Sizin reklam burada

Fərid Mansurov Braxnerin çıxışını dəyərləndirdi

Title
Fərid Mansurov Braxnerin çıxışını dəyərləndirdi
“Bu sahəyə ilk növbədə axın lazımdı”
Şənbə günü Dərnəgül Voleybol Mərkəzində Voleybol Federasiyasının (AVF) hesabat konfransı keçirildi. Böyük təmtəraqla təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov da iştirak edirdi. Konfrans başa çatandan sonra olimpiya çempionu ilə ayaqüstü söhbət etdik.
- Hacı Əliyev bundan sonra yuxarı çəkidə - 65 kq-da güləşəcək. Dünya çempionu bu çəkidə uğur qazana bilər?
- Çəki dəyişmək qorxulu məsələ deyil. Əsas buna hazırlıqdı. İdmançı yaşa görə çəkisini dəyişə bilər. Orqanizm inkişafdadısa, çəki dəyişmək təbii prosesdi. Hacı 61 kq-da güləşəndə xeyli çəki salmaq məcburiyyətində qalırdı. Bu kateqoriyada davam etsəydi, səhhətində problemlər yarana bilərdi. Belə məqamda çəkisini dəyişib, öz çəkisinə uyğun fiziki hazırlıq üzərində işləmək məsləhətdi. Bir var idmançının əzələ sistemi inkişaf edir, bir də var artıq ət əmələ gəlir. Bunlar fərqli şeylərdi. İdmançıda sümüyün və ya əzəlinin inkişafı normal prosesdi. İdmançı ömürboyu çəkisini saxlayası deyil ki.
- Bizdə sərbəst güləşin ənənələri daha zəngin olub. Ancaq son illər yunan-Roma güləşində yerli idmançıların uğurları diqqəti çəkir. Sərbəst güləşdə isə hətta yüngül çəkilərdə də legionerlər var. Buna münasibətiniz necədi?
- Ölkəmizdə həm sərbəst, həm də yunan-Roma güləşinin özünəməxsus tarixi var. Sərbəst güləşdə həmişə yüngül çəkilərdə uğur qazanmışıqsa, yunan-Roma güləşində ağır çəkilərdə fərqlənən idmançılarımız olub. Enişli-yoxuşlu dövrlər olur. Bəlkə də indi sərbəst güləşin eniş, yunan-Roma güləşinin isə yüksəliş dövrüdü. Məncə, bu məsələyə də normal yanaşmaq lazımdı. Legioner də Azərbaycan bayrağını qaldırır. Ancaq bununla kifayətlənmək olmaz. Onun yanında, arxasında mütləq yerli idmançı olmalıdı. Əcnəbilərin potensialından istifadə edib, öz idmançılarımızı yetişdirmək lazımdı.
- Patrik Braxnerin Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında fiasko ilə üzləşməsi haqda nə deyə bilərsiz?
- Fevralın 22-də slalomda çıxış etdi. Bildiyiniz kimi, finişə çata bilmədi, yıxıldı. Amma onu da qeyd etmək lazımdı ki, 100-dən artıq idmançının qatıldığı yarışda yalnız 52-si finişə çata bilib. Qalanları qəzaya uğrayıb. Bizdə qış mövsümü mülayim və qısamüddətli olduğundan bu sahənin idman növləri inkişaf etməyib.
- Bizdə “Şahdağ” və “Tufandağ” kimi qış turizm komplekslərində müvafiq infrastruktur yaratmaq olmazmı?
- Bu komplekslər yeni açılıb. İnanırıq ki, gələcəkdə orda idmançılar hazırlayacaqlar. Amma bu gün bunu söyləmək hələ çox tezdi. Bu sahəyə ilk növbədə axın lazımdı. Bu komplekslərdə sıravi vətəndaşlar hələ yenicə xizəkdən istifadə edə bilir. Mən özüm də 2-3 ildi xizək sürürəm. Artıq get-gedə insanlar qar üzərində həvəskar səviyyədə xizək sürə bilir. İnanıram ki, bu, bir neçə ildən sonra peşəkar səviyyəyə keçəcək və idmançılar yetişəcək.
- Bəlkə islahatlara Qış İdman Növləri Federasiyasından başlamaq lazımdı. Çünki bu qurumun fəaliyyətini görmürük.
- Bir-iki idmançı ilə yarışlara qatıldığından səs-sədaları elə də yayılmır. Bu fəaliyyət də əsasən legionerlər üzərində qurulub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.