Hesabat turunun ən gözlənilməz nəticəsi “Bayıl Arena”da qeydə alındı. Elitanın debütantı “Səbail” bütün proqnozları alt-üst edərək “qızıl”a əsas namizdələrdən biri olan “Qəbələ”ni məğlub etdi. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt”ın səfərdə qış fasiləsində xeyli güclənən “Keşlə”ni yenməsi də xüsusi qeyd olunmalıdı.
Ümumiyyətlə, premyer-liqanın 17-ci turunda qapılara 9 qol vuruldu ki, onlardan 5-i meydan sahiblərinin, 4-ü isə qonaqların payına düşdü. Turun ən məhsuldar oyunları “Səbail” – “Qəbələ” və “Keşlə” – “Sumqayıt” qarşılaşmaları oldu ki, hər iki görüşdə azarkeşlər 3 qol gördü.
Turun açılış oyununda Samir Əliyevin rəhbərlik etdiyi “Səbail” çoxlarını təəccübləndirərək, Roman Qriqorçukun “Qəbələ”sini məğlub etdi. Açığı, heç kim “şirlər”in həm ad-san, həm də büdcə cəhətdən dəfələrlə geri qaldığı şimallıları evə əliboş yola salacağını gözləmirdi. Ancaq debütant bir daha göstərdi ki, qış fasiləsindən maksimum yararlanıb. Təsadüfi deyil ki, ötən tur “Səbail”i minimal hesabla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov debütantın bu cür oyunla bir çoxlarına başağrı olacağını söyləmişdi. Göründüyü kimi, millinin də “sükanı arxasında” əyləşən çalışdırıcının ehtimalları özünü doğruldur. Onu da qeyd edək ki, “qırmızı-qaralar”ın uduzmasına baxmayaraq, əsas qol silahı Baqali Dabo bombardlik keyfiyyətini bu turda da göstərməklə diqqət mərkəzinə düşməyi bacardı. Qaradərili forvard mövsümdə 11-ci qolunu vurdu.
Turun maraqla gözlənilən qarşılaşmalarından biri də “Bakcell Arena”da baş tutdu. Yeni rəhbərliyinə qovuşan “ağ-qaralar” “Zirə”ni qəbul edirdi. Oyundan öncə bütün statistik göstəricilər “qartallar”ın xeyrinə olduğundan, komandanın hazırkı durumunda ən nikbin azarkeşi belə ölkənin ən köklü klubunun qəsəbə təmsilçisiylə görüşdə 3 xal qazanacağına şübhə ilə yanaşırdı. Ehtimallar tam olmasa da, müəyyən qədər özünü doğrultdu. Hesabda önə çıxan “ağ-qaralar” sona qədər üstünlüyünü qoruya bilmədi və çox bəsit, hətta deyərdik ki, elita təmsilçisinə yaraşmayan vəziyyətdə qapısında qol gördü.
Hesabat turunun ikinci oyun gününün ilk oununda “Sumqayıt” “Keşlə”nin qonağı oldu. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “kimyaçıılar” qış fasiləsini boşa vermədiyini bu dəfə də ortaya qoydu. Texniki zonadan kənarda qalan Samir Abasovun yetirmələri səfərdə paytaxt təmsilçisini son dəqiqə qolu ilə məyus edərək, avrokuboklara iddiasını sona qədər davam etdirəcəklərini ortaya qoydular. Ölkənin ən köklü iki klubunun - “Qarabağ”la “Kəpəz”in qarşılaşmasının taleyini isə meydan sahiblərinin sona yaxın vurduğu qol həll etdi. Yunis Hüseynovun yetirmələri son illərin dəyişməz çempionu ilə görüşdə maksimum əzmkarlıq nümayiş etdirsə də, səviyyə fərqi özünü göstərdi və ağdamlılar, demək olar ki, ardıcıl 5-ci çempionluğun taleyini həll etdilər.
Topaz premyer-liqası
3-cü dövrə, 17-ci tur
24 fevral
Səbail – Qəbələ 2:1
Neftçi – Zirə 1:1
25 fevral
Keşlə - Sumqayıt 1:2
Qarabağ – Kəpəz 1:0
1. Qarabağ 17 14 2 1 27-6 44
2. Qəbələ 17 11 2 4 31-17 35
3. Zirə 17 9 5 3 26-15 32
4. Sumqayıt 17 8 3 6 22-18 27
5. Neftçi 17 6 2 9 19-19 20
6. Səbail 17 5 2 10 12-24 17
7. Keşlə 17 3 3 11 12-27 12
8. Kəpəz 17 2 1 14 10-32 7
Bombardirlər: Baqali Dabo (Qəbələ) – 11, Mahir Mədətov (Qarabağ) – 7.
Növbəti turun oyunları: 3 mart – Zirə - Keşlə, Qəbələ-Neftçi; 4 mart – Kəpəz – Səbail, Sumqayıt – Qarabağ.
RƏŞAD