Sizin reklam burada

“Mil-Muğan”a texniki məğlubiyyət verildi

Title
“Mil-Muğan”a texniki məğlubiyyət verildi
Region Liqasında hakimi döydülər
Dünən AFFA-nın İntizam Komitəsinin (İK)növbəti iclası keçirilib. Komitə üzvləri Topaz premyer-liqasında və əvəzedicilərin çempionatında 17-ci, birinci divizionda isə 15-ci turda başverənləri müzakirə edib və hüquqi qiymət veriblər.
Premyer-liqada “Neftçi” – “Zirə” matçının 76-cı dəqiqəsində qonaqların futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, buna görə o, 1 oyunluq cəza ilə yanaşı, klubunu 200 manat ziyana salıb. Maraqlıdı ki, əvəzedicilərin yarışında da “Zirə” “fərqlənib”. Bu dəfə Milad Bayramovun ikinci xəbərdarlıqdan sonra komandanı azlıqda qoyması 1 oyun və 100 manat bahasına başa gəlib.
Diviziona gəlincə, əsas pozuntular elə “birincilər”in çempionatında yaşanıb. Sən demə, “Zaqatala” – “Mil-Muğan” matçında İmişli təmsilçisi adı protokola yazılmayan futbolçunun xidmətindən yararlanıb. Bunu üzə çıxaran komitə onsuz da 0:2 uduzan “Mil-Muğan”a texniki məğlubiyyət (0:3) verib, həmçinin klub 800 manat cərimələnib.
“Binə” “Xəzər”lə görüşün 87-ci dəqiqəsindən etibarən azlıqda qalıb ki, qapıçı Ramil Kərimovun ikinci “sarı”sı ona 1 oyun, kluba 20 manat cərimə bahasına başa gəlib. “Qaradağ Lökbatan” üzərində qələbə isə “Şüvəlan”ı 100 manat geri salıb. Komandanın 5 futbolçusu “sarı” (80 manat), 1 üzvü - Mirkamil Həşimli isə “qırmızı” (1 oyun cəza, 20 manat cərimə) alıb.
Yeri gəlmişkən, İntizam Komitəsinin dünənki iclasında müxtəlif liqalarda baş verən hadisələrlə bağlı da ölçü götürülüb ki, Region Liqası və futzal çempionatı ilə bağlı iki qərarı ayrıca təqdim etməyi lazım bilirik. “Şağan” – “Ümid Masallı” qarşılaşmasında qalmaqal yaşanıb. Meydan sahiblərinin iki futbolçusu ağır cəzaya məruz qalıb. 36-cı dəqiqədə təhqiramiz ifadələr işlədən Talıb Cabbarov 3 oyun kənarlaşdırılıb. Həmin epizodda aqressiv davranış, hakimə qarşı fiziki təzyiq göstərən Namiq Salayevin cəzası daha ağır olub. Hakimi döyən futbolçu 10 matçlıq diskvalifikasiyaya məruz qalıb.
İntizam Komitəsi “Şağan”a daxili nizam-intizam qaydalarına riayət etmələrinə dair xəbərdarlıq edib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.
Futzal üzrə yüksək liqanın “Marafon” – “Ekol” matçının 2-ci dəqiqəsində bir-birinə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə meydandan qovulan təcrübəli futzalçılar ikioyunluq cəzalanıb. Söhbət “Marafon”lu Seymur Məmmədovla “Ekol”un futbolçusu Namiq Məmmədkərimovdan gedir.
Beləliklə, çərşənbə günü keçirilən iclasda klublara 1220 manat cərimə kəsilib. Bu isə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğin 78660 manata çatması deməkdi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.