“Kopenhagen”in baş məşqçisi Stole Solbakken “Qarabağ”ı yada salıb. Qeyd edək ki, ÇL-in pley-off mərhələsində bu komanda üzərində Bakıda minimalhesablı qələbə qazanan (1:0) “köhlən atlar” səfərdə 1:2 hesabıyla yenilməsinə baxmayaraq, qrupa vəsiqə qazanan tərəf olmuşdu. Norveçli mütəxəssis Danimarka mətbuatına açıqlamasında Çempionlar Liqasında formatın dəyişdirilməsini dəyərləndirib. Solbakken söhbət zamanı cari mövsüm ÇL-in pley-off mərhələsində “Qarabağ”a yenilgiyə də toxunub: “Bu mövsüm ÇL-in qrupundan çox pis şəkildə kənarda qaldıq. Gələn ildən isə vəziyyət daha da qəlizləşəcək. Çünki cari mövsüm qrupa düşməyə çox yaxın idik. Lakin pley-offda evdə “Qarabağ”dan buraxdığımız qol bizi bundan məhrum etdi. Format dəyişikliyindən sonra isə böyük futbol ölkələri ilə ikinci dərəcəlilər arasında fərq bir qədər də artacaq. Fikrimcə, kiçik ölkələr üçün də güclü rəqabət təmin etmək lazımdı. Biz bu vəziyyətdən məmnun deyilik. Aşağı reytinqli ölkələrin komandalarına daha uzun yol açmaq təhlükəlidi”.