Sizin reklam burada

Hakimlərin mühakiməsi

Title
Hakimlərin mühakiməsi
Rəhim Həsənov fitlərlə tempi “öldürdü”
Topaz premyer-liqasının 17-ci turunda hakimlərin işi az olmadı. Dörd oyunda 18 sarı vərəqə göstərildi, 1 futbolçu meydandan qovuldu, 1 penalti təyin olundu. Həmçinin Xaqani Məmmədovun yetirmələri səhvləriylə yadda qaldılar. Reportyorlarımızın hakimliklə bağlı qeydlərini nəzərinizə çatdırırıq.
ƏLİYAR AĞAYEV, Səbail – Qəbələ
Sirr deyil ki, “Qəbələ”lilər Əliyarın təyinatına isti yanaşmır, FİFA referisi onlar üçün “ətiacıdı”. Bu soyuqluğun təməli ötən mövsümdən qoyulub. Hərçənd cari mövsüm “Qəbələ”nin iki oyununa (Sumqayıt - 1:0, Neftçi – 3:2) təyinat alan Ağayev “qırmızı-qaralar”ın minimalhesablı qələbələrinə şahidlik etmişdi. Ancaq bu dəfə ayağı düşmədi. “Səbail”in sürpriz qələbəsində hakimin rolundan danışmaq bakılılara da, Əliyara qarşı da haqsızlıq olar. Bununla belə, referinin mübahisəli qərarları var idi. 10-cu dəqiqədə Stiven Jozef-Monrozun zərbəsindən sonra top cərimə meydançasında Tamazi Tsetsxladzenin qoluna dəydi, ancaq hakim davam işarəsi verdi. Düzdü, gürcü müdafiəçi əlini gizlətməyə çalışırdı, həmçinin məsafə yaxın idi. İstənilən halda, “Səbail”in oyunçusu qapıya gedən topun qarşısını kəsdi. Bundan başqa, ikinci hissənin əvvəlində “qırmızı-qaralar” meydan sahiblərinin qapısına yol tapdı. Ancaq Əliyar Ağayev bir an əvvəl Dabonun Apakidzeyə qarşı qaydanı pozduğunu işarə edib fitini səsləndirdi və qolu qeydə almadı. Bu epizod da qəbələlilərin etirazına səbəb oldu. Əslində referinin oyuna 5 dəqiqə artırması da mübahisəlidi. Çünki ikinci hissədə görüşdə ləngimələr o qədər deyildi. Üç, hətta 4 dəqiqə əlavə olunması normal qəbul olunardı, ancaq 5 dəqiqə...
RAMİL DİNİYEV, Neftçi – Zirə
Turun mərkəzi oyunu qalmaqalsız bitdi. Təcrübəli hakim "Bakcell Arena"da diqqət mərkəzinə düşmədi. Əksər qərarları doğru idi. Düzdü, meydan sahiblərinə rəğbəti az da olsa, hiss olunurdu. Verilən vərəqələrə görə isə Diniyevə irad bildirmək düzgün olmaz. Referi 79-cu dəqiqədə "Neftçi"nin penalti istəyinə də uymamaqla doğru qərar qəbul etdi. Çünki top Yovan Krnetanın əlinə dəyməmişdi. Ramil Diniyevin bir qədər artıq çəkisinin olduğu da görünürdü.
RƏHİM HƏSƏNOV, Keşlə - Sumqayıt
FİFA referisinin idarəçiliyi o qədər də ürəkaçan olmadı. Düzdü, matçın ilk dəqiqəsində penalti nöqtəsini göstərdiyinə görə ona irad bildirmək olmaz. Ebrima Sohna cərimə meydançasında Kamal Mirzəyevə qarşı kobud oynamışdı. Lakin ümumi idarəçilik haqda müsbət fikir söyləmək çətindi. Hər sərt oyuna görə fitini səsləndirməsi matçın tempinə təsir edir, tez-tez komandaların narazılığına səbəb olurdu. Bundan başqa, sarı vərəqə ilə cəzalanan "Keşlə"dən Fuad Bayramov, "Sumqayıt"dan isə Cavid İmamverdiyev ikinci dəfə rəsmi xəbərdarlığa layiq olsa da, FİFA referisi onları bağışladı. Həsənov ümumilikdə 4 dəfə "sarı"ya görə əlini cibinə atdı ki, bunlardan ikisini meydan sahiblərinə, ikisini isə qonaqlara göstərdi.
ORXAN MƏMMƏDOV, Qarabağ – Kəpəz
Orxanın idarəçiliyi birmənalı qarşılanmadı. Bu da əsasən vurulan qol epizodu ilə bağlı idi. Dani Kintananın ofsaydda olduğu, Riçard Almeydanın əllə oynadığı iddia olunurdu. Üstəlik, qol protokolda braziliyalının adına yazılmışdı. Yaxşı ki, sonradan bu səhv aradan qaldırıldı. İnsafən, ofsayd və əllə oyun iddiaları da doğru deyil. Ancaq Dario Federikoya simulyasiyaya görə göstərilən vərəqə absurddu. Düzdü, penalti bəsit görünərdi. Ancaq braziliyalıya qarşı ikili sıxışdırma və təmas olduğu gün kimi aydındı. İkinci hissənin gedişində isə yan xətt hakimi səhvə yol verdi. Top “Kəpəz”li oyunçudan meydanı tərk etsə də, Mübariz Haşımov davam işarəsi verdi. Epizodun davamında isə gəncəlilər künc zərbəsi qazandı, hansı ki, az qala qolla nəticələnəcəkdi.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.