Ramin Hüseynov bölgələrdə durumun acınacaqlı olduğunu dedi
Ötən saylarımızda uşaq futbolunda yaşanan problemlərə toxunaraq, “uşaq futbolunda məşqçi problemi”, “gənc futbolçuların qidalanması və vitaminləşməsi”, “uşaq futbolu və təhsil” mövzuları ilə bağlı mütəxəssislərin fikirlərini öyrənmişdik. Bu dəfə isə “uşaq futbolu və infrastruktur” məsələsini qabardıb, sözügedən mövzu ilə bağlı bu sahənin eksperti ilə fikir mübadiləsi aparmağı lazım bildik. Heç kimə sirr deyil ki, müstəqilliyin ilk illərində SSRİ-dən qalma futbol infrastrukturu baxımsızlıq səbəbindən dağılmışdı, futbol təsərrüfatı tənəzzül dövrünü yaşayırdı. Uzun müddət bu problem səbəbindən aşağı yaş qruplarında məşq edən uşaqlar qumlu və asfalt meydanlarda məşq etmək məcburiyyətində qalmışdılar. Ancaq 2000-ci illərin əvvəlində futbolumuzda yaşanan inqilabi dəyişikliklər, ölkə rəhbərliyinin diqqət və qayğısı, “Futbolun İnkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahənin də inkişafına təsir göstərdi. Son 10 ildə respublikada yetərincə idman qurğusu tikilib, futbol meydanları istifadəyə verilib. Ancaq bütün görülən işlərə baxmayaraq, bu gün də qeyd etdiyimiz sahədə müəyyən çatışmazlıqlar yaşanmaqdadı. Paytaxtda, bəzi şəhər və rayonlarda uşaqların futbolla məşğul olması üçün normal şərait yaradılsa da, bu sahədə çatışmazlıqlar hələ də mövcuddu. Bu dəfə həmsöhbət olduğumuz uşaq məşqçisi Ramin Hüseynov xüsusilə idman məktəblərinin bu yöndə problemlə üzləşdiyini söylədi: “Bu gün premyer-liqada cəmi 8 klub çıxış edir. AFFA-nın tələbinə uyğun bu klubların aşağı yaş qrupları qurumun bayrağı altında keçirilən yarışlara qatılır. Elita təmsilçiləri məcburdu ki, klubun nəzdində fəaliyyət göstərən müxtəlif yaş qruplarını meydanla təmin etsin, onların normal hazırlıq keçməsi üçün şərait yaratsın. Onu da unutmayaq ki, 8 klubdan yalnız üçü bölgə təmsilçisidi. Qəbələdəki şərait hamıya məlumdu. Bu klubun akademiyası nəinki Qafqazda, keçmiş SSRİ-də ən yaxşılardandı. Ancaq bir güllə bahar olmur. Gəncə və Sumqayıtdakı arenalarda cəmi bir meydan var və əsas komanda ilə yanaşı, aşağı yaş qrupları da orda məşq etmək məcburiyyətindədi. Premyer-liqa təmsilçiləri ilə bağlı vəziyyət bəllidi. Ən acınacaqlı durum idman məktəblərindədi. Onların bir çoxuna baş çəkib şəraitlə yerində tanış olsaz, inanmazsız ki, Avropa çempionatının final mərhələsinə qatılmaq istəyən ölkənin vətəndaşısız. Respublikanın bütün bölgələrində fəaliyyət göstərən idman məktəblərində futbol bölmələri olsa da, məşq etmək üçün şərait yoxdu. Yaxşı olardı ki, ölkənin futbol təsərrüfatına rəhbərlik edən şəxslər bu məsələyə də diqqət yetirsinlər. AFFA rəhbərliyi, qurumun tərkibində uşaq futbolunun inkişafına cavabdeh olan şöbə yeni istedadların üzə çıxarılmasını istəyirsə, ilk növbədə bu məsələyə diqqət yetirməlidi. Peşəkar klublar məcburiyyət qarşısında uşaq futboluna diqqət ayırır. Pis-yaxşı onları inventar və meydanla təmin edir. Ancaq təəssüf ki, dövlət büdcəsindən maliyyələşən idman məktəblərində vəziyyət acınacaqlıdı. Gənc futbolçuların inkişafında, üzə çıxmasında infrastruktur amili çox önəmlidi”.
Hüseynov bizimlə söhbətdə Avropada uşaq futboluna ayrılan diqqəti və şəraiti qabartdı: “Ölkəmiz müstəqillik qazandıqdan sonra xaricə üz tutan futbolçulardan biri də mən olmuşam. 13 yaşımda AFFA-nın seçimi ilə “Trabzonspor”a yollanmışıq. Qaradəniz təmsilçisinin bazasında gördüyüm şərait, uşaq futboluna ayrılan diqqət və qayğı məni şoka salmışdı. Həmin vaxt bizdə necə idi? Bir meydan var idi və bütün yaş qrupları səhərdən axşama kimi orda məşq edirdi. Bəzən elə olurdu ki - əksər klublarda indi də elədi - bir meydanda 3-4 yaş qrupu məşq edirdi. 1993-cü ildə “Trabzonspor”un bazasında 12-14 təbii örtüklü meydan var idi və aşağı yaş qrupları orda məşq edirdi. Belə şəraitdə istər-istəməz futbolçu yetişəcək. Avropa futboluna inteqrasiya etmək istəyiriksə, ilk növbədə bu amillər nəzərə alınmalıdı. Bu gün hamı futbolumuzun geridə qalmasından danışır. Ancaq heç kim problemləri dilə gətirmir və ya bundan çəkinir. İnkişafa nail olmaq, “köhnə qitə” ilə ayaqlaşmaq istəyiriksə, infrastruktura ciddi yanaşılmalıdı”.
Hazırda AFFA-nın maliyyə dəstəyi ilə araya-ərsəyə gələn arenaların bir çoxu paytaxtdadı. Həmsöhbətimiz bölgələrdə də bu cür stadionların salınmasının vacib olduğunu vurğuladı: “Nə qədər Bakıda stadion tikmək olar? Paytaxda az qala hər məhəllənin bir müasir arenası var. Azərbaycan yalnız Bakıdan ibarət deyilki. Rayonlarımızda yetərincə istedadlı uşaqlar var. Ancaq onların normal məşq etməsi üçün şərait yoxdu. AFFA-nın bayrağı altında keçirilən uşaq liqalarının çempionatı çərçivəsində bölgələrə səfərə yollanırıq. Ordakı şəraiti görəndə adam deməyə söz tapmır. Meydanların durumu bərbad, paltardəyişmə otaqları pis gündə. Hələ mən başqa çatışmazlıqları demirəm. Belə ağır şəraitdə hansı səviyyədən, hansı inkişafdan danışmaq mümkündü? Ölkədə futbolun inkişafını düşünürüksə, infrastruktura xüsusi diqqət ayırmalıyıq. Çox vaxt bizə, uşaq məşqçilərinə başqa ölkələri nümunə göstərir, onların daha keyfiyyətli işlədiklərini deyirlər. Avropada uşaq futbolunda çalışan mütəxəssislərin aldığı məvacibi bir kənara qoyaq. Onlara yaradılan şəraitlə bizimkini müqayisə etmək yersizdi. Azərbaycan futbolu tək 8 premyer-liqa təmsilçisindən ibarət deyil. Hazırda birinci divizionda çıxış edən əksər klubların belə məşq etməyə normal şəraiti yoxdu. Peşəkar status daşıyan klublar belə acınacaqlı durumla baş-başadısa, uşaq futbolunda görün nə qədər çatışmazlıq var. Məndə olan məlumata görə, yaxın vaxtlarda futbolun inkişafı ilə bağlı növbəti Dövlət Proqramı qəbul olunmalıdı. Ümid edirəm ki, budəfəki proqramda idman məktəblərinə də xüsusi diqqət ayrılacaq və bizə də şərait yaradılacaq. Əks halda, nə qədər çalışsaq da, yeni istedadların üzə çıxarılması yönündə irəli gedə bilməyəcəyik”.
RƏŞAD
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir