“Söz verdilər ki, problem ən qısa zamanda yoluna qoyulacaq”
“Neftçi”nin futbolçusu Emin Mahmudovun başı dərddədi. Sportinfo.az saytının yaydığı xəbərə görə, “Saturn”un yetirməsi klub rəhbərliyi tərəfindən aldadılıb və buna görə də FİFA-ya şikayət etmək haqda düşünür. Məsələ belədi.
Deməli, Emin “ağ-qaralar”la sentyabrda müqavilə bağladığı vaxt ona 40 min manat “podyomnı” verilib və qısa zamanda Azərbaycan pasportuna sahib olacağı deyilib. Maraqlıdı ki, həmin 40 min “Neftçi”nin yox, SOCAR-ın büdcəsindən çıxarılıb. Çünki Mahmudovun transferini istəyənlər neft şirkətində çalışanlar olub. Bu addımı da sırf millinin xoş gələcəyi naminə atıblar. Emin 40 min manatı alandan sonra əlinə bir daha pul dəyməyib. Üstündən yarım ilə yaxın vaxt ötsə də, yığma üzvü maaş üzünə həsrətdi. Buna səbəb isə vətəndaşlığın və VÖEN-in olmamasıdı. Bildiyiniz kimi, VÖEN-i olmayan şəxsin adına ödəmə olunmur, oluna bilməz. Geridə qalan vaxt ərzində komanda yoldaşları kartdan çıxardıqları pulu sağa-sola xarclədikləri halda, hər oyun əsas heyətdə meydana çıxan Eminə gözlərini döymək qalıb. Vəziyyətin bu həddə çatmasına səbəbkarı isə klubun sabiq prezidenti, yəni Orxan Hüseynzadə olub. Məhz onun işin üstünə vaxtında və can-başla düşməməsinin səbəbidi ki, “Neftçi”də oynayan futbolçu meydanda tökdüyü tərin maddi qarşılığını görmür. Belə deyək, havayı oynayır. Mahmudov dəfələrlə vəziyyətin çətinliyini diqqətə çatdırsa da, səsinə səs verən olmayıb. “Bu gün, sabah” deyib, yola veriblər.
Özünə qarşı xoş olmayan rəftarı görən futbolçu yaxın adamları vasitəsi ilə AFFA-dakılara xəbər göndərib ki, bəs maaşımı verməsələr, vətəndaşlıq problemimi həll etməsələr, FİFA-ya şikayət edəcəm, müqaviləni də birtərəfli qaydada pozacam.
Məsələnin kökündə nələrin durduğunu, yazılanların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını öyrənmək üçün səbəbkarın özüylə əlaqə saxladıq. Danışmağa meyilli olmayan Mahmudov qısaca bunları dedi: “Sizdən az öncə xəbəri yazan saytdan mənimlə əlaqə saxlamışdılar. Onlara hər şeyi olduğu kimi danışdım. Əvvəla onu qeyd edim ki, FİFA-ya şikayət etmək fikrim yoxdu. Bu haqda heç düşünməmişəm də. Hansısa klubla problemim varsa, onu öz aramızda həll etməyə çalışaram. Görsəm ki, qulaq asmırlar, yaxud çözə bilmirlər, son addım kimi nəsə fikirləşmək olar. Lakin “Neftçi”ylə belə problemim olmayıb. Özüm də yaxşı bilirəm ki, məsələnin yoluna qoyulmaması sırf texniki problemlərə görədi. Bu haqda mənə bilgi verilib. Üstəlik, 40 min manat söhbəti də həqiqəti əks etdirmir. Məbləğ açıqlamayacam, bu, klubla mənim aramda olan müqavilənin şərtləridi. Amma hansısa 40 mindən danışmaq olmaz. Yeni rəhbərlik sağ olsun, məsələdən duyuq düşən kimi dərhal maraqlandılar, sorğu-sual etdilər. Söz verdilər ki, problem ən qısa zamanda yoluna qoyulacaq. Ona görə də narahatlığım yoxdu. Hətta geridə qalan vaxt ərzində hansısa problem yaratmaq fikrim olmayıb, başımı aşağı salıb futbolumu oynamışam. Bundan sonra da elə olacaq. “Neftçi”də hər şey ürəyimcədi, əsas budu”.
HƏBİB