“Yavaş-yavaş özümə gəlirəm”
Premyer-liqanın 3-cü dövrəsi gərgin başlayıb. Oyunlarda yaşanan olaylar belə deməyə əsas verir. Əslində mövsümün ikinci yarısının bu cür keçməsinə alışmışıq. Artıq çempionatda ekvator xəttinin keçilməsi geriyə sayımın başlaması deməkdi. Bu isə çempionluq, avrokuboklara düşmək və elitada qalmaq uğrunda mübarizənin kəskinləşməsi ilə müşayiət olunur. Komandaların uğurlu nəticə istəyinin artması, heç şübhəsiz, oyunların gərgin keçməsinin, hakimlərin üzərində təzyiq yaranmasının əsas səbəbidi
Əslində fasilədəın sonrakı iki turda ədalət təmsilçilərinin yol verdiyi səhvlərin, mübahisəli epizodların şahidi olmuşuq. Ancaq bu dəfə toxunmaq istədiyimiz məsələ başqadı. Belə ki, təyinatlarla bağlı maraqlı bir məqam diqqətimizi çəkdi. Premyer-liqanın 3-cü dövrəsinin ilk iki turunda Ömər Paşayev iş başında olmayıb. Nə əsas, nə də 4-cü hakim kimi. Elə bu gün start götürəcək 17-ci turun oyunları üçün açıqlanan təyinatlarda da FİFA referisinin adı yoxdu. Təbii, Paşayevin Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovdan təyinat almaması diqqəti çəkməyə bilməz. Axı, Ömər mövsümün geridə qalan hissəsində ən çox oyun idarə edən hakimlərdən idi. Referi Antalyada baş tutan təlim-məşq toplanışında da iştirak edib. Yadınızdadısa, Məmmədov Antalya hazırlıqlarının yekunu ilə bağlı mətbuat konfransı keçirmişdi. O həmin sual-cavab zamanı Ömərin martda beynəlxalq təyinatlar alacağını söyləmişdi: “Paşayev FİFA və UEFA-nın nəzarətindədi. Ömər martda yeni təyinatlar alacaq”.
Təbii, yetirməsinə təyinat gözləyən sədrin onu oyunlardan kənarda tutması boşuna deyil. Əldə etdiyimiz bilgiyə görə, FİFA referisinin səhhətində problem var. Onun təyinat almamasının səbəbi də məhz bununla bağlıdı. Məlumatı dəqiqləşdirmək üçün Paşayevin özü ilə əlaqə saxladıq: “Daha əvvəl ayağımdan əməliyyat olunmuşdum. Ancaq bu toplanışdan öncə idi. Sadəcə, bir müddətdi xəstəyəm. Qızdırma, qrip – bunlardan çıxa bilmirəm. Buna görə də oyunlara təyinat almıram. Yavaş-yavaş özümə gəlirəm. İnşallah, gələn turdan oyunlarda olaram. Diqqətinizə görə sizə də təşəkkür edirəm”.
FARİZ