Klublar Komitəsinin (KK) dekabrda keçirilən iclasında bəzi məsələlər müzakirə olunmuş, “Neftçi”nin prezidenti Orxan Hüseynzadə sədr seçilmişdi. Yeni sədr iclasdan sonrakı açıqlamasında üzvlərin yeni ildə Antalyada bir araya gələcəyini söyləsə də, iclas keçirilməmişdi. Sonradan məlum oldu ki, buna yığmanın fevralın 2-də Kosovoyla keçirilməli olan oyununun təxirə salınması səbəb olub.
Orxan Hüseynzadənin “Neftçi”dən istefa verməsi ortaya bir çox suallar çıxarıb. Yeni sədrin kim olacağı bilinmir. 2018-dəki ilk iclasın vaxtı da onun kimi. KK-nın mətbuatla əlaqələndiricisi Zaur Hacı-Məhərrəmovla təxminən bir həftə əvvəlki söhbətimizdə AFFA rəsmisi builki iclasın fevralın sonlarında, uzağı martın ilk günlərində keçiriləcəyini bildirmişdi. Yubanmanı isə “Sumqayıt”ın prezidentsiz qalması ilə əlaqələndirmişdi. Yəni bu kluba rəhbər seçilən kimi iclasın günü də müəyyənlaşməlidi. Əldə etdiyimiz məlumata görə, Vaqif Ömərov mövsümün sonuna qədər “Sumqayıt”da prezident səlahiyyətlərini daşıyacaq. Hazırda həmin posta başqa şəxsin namizədliyi müzakirə mövzusu deyil. Belədisə, deməli, komitə üzvlərinin nə vaxt yığışacağı ilə bağlı suala da aydınlıq gəlməlidi.
Dünən Zaur Hacı-Məhərrəmovla yenidən əlaqə saxlayıb, son duruma aydınlıq gətirməyə çalışdıq: “Vaqif Ömərovla bağlı xəbəri mən də eşitmişəm. Buna baxmayayaq, komitənin iclasının vaxtı ilə bağlı konkretlik yoxdu. AFFA-nın baş katibi Elxan Məmmədovla bu mövzuda danışdıq. Belə qərara gəldik ki, iclas martın ilk 10 gününə planlaşdırılsın. Yəni gələn həftəyə. Ancaq tarixlə bağlı dəqiq söz deyə bilməyəcəm. Üzvlərlə danışmalı, uyğun vaxt seçməliyik. Bildiyiniz kimi, bu iclasda yeni sədr seçilməlidi. Bunun üçün də komitə üzvlərinin hər biri toplantıda iştirak etməlidi. Yaxın günlərdə bununla bağlı məlumat veriləcək”.
HƏBİB