Sizin reklam burada

AFFA-nın sabiq prezidentinin ailəsində növbəti faciə

Title
AFFA-nın sabiq prezidentinin ailəsində növbəti faciə
Ötən həftə oğlu, bu həftə bacısı...
Ötən həftə Tovuz şəhərindəki yaşayış evlərinin birində yanğın baş verib. Hadisə şəhərin Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsində, ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə olub. Baxış zamanı mənzildə ev sahibi, 1945 təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950 təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının meyiti aşkarlanıb. Ər və arvadın qətlə yetirildiyi bildirilir.
Hüquq-mühafizə orqanlarının yaydığı xəbərdə meyiti aşkarlanan Pakizə Mirzəyevanın əl-ayağı və ağzının lentlə bağlı olduğu bildirilir. Bundan başqa, ərlə-arvadın cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyəsində yanıq xəsarətləri olub. Qeyd edək ki, Pakizə Mirzəyeva AFFA-nın sabiq prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdı və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi. Onu da xatırladaq ki, fevralın 15-də Ramiz Mirzəyevin oğlu Anar dünyasını dəyişib. Onun idarə etdiyi avtomobil Sabirabad rayonunun Həşimxanlı kəndində su kanalına aşıb.
Mirzəyevlər ailəsində son 10 gündə iki faciənin yaşanması müəyyən şübhələrə yol açır. Artıq ictimaiyyət arasında bununla bağlı müəyyən söz-söhbətlər dolaşmağa başlayıb. Bunu nəzərə alan lent.az saytının əməkdaşı Səbuhi Məmmədli Tovuza yollanaraq, faciə yaşanan məkandan reportaj hazırlayıb. Həmin yazını müəyyən ixtisarla diqqətinizə çatdırırıq.
Şəhərin mərkəzində yerləşir onların evləri. Amma ətrafda heç bir nəzarət kamerası yoxdu. İkimərtəbəli evdi, pəncərələrinə barmaqlıq belə salmayıblar. Adının çəkilməsini istəməyən qohumlarından biri həmkarımızla söhbətdə bunları deyib: “Sakit adamlar idilər. Heç kimlə də düşmənçilikləri yox idi, ola da bilməzdi. Pakizə xanım uşaq həkimi işləyirdi xəstəxanada. Fərmanın isə qaz yanacaqdoldurma məntəqəsi vardı. Oranı işlədirdi. Ahıl yaşlarında bu cür ölümü heç kimə arzulamıram”.
Bir azdan onları dəfn etmək üçün Qaraxanlı kənd qəbiristanlığına aparacaqlar. Əsilləri isə Dondar Quşçu kəndindəndi. Pakizə xanım AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin bacısıdı. Onun adını isə təsadüfən çəkmədik. Çünki son aylarda Mirzəyevlər artıq üçüncü faciələrini yaşayırlar. Belə ki, mərhumun oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olmuşdu. Qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində həyatını itirmişdi. 7-8 ayın içində üçüncü faciə təsadüfdümü?
İlkin araşdırmalarımız nəticəsində məlum oldu ki, hadisə məhz qarət zəminində baş verib. Mediada yayılan ilkin məlumatlara görə, evdə baş vermiş yanğından sonra 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın meyitləri evin ayrı-ayrı otaqlarından tapılıb. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur. Amma Tovuzda olduğumuz zaman bu xəbər qəti təkzib edildi... Bizə çatan məlumata görə, evdən seyf aparılıb. Daha doğrusu, seyfin içindəki pullar. Amma bununla da kifayətlənməyiblər. Evi yandırmaq fikrinə düşüblər. Amma od vurub yandırmaqla qonşuların duyuq düşəcəklərini də hesablayıblar. Çünki bu küçədə evlər sanki bir-birinə bitişikdi. Onda ağıllarına o gəlib ki, evi və içəridəki meyitləri, necə deyərlər, tədricən yandırsınlar. Bəs necə? Heç, sadəcə, bayramlarda uşaqların göyə atıb sevinclə müşahidə etdikləri və el arasında lopa deyiləndən hazırlayıblar. Qazı açıb, lopanı yandırıb evin içinə atıb çıxıblar. Amma tərslikdən lopa tam alışmayıb. Tüstüləyib, qaz isə axmağa davam edib. Sadəcə, yuxarıda qeyd etdiyimiz kimi, qonşuların bəxti gətirib ki, evə girən kimi işığı yandırmayıblar. Doğrudan da nəinki bu ev, qonşu evlər də göyə uçarmış dəhşətli partlayışdan. Deyilənə görə, hadisə yerinə gələnlərdən biri də rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov olub. Həm rəhbərlik etdiyi rayonda dəhşətli cinayətin baş verdiyinə görə, həm də başqa məqama. Sən demə, Pakizə xanım icra başçısının ilk həyat yoldaşı olubmuş. Araşdırmalarımız nəticəsində məlum oldu ki, faciə ilə bağlı bir neçə versiya var. Birincisi, Pakizə xanım neçə illərin tanınmış uşaq həkimidi. Adətən, rayon yerlərində işdən sonra belə həkimlər evlərində xəstə qəbul edirlər. Ehtimal var ki, kimsə xəstə uşaq gətirmək bəhanəsiylə qapını açdırıb, evə soxula bilərmiş. Yeri gəlmişkən, Pakizə xanımın meyitinin başqa otaqda tapılması məqamına da fikir verin...
Bəs onda məqsəd qarətdisə, öldürmək niyə? Yaşı 70-i haqlamış iki qocanın ağzını da lentlədikdən sonra müqavimət göstərəcəkdilər? İkinci versiya isə odu ki, həm Pakizə xanım, həm də Fərman müəllim basqınçıları tanıyıblar. Sonucda onlar belə qəddarlığa əl ataraq, hətta evi də yandırmaq istəyiblər ki, iz qalmasın. Amma buna nail ola bilməyiblər. Üçüncüsü, ailə imkanlı olub. Ailə başçısının yanacaqdoldurma məntəqəsi varmış. Və bir versiya da odu ki, evdəki seyfdə çoxlu pul olduğundan kiminsə xəbəri olub. Çünki seyfdən başqa evdən heç nə aparılmayıb.
Mərhum Ramiz Mirzəyev vaxtilə Azərbaycanın ən imkanlı adamlarından olub. Uzun illər neft müəssisələrinə, hətta AFFA-ya belə rəhbərlik edib. Rayonda onu xeyirxah insan kimi tanıyırlar. Ailəni yaxşı tanıyan şəxslərdən biri Səbuhi bəylə söhbətdə Mirzəyevin oğlunun ölümü ilə bibisinin qətli arasında heç bir bağlılığın olmadığını bildirib: “Elə bir tovuzlu yoxdu ki, yanına getsin, onu əliboş geri qaytarsın. Nəinki tovuzlu, hamıya bacardığı köməyi edərdi rəhmətlik. Onun bir oğlu və bir qızı vardı. Oğlu Anar keçən həftə faciəli şəkildə öldü. Yox, Anarın faciəsi də təsadüfdü. Anar çox tərbiyəli və qanacaqlı cavan idi. Amma bəzi özəllikləri vardı. Məsələn, tez-tez ova getməyi xoşlayırdı. Yaxşı maşın sürməyi vardı. Şahidlər deyir ki, Tovuzdan Bakıya qədər 430 kilometrlik yolu 3 saata gedirmiş. Səhəri gün dayısı Aslan müəllimlə görüşməliymiş (söhbət Şəmkir rayonunun sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovdan gedir. Onun bacısı mərhum Ramz Mirzəyevin həyat yoldaşıdı). Həmin gün də ovdaymış. Ovdan sonra dayısıyla görüşmək üçün elə Bakıya getmək istəyirmiş. Həmin faciə isə ov zamanı olub. Anar maşını aşırdıb və həlak olub. Bu iki hadisə arasında heç bir bağ yoxdu”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.