“Buna görə ailə üzvlərimlə də az görüşürəm”
Martın 10-dan 28-dək Almaniyanın paytaxtı Berlində dünya şahmat tacına İddiaçıların Turniri keçiriləcək. Ölkəmizi bu yarışda təmsil edəcək Şəhriyar Məmmədyarova inam böyükdü. Hazırda dünya reytinqində 2-ci pillədə qərarlaşan qrossmeyster çox yaxşı formadadı. Hərçənd Berlində çox güclü rəqiblərlə qarşılaşacağı da dəqiqdi. Yarışın qalibi noyabrda Maqnus Karlsenlə tac uğrunda mübarizə aparmaq hüququ qazanacaq. Məsul turnirə hazırlaşan Məmmədyarov Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
- Şahmat tacına İddiaçıların Turnirinə necə hazırlaşırsan?
- Veyk-An-Zee superturnirində iştirak üzündən hazırlığa gec başladım. Bununla belə, məşqlər plan üzrə davam edir. İddiaçıların Turnirinə hazırlıqdan razıyam. Berlindən əvvəl Rusiyada bir yarışda iştirak edəcəm. Martın ilk günlərində Moskvada Mixail Talın xatirə turniri olacaq. İddiaçıların Turnirində iştirak edən əksər rəqiblər Moskvada da çıxış edəcəklər. Rusiya paytaxında rapid və blits üzrə mübarizə olacaq.
- İddiaçıların Turnirinə hazırlıq dövründə hansı şahmatçı və ya məşqçilərlə işləyirsən?
- Komandamın üzvlərini açıqlamaq istəməzdim. Məsul yarış ərəfəsində, adətən, bütün şahmatçılar komanda üzvlərini ictimaiyyətə açıqlamır. Əsas məqsəd İddiaçıların Turnirində layiqincə çıxış etməkdi.
- Bu, analoji yarışda üçüncü çıxışın olacaq. Demək olar ki, Məmmədyarov belə turnirlərdə kifayət qədər təcrübəyə malikdi...
- Təcrübə baxımdan problem olmamalıdı. İlk dəfə İddiaçıların Turnirində çıxış edəndə tam fərqli idim. Berlində tam başqa Şəhriyar olacaq. Məqsədim uğur qazanmaqdı. 2017-ci il mənim üçün unudulmaz qələbələrlə yadda qaldı. Bu il də hamını sevindirmək istəyirəm.
- Artıq püşk atılıb. İddiaçıların Turnirində ilk rəqibin Sergey Karyakin olacaq. Son turda isə Vladimir Kramniklə qarşılaşacaqsan. Püşkü necə dəyərləndirirsən?
- Əvvəldə, ya sonda bütün şahmatçılar bir-biriylə qarşılaşacaq. Bu üzdən bir o qədər fərq etmir. Sözsüz, Karyakinlə başlamağım maraqlı olacaq. Sergey İddiaçıların Turnirinin son qalibidi. O, dünyanın güclü şahmatçılarından biridi. Onunla dostluq münasibətlərim var. Üstəlik, bildiyiniz kimi, çempionluq matçında Maqnus Karlsenə qarşı hazırlıq dönəmində Karyakinin komandasında olmuşam. Sergeyə kömək etmişəm. Bir-birimizi yaxşı tanıyırıq. Sadəcə, Berlində hamı qələbə uğrunda yarışacaq. FİDE püşkü bilərəkdən 1 ay əvvəldən atır. Bütün şahmatçılar rəqiblərini tanıyır. Hər şahmatçı həmkarına açıq mübarizə aparacağını bildirir. Çünki Berlində hamı yarışın qalibi olmağa çalışacaq. Güzəştdən söhbət gedə bilməz. Sergeylə dostluğumuz var, amma hər ikimiz açıq mübarizə aparacağıq.
- Bəs İddiaçıların Turnirində hansı şahmatçıdan çəkinirsən?
- Çəkindiyim şahmatçı Berlində olmayacaq. Söhbət Maqnus Karlsendən gedir.
- Amma sən onunla ilin sonunda qarşılaşmaq üçün əla fürsət qazanmısan...
- İddiaçıların Turnirində məqsədim qalib olmaqdı. Bu yarışı udmaqla dünya çempionu Maqnus Karlsenlə tac uğrunda oynamaq istəyirəm.
- Yəqin ki, istirahətə vaxt olmur. Bütün diqqətin Berlindəki yarışa yönəlib...
- Düz qeyd etdiz. Hətta buna görə ailə üzvlərimlə də az görüşürəm. Dostlarla demək olar ki, ünsiyyətimiz yoxdu. Gün ərzində ancaq məşqlərlə bağlı danışırıq. Ona görə hamının məni başa düşəcəyinə inanıram. Fürsətdən istifadə edərək İddiaçıların Turniri ərəfəsində mənə dəstək olan hər kəsə, dostlarıma, eləcə də media nümayəndələrinə təşəkkür edirəm.