olundu. Və belə qərara alındı ki, soyuq iqlimə malik Qusar stadionuna müasir standartlara cavab verən süni örtük salınsın. İşlərə nə vaxt start veriləcəyi ilə bağlı məndə dəqiq məlumat yoxdu. Böyük ehtimalla, havalar mülayimləşəndən sonra təmir işlərinə başlanılacaq”.
RƏŞAD